Okeanları aşaraq tarix yazmağa

Okeanları aşaraq tarix yazmağa — illüstrasiya

Azərbaycanlı jurnalistin mundialdan səfər təəssüratları

Kanadaya yola düşərkən həyat yoldaşım sürücülük vəsiqəmi uzatdı:

– Hər ehtimala qarşı götür. Bəlkə orda özünə yaxşı iş tapdın…

Gülümsədik.

İş axtarmağa getmirdim. Amma okeanın o tayına səfərə hazırlaşarkən, problemlərin okeanında üzürdüm.

Ən çox bu sual düşündürürdü:

– Görəsən Azərbaycan sərhədindən buraxacaqlarmı?

FİFA-dan media akkreditasiyamın təsdiqi gələndə, bütün çətinliklərə baxmayaraq, yalnız bir fikir beynimdə dolaşırdı:

Kaş əvvəlki mundialların heç birinə getməzdim, amma bu tarixi anın canlı şahidi olardım…

Bəlkə də 2014-cü ildə futbol sehrbazlarının vətənində azərbaycanəsilli Aleksandr Səmədovun oyununu əfsanəvi “Marakana”da görmək arzum gerçəkləşməsəydi, indiyədək heç bir DÇ-yə yollanmazdım. Amma bu dəfə söhbət təkcə futbol sevgisindən, dünyanın ən böyük idman bayramını yerində yaşamaqdan getmirdi. Tarixdə ilk dəfə Azərbaycan Premyer Liqasından bir futbolçu mundialda iştirak edəcəkdi!

Bu düşüncələrdəykən ABŞ-də yaşayan dostum zəng etdi.

– Akkreditasiya varsa, gəlməsən olmaz. Mütləq gəl, Kanadada görüşək. Narahat olma.

Bakıdakı dostların da sayəsində Kanadaya yolum açıldı. Belə anlarda anlayırsan ki, bəzən insan arzularına təkbaşına yox, ona inananların sayəsində çata bilir.

Stadiondan axırıncı dəfə gördüyüm qarşılaşma Yevlaxda keçirilən “Ağstafa Gəncləri” – “Biləsuvar” pley-off görüşü idi. Həmin gün heç ağlıma da gəlməzdi ki, FİFA media akkreditasiyamı son anda təsdiqləyəcək və media tribunadan izləyəcəyim növbəti oyun dünya çempionatının Kanadadakı açılış matçı olacaq. Sonra isə Azərbaycan futbolunun yeni qəhrəmanının mundial hekayəsini jurnalistikamız və gələcək nəsillər üçün tarixə yazacağam.

Çünki bəzi tarixlər topla, bəziləri isə qələmlə yazılır.

Bu gün Tovuzda və Yevlaxda, sabah Torontoda və Nyu Yorkda…

✔️ ADAM

İyunun 10-u gecə Toronto yolçuluğum başlayır. Qarşıda okeanın o tayına uzanan, bir sutkalıq yol və ömrümün unudulmaz səfərlərindən biri var.

Dostum, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının vitse-prezidenti Natiq Nəsirovla Frankfurta qədər yol yoldaşıyıq. O, Azərbaycandan Dünya Kubokuna akkreditasiya almış cəmi üç jurnalistdən biridir. Bu səfərin gerçəkləşməsində ən böyük pay sahiblərindən biri də məhz Natiqdir.

Frankfurtda yollarımız ayrılır. O, ABŞ-yə, mən isə Kanadaya uçuram.

Toronto hava limanında məni həyatımda ilk dəfə gördüyüm, amma elə ilk dəqiqələrdən illərin dostu kimi qucaq açan bir həmyerlimiz qarşılayır – Elnur Vəliyev.

Deyirlər, insanı tanımaq üçün illər lazımdır. Həyat isə bəzən bunun əksini sübut edir.

ABŞ-də yaşayan ortaq dostumuz bizi virtual tanış etmişdi. Torontoda bu tanışlıq dostluğa çevrildi. Kanadada onu çoxları Adam Kaspi kimi tanıyır. “Kaspi” soyadını Qərbi Azərbaycanın Qarakilsə rayonununda hörmətli kişilərdən olmuş Kaspi babasının xatirəsinə seçib.

Bu səfərdə Elnur mənim üçün sadəcə ev sahibi olmadı. Mənə görə hava limanına dörd dəfə gəlib-getdi. Düz 15 gün evinin qapısını üzümə açdı. Gəzdirdi, dostları ilə tanış etdi. Bir dəfə də olsun cibimə əl atmağa imkan vermədi. İndiki dövrdə bunu doğma qardaş qardaşa etmir.

