Mən çox məsuliyyətsiz adamam. Yəni ipimin üstünə odun yığmaq olmaz. O “Buz” hekayəsi var e, ordakı kimi, bir işin dalınca göndərsələr, mən gələnə kimi adamın ürəyi dayanar. Azərbaycanda məndən başqa daha 10-15 nəfərdən ibarət bir məsuliyyətsiz “kruq” da var. Arada yığışırlar, qərar verirlər. Bir müddət sonra yığışıb həmin qərarı ləğv edib, yeni qərar verirlər. Təzə üzvlər qəbul edirlər. Şəkil çəkdirəndə poza verirlər. Başqa işlərdə uğursuz olan bütün adamlar bu “kruq”a yığışıb. Bir ortaq cəhətləri də var: heç birinin futboldan başı çıxmır. Amma futbol haqda qərar çıxardırlar. Bu adamların toplaşdığı qurumun adı da var: AFFA İcraiyyə Komitəsi.
Keçən həftə araya bayram girdi (8 mart), bu haqda yaza bilmədim. Bayram demişkən, fürsətdən istifadə edib, gec də olsa, bütün xanımları təbrik edirəm. Xanım demişkən, bizdə bir ara qadınlardan ibarət milli komanda var idi. Hətta 17 yaşa qədər xanımlar arasında dünya çempionatına ev sahibliyi də etdik. O xanımların axırı noldu? Elə-belə soruşuram e, yəni çox ürəyinizə salmayın. Yoxdu, yoxdu da, pul silmək, pul yemək, nə bilim, canım sizə desin, pul yumaq üçün istifadə edirdiz, canınız sağ olsun.
Hə, o məsuliyyətsiz “kruq”a qayıdaq… O günlərdə yığışıb bi xeyli qərar veriblər. Məsələ budu ki, o gün verdikləri qərar, bir il öncə qəbul etdikləri qərarın tam əksidi. Digər qərarlarla işim yoxdu, başımı ağrıda bilmərəm. Amma “növbəti ildən Premyer-Liqada çıxış edən klubların sayı 12-yə çıxarılsın” təklifi bi xeyli maraqlı gəldi maa. Həmin dəqiqədə beynimdə sual yarandı: NİYƏ?
Səbəbini bilənlər bilir, bilməyənlərə mən deyim, onlar da gedib başqa bilməyənlərə danışsın. Çempionatın turnir cədvəlində sonuncu pilləni “Sumqayıt” tutur. Deyirlər ona da Elxan Məmmədov “krışalıq” edir. Baş katibin iylənmiş layihəsinin üfunətindən xilas olmaq üçün üstünə toz-torpaq tökürlər, komandaların sayını artırırlar.
Maraqlı budu ki, bununla bağlı İK üzvlərinə sual verən yoxdu. Mən çıxıb bu sualı verərəm, qorxuram ki, məni NİKlərinə belə almasınlar. Bu arada, yadıma düşmüşkən deyim. AFFA maliyyə hesabatını açıqlayıb. Çox şəffaf qurumdu. Belə şeylərə ciddi yanaşırlar. Ötən il AFFA-nın xərcləri 20 milyon manata yaxın olub. Məbləği görəndən sonra bir az huşum itdi, amma tez özümə gəldim. Bu məbləğin təxminən yarısı əsas və müxtəlif yaş qruplarından olan millilərin təlim-məşq toplanışlarına xərclənib. Həqiqətən də təlim-məşq toplanışları futbolçularımız üçün çox uğurlu alınıb. Məsələn: U-15 yığmamız Bişkekdə təşkil olunan “Dostluq turniri”ndə iştirak edib. Yığmamız əvvəl ev sahibi Qırğızıstana, sonra da Tacikistana (hesab 0:5 olub) məğlub olub. Göründüyü kimi, futbolumuzun gələcəyinin çox uğurlu olacağı hiss olunur. U-17 də bir xeyli turnirdə iştirak edib və hamısından da başıaşağı ayrılıb. Tərbiyəli uşaqlardı də, böyük-kiçik yeri bilirlər, adam içində başlarını yuxarı da qaldırmırlar. AFFA-nın bu qədər xərcinin müqabilində yenə də uğursuz nəticələr əldə etməyimizin yalnız bir səbəbi ola bilər. Deyəsən, bizə nəzər dəyib axı…




Fikirlərini bizimlə bölüş!