Nostalgiya

Nostalgiya — illüstrasiya

Nostalgiya hissinə bu sözün mənasını tineycer dövrümədək bilməyəcək/öyrənməyəcək qədər uzaq idim.

İndi gərgin şüurumu ən çox oxşayan hal nostalgiyadır.

Aleks Ferqyusson kimi saqqız çeynəmək istəyi “futbol xəstələri” üçün heç də yad deyil. “Mançester Yunayted” kritik vəziyyətdə qol vuranda kameralar ser Aleksə tərəf tuşlanmağı vacib sayırdı. Çünki ya professorun hansısa rotasiyasından, ya əvəzetmədən, ya da taktiki dəyişikliyindən sonra – mütləq qolda onun naxışı olardı.

Kameralar ona tuşlananda soyuqqanlı ser sabit mimikalarına və saqqızına sadiqliyini qoruyurdu.

***

Doxsanlarda futbola baxanlar “stavka” yazdığı üçün bunu etmirdi. O romantikanı hiss etməyənlər ser Aleksin saqqız çeynəməyini vəsf etməyə dəlilik kimi yanaşa bilərlər…

Bəzən iki, üç, dörd saqqızı birləşdirib çeynəyirdik, amma heç vaxt oxşamırdı.

***

“Mançester Yunayted”in formasının önündə “Sharp” yazılırdı. “Real”ın formasındakı “Teka”nın nə olduğunu çoxumuz bilməsək də, “Sharp”ın maqnitofonunu vitrinlərdə görürdük.

İlk qazancıma o maqnitofondan ala bilməmişdim. Ya “Aiwa”, bir az çox qazansan, “Top Sonic” ala bilərdin. Onlar 30-45 “şirvan” aralığında” “Sharp” isə 150-250…

***

…Bizimçün hər cür əlçatmaz olan Avropa klub futboluna indi “Mançester Yunayted” səfərinə gedəcək qədər yaxınlaşmışıq. Çox şey dəyişib.

İndi Ser əsaların köməyi olmadan yeriyə bilmir… “Mançester” də yunayteddən uzaqlaşıb, “siti”ləşib.

Bizim ser Endi Koul və Duayt York tandeminin arasında foto/stopkadr kimi yaddaşa əbədi həkk olub.

***

1977-ci ildə Litvanın kiçik Pakrojis şəhərində doğulan Valdas Dambrauskas da alınmayan futbolçu karyerasının niskili ilə bu sahədə qalmışdı. “Milyonçu”dan qazandığı pul ilə Londona məşqçilik biliyini artırmaq üçün gedən adamın futbola/məqsədə bağlılığını bundan gözəl nə ifadə edərdi…

Dambrauskasla bizi birləşdirən yeganə məqam SSRİ-də doğulmağımızdır. Lakin yollar mütləq kəsişir və ya birləşir.

11 yaşında atasını itirən Valdas soyuq Baltik sahillərindən pərvazlanan ümidlərlə İngiltərəyə, öyrənməyə, oradan da Bolqarıstana, Xorvatiyaya, Kiprə işləməyə getdi. Enişli-yoxuşlu yollar onu isti Xəzər sahillərində arzusuna çatdırdı.

İndi dünyanın ən məşhur futbol turniri – Çempionlar Liqasının əsas mərhələsindədir. Adından bütün dünyada bəhs edilir…

“Mançester Yunayted”, “Arsenal” (JVC ilə bağlı da xəfif xatirələrimiz var), “Barselona”, “Borussiya” ilə oyunlara çıxaracaq komandasını.

***

Xəyallar bəzən gerçəkləşir, bəzən nostalgiya hekayəsinə dönür. Bunu bəlkə Kiarostami filmi dolğun ifadə edər. Amma danimarkalı filosof Kierkeqaard sadə formada tam çatdırıb: həyat yalnız geriyə baxaraq başa düşülə bilər.

P.S. Kim geri daha soyuqqanlı baxarsa, hekayə yaradar, kim xəyalpərəstliklə baxsa, nostalgiya…

Nostalgiya — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!