Elnurun – Adam Kaspinin “YouTube”da turizm və kulinariya mövzusunda yüz minlərlə izləyicisi var. İşgüzardır, mütaliəni sevir. Oxuyub bitirdiyi Azərbaycan dilində kitabları isə yaşadığı məhəllənin kitabxanasına bağışlayır.

Bizi yaxınlaşdıran başqa ortaq dəyərlər də var – futbol, “Neftçi” və dostluq. Elnur vaxtilə Ceyhun Əzizli ilə birlikdə “Ultra Neftçi”nin yaradıcılarından olub.

Hava limanından birbaşa BMO Field stadionuna yollanırıq. Məqsədim Dünya Kuboku üçün akkreditasiyamı götürməkdir. Çünki ertəsi gün Kanada – Bosniya və Herseqovina qarşılaşmasını izləməliyəm.

Yolda Elnuru Ceyhunla görüntülü danışdırıram. İllərdir bir-birini görməyən iki köhnə tribuna yoldaşının səsində həyəcan da var, kövrəklik də. Daha çox duyğulanan isə Ceyhun olur.

Dostluğun minlərlə kilometrlik məsafəni qət etməsi üçün bəzən bir telefon zəngi kifayət edir.

Əşyalarımı evə qoyduqdan sonra Kanadanın məşhur “Mandarin” restoranına gedirik. Burada bir dəfə ödəniş etdikdən sonra “İsveç masası”nda təqdim olunan saysız-hesabsız yeməklərdən istədiyin qədər dadmaq mümkündür. Dəniz məhsulları, balıq növləri, suşilər, fərqli mətbəxlər…

Amma həmin axşam mənim üçün ən yaddaqalan yeməklərin yox, qonaqpərvərliyin dadı idi. Toronto məni əvvəlcə böyük ürəkli bir azərbaycanlının açıq qapısı ilə qarşıladı. Onda anladım ki, bu səfərin əsas kəşfi Dünya Kuboku yox, adam olacaq. Adam kimi ADAM…

✔️ Mundiala apardığım arzu

Kanadada ilk gecəmi keçirirəm. Uzun yol yorğunluğu olsa da, yuxum gəlmir. Fikrim Bakıdadır, evdədir. Ən çox da futbolu dəlicəsinə sevən 10 yaşlı oğlum Emil yadıma düşür.

Emil FİFA akkreditasiyam təsdiqlənməmiş, mənim də mundiala gedəcəyim heç ağlıma gəlmədiyi günlərin birində yaxınlaşıb dedi:

– Ata, bilirsən ən böyük arzum nədir? Yəqin ki, həyata keçməyəcək. Mən Dünya Kuboku-2026-ya getmək istəyirəm.

Səsindəki ümidsizlikdən hiss olunurdu ki, xəyallarının gerçəkləşəcəyinə özü də inanmır…

Uşaqlara yalandan söz vermək olmaz. Mən də yalnız “Növbəti mundiala aparacam səni, Emil” deyə bildim.

…Kaş Emil də burda olaydı. Şəkli də yoxdu ki, tribunalarda onu yanımdaymış kimi göstərən bir video çəkib göndərim. Bəlkə sevinər.

Sabah Toronto stadionundakı ilk mundial matçına özümlə birlikdə Emilin arzusunu da aparacağam.

Toronto gördüyüm ən gözəl şəhərlərdən biridir. Burada 200-dən çox millətin nümayəndəsi yaşayır. Ümumilikdə isə Kanadada 250-dən artıq etnik qrup məskunlaşıb. Ən çox diqqətimi çəkən insanların bir-birinə və heyvanlara isti münasibətidi. Dinindən, dilindən, irqindən asılı olmayaraq hamı qarşısındakına hörmətlə yanaşır.

Bir-birini tanımayan insanların gülümsəyərək salamlaşmasını, qucaqlaşmasını görmək adi haldır. Soyuq iqlimi ilə seçilən Kanadada insanlar xoşbəxtdir. Onların səmimiyyəti və mehribanlığı iqlimin sərtliyini artıqlaması ilə kompensasiya edir.

Kanada əsl idman ölkəsidir. Bunu statistika yox, küçələr sübut edir. Parklarda hər addımda futbol, basketbol və voleybol meydançaları görünür.

