Mən "Neftçi"dən qorxmağa başlamışam. Qocaman klubda peşəkarlıq bir yana qalsın, heç vəfa-sədaqət anlayışı da yoxdu. Bu gün klubda əzizləyib, sığal çəkdikləri adamı sabah təpikləyib, bazanın qapısından çölə atırlar. Hadisələrin mahiyyətindən xəbərsiz kimsə düşünə bilər ki, Böyükağa Hacıyevin Arif Əsədovla əvəzlənməsində nə var, xoşları gəlmir, çıxarırlar da. Məsələ ondadı ki, klubdan göndərilən (qovulan yazmadım, xətirlərinə dəyər) məşqçi, yaxud funksioner bir müddətdən sonra yerə yıxılıb-duran uşaqlar sayağı üst-başının tozunu çır-pıb, heç nə olmamış kimi geri qayıdır.
Diqqət yetirdizsə, mən "Neftçi"nin "Partizan"a yenil-gisini faciəyə çevirmədim, Böyükağa Hacıyevi məhşər ayağına çəkmək fikrinə düşmədim. Çünki gözlədiyim nəticə idi. "Ağ-qaralar"ın "Partizan" əngəlini keçə bilməyəcəyini yaxşı başa düşürdüm. Bir klub ki, üç rəqibinin heç birinin səfər oyununa "casus" göndərə bilməyib, həmin klub hansı haqla Avroliqanın qrup mərhələsinə ümid edirdi? Səfər oyunları bir kəna-ra, bu mövsüm "Neftçi"nin nümayəndələri UEFA-nın təşkil etdiyi heç bir püşkatma mərasimi-nə qatılmayıb. Keflərindən yox, guya qənaət etmək lazım gəldiyindən.
"Xalq komandası"nda məlum səbəblərdən maliyyə böhranının yaşandığını bilməyən yoxdu. İsmət Qayıbov adına stadionda təmir işlərinin yarımçıq qalmasına, reklam lövhələrinin ar-xasında yığılıb qalan qazıntı təpəciklərinə baxmaq kifayətdi ki, vəziyyətin nə yerdə olduğu-nu anlayasan. Elə eyni səbəbdən Böyükağa Hacıyev boynuna fit asıb, futbolçuların fiziki ha-zırlığıyla məşğul olurdu, Doroşev özündən qat-qat güclü olan Stamenkoviçə məşqçilik edir-di. Bütün bu səbəbləri ümumiləşdirib, "Neftçi"nin qrup mərhələsinə yüksələ bilməməsinə so-yuqqanlı yanaşdım, belə vəziyyətdə olan komandanın sürünə-sürünə də olsa, pley-offa qədər irəliləməsini uğur kimi qiymətləndirdim.
Çalışdım ki, ağır vəziyyətdən çıxmağa cəhd edən "xalq komandası"na bir zərbə də biz qələm əhlindən gəlməsin. Amma kimlərsə elə düşünür ki, klubun daxilində başverənləri görə bilmirik, dünyadan xəbərsizik. Ayının min oyununun bir armudun üstündə olduğu kimi, "Neftçi"nin düşdüyü acınacaqlı vəziyyətin də əsas səbəbi mövqe savaşı, içəridəki çəkişmələrdi. 77 yaşlı qocaman klub bir neçə nəfərin mövqe davasının qur-banına çevrilib.
Klub prezidenti Sadıq Sadıqov özünü toxunulmaz elan edib, özündən başqa hər kəsi qurban ve-rir. Məgər "Partizan"a məğlubiyyətin tək günahkarı Böyükağa Hacıyev, "Koper"ə yenilginin suçlusu Tahir Süleymanov idi? Nə fiziki hazırlıq üzrə köməkçisi, nə də qapıçılarla işləyə-cək məşqçisi olmayan Böyükağa Hacıyevin önünə bir qrup özündən razı braziliyalı futbolçu-nu atmışdılar ki, get, avrokubokların qrupuna yüksəl. Güloğlan Cabbarov sosial şəbəkə vasitə-siylə komandanın çalışdırıcısına "prezidentin yerində olsaydım, səni iti qovan kimi qo-vardım" ismarıcını yollayır və klub prezidenti ona göz ağartmır? Axı "Neftçi" bir ailə idi və Hacıyev həmin vaxt sizin etimad göstərməyə davam etdiyiniz baş məşqçi idi. Bəlkə bu isma-rıc sizinlə razılaşdırılıb, cənab Sadıqov. Hacıyevə "nə qədər ki qovulmamısan, özün get" demək istəmisiz?
"Simurq" üzərində qazanılan qələbə məlum ssenarini pozdu, üstəlik, mətbuat konfransında Böyükağa bəy təslim olmaq fikrində olmadığını göstərdi. Təəssüf ki, zamanın-da Nazim Süleymanova qarşı qurulmuş tələnin "piyadasına" çevrilən Hacıyevin uzaqgörənli-yi çatmadı, hesablaya bilmədi ki, vaxt gələcək onu postundan uzaqlaşdırmaq üçün eyni oyunlar çıxarılacaq. Bir növ başqasına quyu qazmağa kömək etdi, indi də həmin adamlar Hacıyevin özünü quyuya saldılar.
Elnur Əşrəfoğlunun müşavir təyin olunmasına ürəkdən xeyli güldüm. Futbolçusu, məşqçisi ol-mayan klubun prezidentinə Əşrəfoğlu səhər-axşam müşavirlik eləsin, ha eləsin. Yadıma "Çixura"yla oyundan sonra jurnalistlərin əhatəsinə düşən Sadıq bəyin onunla bağlı dediyi söz-lər düşdü. Dünya necə dəyişdisə, cənab Sadıqov Əşrəfoğlunun məsləhətlərinə ehtiyac duydu, bir neçə aydan bəri yanında "jurnalist" kimi gəzdirdiyi adamı özünə müşavir təyin etdi. Bu təyinat qeyri-ciddi məsələdi, qiymətli vaxtınızı belə boş şeylərlə almayım.
Ciddi məsələ odu ki, çox hörmətli Arif Əsədov yenidən "Neftçi"də işləməyə razılıq verdi. Yoxluğun və iş-sizliyin üzü qara olsun deyək, ya da bunu Arif bəyin yenidən özünü sübut eləmək istəyinə bağla-yaq. Dəqiq bildiyim odu ki, Əsədov özünü çox təhlükəli və qorxulu oyunun içinə atdı. Unutdu ki, elə bu komandanı indiki rəhbərliyin dövründə çempion etmişdi və sonra da elə təxminən bu şəkildə postundan uzaqlaşdırılmışdı.
Ağır "Dinamo" (Zaqreb) yenilgisinin stressini üzə-rindən atmağa çalışdığı zaman klub rəhbərliyi Soçiyə Nazim Süleymanova zəng edir, Bakıda isə Böyükağa Hacıyevlə əl sıxışırdı. Taleyin iztehzasıdı. Bu dəfə Böyükağa Hacıyev özü avrokuboklardakı uğursuzluqdan sonra "yola salındı", Sadıq Sadıqov komanda üzvlərinə köhnə-yeni məşqçini təqdim etdi. Çox istərdim ki, Əsədov yenidən hansısa pərdəarxası oyunların qurbanına çevrilməsin. Biz oxşar ssenarili yolasalma mərasimlərindən təngə gəlmişik. Elə ona görə də çox qorxuram…
Amal ABUŞOV




Fikirlərini bizimlə bölüş!