Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Nokauta düşən Volkan Üst

Əvvəllər bir “ İdman Azərbaycan” vardı… Sağdan da, soldan da döşəyirdik, tənqid edirdik. Mən deyirdim ki, şərhçinin səsi başıma düşür, o biri də qayıdırdı ki, iki kamera ilə çempionat oyunu çəkmək biabırçılıqdı. Hələ turu analiz edən verilişlərini demirəm. Qonaqlara ağız büzməkdən dodağımız yara olmuşdu. İş elə gətirdi ki, bir gün adıçəkilən kanal köhnə ulduz yerini tutdu və “CBC Sport” doğulunca “İdman Azərbaycan”ı doğradıq atdıq bir kənara.

Bəhh… Yeni kanal, nə kanal. Bir avtobus, bəli, həmin o 60-70 nəfər tutumlu ağ avtobus dolu əməkdaş çəkiliş üçün oyuna gedirdi, kimi görürdün çiynində kamera o tərəf- bu tərəfə qaçır. Hələ mən iki yük maşını avadanlığı demirəm. Klubun avtobusu stadiona gələndə əvvəlcə avtobusun sağ təkərini, sonra sol arxa təkərlərini çəkirdilər. Futbolçuların avtobusdan düşməsi başqa aləm idi. İdman ayaqqabısının ipinin bağlanmasından tutmuş paltardəyişmə otağına qədər hər şey ardıcıllıqla gedir, futbolçulara əyinlərini dəyişməsinə belə imkan vermirdilər. Çünki başqa bir çəkiliş qrupu soyunma otağına gəlir, işıqlar yanır, kameralar asılqanlara tuşlanırdı. Uzun sözün qısası, fısqırıq!

Bizim klub doğulandan onun avtobusunu idarə edən, bir kitab qəhrəmanı qədər obrazı, xatirəsi olan Əvəz dayı da yeni kanalı bəyənmişdi. Klubun təhcizatçısı məhz “Xəzər Lənkəran”ın oyunundakı çəkilişdən sonra inanmışdı ki, avtobusun qabaq təkərləri yeyilib və ölkədə ən çox səfər edən klub olaraq avtobusun təkərləri də təcili dəyişməlidi. Bunlar texniki tərəflər idi və az sonra Azərbaycanda nə qədər idman şərhçisi varsa, az qala hamısını “CBC Sport” kanala transfer etdi. İndi elə vəziyyət yaranıb ki, digər kanallarda idman xəbərlərini hava haqqında məlumatı aparan aparıcılar söyləyir, yaxud idman xəbərlərini proqramdan kəsib atıblar.

Qısa müddətdə hətta kanalın rəhbərliyi dəyişdi, ictimaiyyət bunu kanal əməkdaşlarının “Kral öldü, yaşasın Kral” prinsipiylə sosial şəbəkədə bir gün aralığı ilə əvvəl köhnə, sonra isə yeni rəhbərlə çəkdirdikləri kollektiv fotolarla bildi.

Köhnə rəhbərlə bir dəfə Lənkəranda “Palmalife” otelin hovuz kənarında çay içmək imkanım olmuşdu və onda daha çox hörmət bəslədiyim Rüstəm Əfsərliylə fikirlərimi bölüşmüşdüm. Yenisini, yəni adını səhv demirəmsə, Volkan Üstü tanımıram. Dünən onun Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov tərəfindən nokauta salınmasına da təəccübləndim.

Sizə maraqlı gələ bilər ki, Volkan bəy kanalın xanım əməkdaşları ilə çəkdirdiyi “selfi” fotosunda çox hündür görünərkən arıq və ondan boyca kiçik hakimbaşı onu necə nokauta salıb? Xaqani Məmmədov çox gözəl yolla nokaut zərbəsini endirib. Azərbaycan futbolunun boğazına “kal armud“ kimi keçənlərdən biri olan Məmmədov tez-tez açıqlamalarında jurnalistika təhsili alıdığını vurğulayır. Dünən də bu düşüncəylə yeni mövsümün açılış turunun AZAL – “Neftçi” oyununda ev sahiblərinin qolunun hesaba alınmaması qərarının doğru olub-olmaması günahını birbaşa “CBC Sport”un üzərinə atıb. Deyib ki, “əslində, bilmək olmur top qapı xəttini keçib, ya yox?”. Yəni, Volkan Üst, sənin o ağ rəngli bir avtobus adamın, iki yük maşını avadanlığın boşuna imiş, sənin Olimpiya stadionunun bir tribunası qədər əməkdaşın da havayı maaş alır. Bu qədər pulla, bu qədər avadanlıq və əməkdaşla sən, yaxud kanalın bir qapı xəttini keçən, ya keçməyən topu dəqiq olaraq qeydə ala bilməyib. Mən isə ilk dəfə Xaqani Məmmədovla razıyam. Nəinki razıyam, hətta ayağa durub onun fikirlərinə çəpik çalıram. Çünki üzü üzlər görmüş, qırmızı rəngin bütün çalarlarını simasında gəzdirən Məmmədova, Azərbaycan futbolunu qəssab dükanı kimi işlədən Ramin Musayevə, yazıq, hər gün sosial şəbəkədə “Xəzər Lənkəran”lı azarkeşlər tərəfindən söyülən, təhqir olunan Ramil Diniyevə heç olmasa, növbəti sübut üçün Volkan Üst imkan vermədi. Əslində, hamı qapı xəttini keçən topu görür, amma qapı arxası bir kamera nədi ki, bunu çəkib lazımi adamların gözünə soxasan.

Ona görə də, Xaqani Məmmədov Volkan Üstü nokauta salıb, birbaşa Rövnəq Abdullayevə də mesaj göndərdi: Mənim yerimə kadr olmadığını bildik, amma bunun yerinə birini mütləq tap!

Fikirlərini bizimlə bölüş!