Ontario gölünün sahili boyunca uzanan füsunkar mənzərəni seyr edə-edə tramvayla stadiona yollanıram.

12 iyun, 2026. Bu gün Kanadada mundialın açılışıdı. Tarixdə ilk dəfə ağcaqayın yarpağı ölkəsi futbol üzrə dünya çempionatının final mərhələsinin bir matçına ev sahibliyi edəcək.

Mundialın üç ev sahibi olduğundan hər ölkə öz açılış mərasimini keçirir. Toronto bayram abu-havasına bürünüb.

39 il öncə, 1987-ci il iyulun 12-də Kanadada yeniyetmələr arasında dünya çempionatı start götürüb. Həmin turnirin final matçı isə iyulun 25-i məhz Torontoda baş tutub.

Finalda Nigeriyanı penaltilərlə udan SSRİ-nin heyətində Azərbaycan futbolunun 3 yetirməsi – Arif Əsədov, Vladislav Qədirov və Vladislav Lemiş də olub. Dünya çempionarına mükafatları futbol kralı Pele təqdim edib.

Futbolçularımızın Torontoda tarix yazmasından 39 il sonra mən bu gözəl şəhərdə mundialın açılışını görəcəm.

Stadionun ətrafında minlərlə azarkeş var. Hamı tarixə şahidlik etmək üçün gəlib.

Kanada – Bosniya və Herseqovina oyunu böyük maraq doğurduğundan tribunalarda boş yer tapmaq mümkün deyil. Qırmızı köynəklərin çoxluğundan meydan sahiblərinin azarkeşlərinin üstünlük təşkil etdiyi ilk baxışdan hiss olunur. Kanadalıların ən çox sevdiyi futbolçunu müəyyənləşdirmək çətin deyil. 19 nömrəli “Davies” yazılmış formalar göz oxşayır. Kanada millisinin kapitanı, “Bayern”in qanaəsilli ulduzu Alfonso Devis ölkənin ən sevilən idmançılarındandı.

Bosniya və Herseqovina azarkeşləri də kifayət qədərdi. Onların əsas kumiri karyerası bitməmiş əfsanəyə çevrilən Edin Dzekodu.

Stadiondakı media mərkəzinə baş çəkirəm. Artıq heyətlər açıqlanıb. “Qarabağ”ın yeni qapıçısı Martin Zlomışliç ehtiyatdadı.

Mundiala yollandığımı bilən dostlarım, həmkarlarım o qədər təbrik mesajları yazıblar ki, hamısını oxuyub cavablandırmağa vaxt çatmır.

Okeanın o tayında keçirilən dünya çempionatının final mərhələsinə sadə bir azərbaycanlı jurnalistin getməsi heç də asan məsələ deyil.

Media mərkəzində Efiopiyadan gəlmiş jurnalisti görürəm. Öz-özümə düşünürəm: görəsən, efiopiyalı həmkarım üçün bu yol daha çətin olub, yoxsa mənim üçün?

Düşüncələrimi möhtəşəm açılış mərasimi yarımçıq qoyur. Bir qədər sonra isə hakim ilk fiti səsləndirir.

Kanada bunadək dünya çempionatlarında cəmi iki dəfə – 1986-cı ildə Meksikada və 2022-ci ildə Qətərdə iştirak edib, bu turnirlərdə keçirdiyi altı qrup oyununun hamısında məğlub olub.

Bosniya və Herseqovina ilə 1:1 hesablı heç-heçə “ağcaqayın yarpaqları”na dünya çempionatları tarixində ilk xalını qazandırmaqla yanaşı, pley-off yolunda da mühüm üstünlük verir.

Kanada – Bosniya və Herseqovina oyunundan paylaşım etdikdən sonra futzal millimizin sabiq üzvü, hazırda Kanada futzal yığmasında çalışan Elnur Qəmbərov yazır:

– Torontodasan, niyə demirsən? Görüşək.

Amma məni sabah tezdən başqa bir yolçuluq gözləyir. Türkiyənin mundialdakı ilk oyunu üçün Vankuver səfərinə yollanmalıyam.

Buna görə də, görüşümüzü sonraya saxlayırıq.

