Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Neftçi”: Təhlükəli təkamül

İctimai inkişafın, hakimiyyət dəyişikliklərinin iki yolu var: inqilab və təkamül. İnqilab qan-qada, göz yaşı deməkdisə, təkamül bir formatın yerini başqasına "məxməri", yumşaq yolla verməsini nəzərdə tutur. Ötən il sentyabrın sonuncu günündə AFFA-nın kadrı Elnur Məmmədov vitse-prezident postunu tutanda hər kəs "Neftçi"nin məhz təkamül yoluna qədəm qoyduğunu düşündü. Amma təəssüf ki, təkamül prosesi artıq təhlükəli xarakter alıb…

"Neftçi" haqda yazmaq şəxsən mənə çox rahatdı; gördüklərimə-eşitdiklərimə duyğularımı da qarışdırıb intəhasız sonluğa qədər likbezlə məşğul olaram. Zira, onsuz da SSRİ vaxtı doğulan, futbolla az-çox maraqlanan istənilən şəxs "Neftçi"yə yox, respublikanın bir başqa komandasına azarkeşlik etdiyini deyəndə ən azı qımışıram, ən çoxu da adamın yalanını üzünə vururam. "Neftçi" bir yox, bir neçə nəslin tərbiyəçisi olub, hər kəs və hamı məhz ona düzlənib, qələbələri bizi göyün yeddinci qatına qaldırdığı kimi, məğlubiyyətləri də qırx arşın quyuya salıb. Bəlkə 1937-ci ildə yarandığına, bəlkə də adı "qara qızıl"la bağlı olduğuna görə, ya nədənsə bu klub məhz söz-söhbət, münaqişələr, hesablaşmalar mühitində böyüyüb. SSRİ vaxtı da belə idi, indi də belədi!

Yeni vitse-prezidentin ilk açıqlamalarından, eləcə də AFFA prezidenti Rövnəq Abdullayevin dediklərindən belə görünürdü ki, adamlar "Neftçi"də qlobal struktur-təşkilati dəyişikliklər aparmaq istəyir. Öz mövqeyi olan, kluba münasibətdə ədalətsizliklərə göz yummayan Tahir Süleymanov çıxdaş ediləndən sonra AFFA-nın divarları arasından gələn vitse-prezidentdən istər yeni sponsorların tapılması, istərsə də imicin yeniləşməsi və marketinq siyasətində yenidənqurma baxımından tam fərqli addımlar gözləyirdim. Amma dörd ay arxada qalsa da, dəyişiklik adına heç nə yoxdu. Yenə "Neftçi" AFFA-nın təcrübə dovşanı rolunu oynayır, qurum işsiz-gücsüz, pulsuz qalan istənilən yığma üzvünü baş məşqçinin taktiki sxeminə, oyun fəlsəfəsinə uyğun gəlib-gəlmədiyinə baxmadan çox asanlıqla bu kluba sırıyır, bununla da "xalq komandası" obrazının son cizgiləri də silinib gedir, "Qarabağ" imic savaşında "Neftçi"nin dizini yerə gətirir.

Ümumiyyətlə, "Neftçi"dəki durumu qiymətləndirmək, bəzi proseslərə izah tapmaq çətindi. Klub prezidenti Sadıq Sadıqov kimisə bəyənmirsə, məgər acığını oyunlara gəlməməklə çıxmalıdı? Və ya başqa sual: AFFA-da oturanlar öz bildiyini edirsə, "Neftçi" bir kilometr aralıdan idarə olunursa, onda Sadıq Sadıqovun prezident, Elnur Əşrəfoğlunun müşavir postunda oturmasına nə ehtiyac var?

Yeni vitse-prezidentin gəlişindən sonra media ilə əməkdaşlığın boz-bulanıq görünən perspektivi, məhz qəzetlərin və saytların saxta təkamül prosesində "artıq ət" kimi görünməsi, hətta bütövlükdə jurnalistlər haqda deyilən hərzə-hədyan haqda da müəyyən fikirlərim var. Amma hələlik bu məqamın üstündən səthi keçirəm. İlk növbədə ona görə ki, publikanın "bunlar öz davalarını edirlər…" düşünməsini istəmirəm. İkincisi, klub rəhbərliyində oturanların ortadakı konkret rəqəmlər əsasında qəzetlərə və saytlara olan borcunu ödəyəcəyinə ümid edirəm. Yəni son illərdə klubda hansısa maliyyə yeyintisi olubsa belə, bunun idman jurnalistikasına və konkret "Futbol+"ə nə dəxli?

…Sıraları seyrələn, amma həmişə özünəməxsus imici olan ağ-qara azarkeşlərə də heyfim gəlir. Bu yeniyetmələr və gənclər istənilən hava şəraitində və istənilən yerdə çiyin-çiyinə dayanaraq, "Neftçi"yə ürəkdən dəstək verirlər, səfər oyunlarında belə özlərini ev sahibi kimi aparırlar, sabahkı qələbələrin eşqi ilə "Qarabağ", "Xəzər Lənkəran", "Qəbələ" azarkeşinin istənilən danlağına, söyüş-təhqirinə (əlbəttə, özləri də az aşın duzu deyillər…) sinə gərirlər. Amma nə fayda?!

Fakt budu ki, komanda yaxşı oynamır. Müqavilə müddəti uzadılmayan legionerlər meydanda can qoymurlar, onlar heyətdə çoxluq təşkil etdiyindən, az-çox istedadlı yerli futbolçular da şans qazanmırlar. Bir sözlə, illər və formasiyalar dəyişsə də, "Neftçi" heç dəyişməyib. Yenə klubun əsas qidalandırıcısı neftdi, yenə klub AFFA-ya başqalarından bir addım yaxındı, yenə klubdaxili ab-havanı ilk növbədə nəticələr yox, pul müəyyənləşdirir. Eynilə ötən əsrin 80-90-cı illərində olduğu kimi…

Mahir RÜSTƏMLİ

Fikirlərini bizimlə bölüş!