✔️ Vankuverdə bölüşülən hisslər

13 iyun 2026. Torontodan Vankuverə uçan təyyarədə əynində Türkiyə millisinin forması olan çoxlu sərnişin var. Əvvəllər bəhs etdiyim, amma adını yazmadığım ABŞ-də yaşayan dostum beş saatlıq uçuşdan sonra məni Vankuver Beynəlxalq Aeroportunda qarşılayır. Azərbaycanda futbolla maraqlananların çoxu Alik Adamsonu tanıyır. O, “Qarabağ”ın demək olar ki, bütün səfər oyunlarına gedir. Bizim dostluğumuz da təsadüf nəticəsində, Romanın küçələrində başlayıb. Alik “Qarabağ” azarkeşidir, əvvəlki yazılarımda bəhs etdiyim dostu Elnur Vəliyev – Adam Kaspi isə “Neftçi”nin. Uzun illərdir futbol meydanında və tribunalarda davam edən bu rəqabət okeanın o tayında öz yerini dostluğa verib. Kanadada mənə ən böyük dəstəyi də ölkəmizin iki rəqib klubunun azarkeşləri – Elnur və Alik göstərir.

Alik mənimlə görüşmək və Türkiyənin oyununu izləmək üçün Bostondan Vankuverə gəlib. Aeroportun çıxışında türkiyəli qardaşlarla görüşürük. Milliyə dəstək üçün Avstraliyadan gələn yaşlı bir dayı ilə söhbət edirik.

– Neçə ildir “kenqurular ölkəsi”ndə yaşayırsınız?

Gülümsəyib cavab verir:

– Təxminən əlli ildir. Amma bu gün kimə azarkeşlik edəcəyim bəllidir.

Elə bizim də… Yaxşı ki, aeroportun qarşısında Aliklə selfi çəkdiririk. Çünki sonradan şəhərin ab-havasına elə qərq oluruq ki, hər şey yaddan çıxır. Alik deyir ki, türkiyəli azarkeşlər Conatan Rocers parkında toplaşıblar. Ora yollanırıq. Dünyanın müxtəlif ölkələrindən gələn yüzlərlə türk DJ müşayiəti ilə əsl futbol bayramı yaradır.

Alik üçün Bakıdan gətirdiyim Azərbaycan bayrağını dostumun çiyinlərində görən türkiyəli azarkeşlər bizə yaxınlaşıb çox duyğulandıqlarını deyirlər.

BC Place stadionunun tribunalarında bayraqlarımız tez-tez gözə dəyir. Rəngarəng görüntülərə baxmayaraq, avstraliyalı azarkeşlərin say üstünlüyünü seçmək çətin deyil. Alik tribunada “Beşiktaş”ın məşhur azarkeşi Udi Neco ilə şəkil çəkdirir.

Təəssüf ki, 13 iyun Türkiyə üçün nəhs günə çevrilir. “Ay-ulduzlular” Avstraliyaya məğlub olur və Vinçenzo Montellanın rəhbərlik etdiyi, böyük ümidlər bəslənən komandanın mundialdakı fiaskosunun əsası elə ilk oyunda qoyulur. Oyundan əvvəl söhbət etdiyimiz azarkeşlərin əksəriyyəti ən azı yarımfinal xəyalı qururdu. Mən də Arda Gülər, Kenan Yıldız, Hakan Çalhanoğlu və digər ulduzların yer aldığı heyətdən daha artığını gözləyirdim.

Amma Andrey Arşavinin məşhur sözünü xatırlamamaq mümkün olmur: “Sizin gözləntiləriniz sizin problemlərinizdir…”

Oyundan sonra tanış olduğumuz türkiyəli azarkeşlərdən biri köks ötürərək deyir:

– Kaş bu mundiala Türkiyənin əvəzinə Azərbaycan gəlmiş olaydı…

Fikrət Adıgözəllinin təbirincə desək, suyum süzülə-süzülə Torontoya qayıdıram.

Amma mundial bütün sürəti ilə davam edir. Bütün dünyanın gözü yenə Lionel Messi ilə Kriştiano Ronaldonun möhtəşəm rəqabətindədir. Çoxları yaşlı dahilər üçün ən azı daha bir dünya çempionatını arzulayır.

Turniri bizə maraqlı edən məqamlardan biri də debütant Özbəkistan millisidir. 2006-cı ildə kapitan kimi “Qızıl ilahə”ni başı üzərinə qaldıran, həmin il “Qızıl top”u qazanan Fabio Kannavaro həmyerlisi Vinçenzo Montella kimi bu mundialın ən uğursuz məşqçilərindən birinə çevrilir. “Sabah”ın yarımmüdafiəçisi Umarali Raxmonaliyevi son anda dünya çempionatının iştirak ərizəsinə salmayan italiyalı mütəxəssis sanki futbolçu kimi qazandığı şöhrəti məşqçi kimi xərcləyir.

Bu mundialda ən çox xoşuma gələn məqamlardan biri isə hakimlikdir. Demək olar ki, ideala yaxın idarəçilik var. İstər-istəməz öz-özümə düşünürəm: görəsən, bizim çempionatda da nə vaxtsa belə səhvsiz hakimlik görə biləcəyik?

Məni Messidən, Ronaldodan, mundialda hamıdan və hər şeydən çox maraqlandıran başqa futbolçu var – Kanada səfərimin əsas səbəbkarı, müstəqil Azərbaycan çempionatları tarixində ilk mundial iştirakçısı Roderik Miller.

Elə ona görə də Torontoya dönürəm. Qarşıda məni Panama millisinin oyunları gözləyir.

✔️ Kanadaya sevgi, Azərbaycana ümidlə

Vankuverdən qayıdanda məni əvvəlki yazılarımda bəhs etdiyim Elnur Vəliyev qarşılayır.

Elnurun sayəsində azərbaycanlı Məhəmməd bəyin doğum günü məclisində iştirak edirik. Məclis əvvəllər Lider TV-də çalışmış adaşım Anarın işlətdiyi Old Avenu restoranında keçirilir.

Elnurun dostları ilə tanış oluram. Onlardan Vüqar Qənbərov və Nəbi Nəbiyev əslən Gədəbəyin Söyüdlü kəndindəndirlər.

Məni böyük səmimiyyətlə evlərinə qonaq dəvət edirlər. Vüqar bəyin hazırladığı kabablar arasında qızıl balıq da var. Qızıl balıq və müxtəlif növ kürülər Kanadada gündəlik qida mədəniyyətinin ayrılmaz hissəsidir.

Kanada ilə bağlı ən gözəl təəssüratlarım da məhz okeanın o tayında yaşayan həmyerlilərimizin sayəsində yaranır. Onların qonaqpərvərliyi, səmimiyyəti və doğmalığı minlərlə kilometr uzaqda belə özünü evdə hiss etdirir.

Bir neçə gün sonra Vüqar bəy məni dünyanın ən məşhur təbiət möcüzələrindən biri olan Niaqara şəlaləsinə aparır. Hər il 30 milyondan çox turistin ziyarət etdiyi “Niagara Falls”ın əzəmətini sözlə təsvir etmək çətindir.

Niaqara şəlaləsinin qarşısında dayananda anlayırsan ki, bəzi möcüzələri nə foto, nə də video göstərə bilir. Onları yalnız hiss etmək mümkündür. Buranı gərək ən azı bir dəfə öz gözlərinlə görəsən.

Ümumiyyətlə, Elnurun sayəsində Torontoda özümü heç vaxt qərib hiss etmədim. Niaqaradan dönəndən sonra gecə parkda ağdamlı Anar bəylə görüşüb söhbətləşirik. Çox intellektli, müasir düşüncəli pozitiv gəncdir. Adaşımda heç ağdamlı ləhcəsi yoxdu. Amma orta məktəbi doğma el-obasında bitirib və həmin vaxtacan kəndlərində yaşayıb.

Vaxtilə Azərbaycan futzalında özündən söz etdirmiş, hazırda Kanada futzal millisində çalışan Elnur Qəmbərovla da görüşürük. Elnur həm də şəxsi uşaq futbol məktəbində məşqçilik edir. Elnurun həyat yoldaşı Leyla xanımın isə Torontoda gimnastika akademiyası var.

Elnur məni Toronto yaxınlığında yerləşən Missisauqa şəhərində yaşayan dayım və ailəsi ilə görüşə aparır. Yaşar dayım Lomonosov adına Moskva Dövlət Universitetini bitirib, İnşaat İnstitunda müəllim işləyib. Onu uzun illər idi ki, görmürdüm. Dayımın nəvəsi Nəzrin Kanadada karate ilə məşğul olur və yaxşı nəticələr göstərir.

…Panama – Qana oyunundan əvvəl Torontonun simvollarından sayılan “CN Tower”in önündə panamalı azarkeşlərlə rastlaşıram. Onlara Azərbaycandan bura məhz Roderik Millerə görə gəldiyimi deyəndə təəccüblənirlər. Birlikdə xatirə şəkli çəkdiririk.

Panama yaxşı təsir bağışlasa da, taleyüklü qolu son saniyələrdə buraxır və Qanaya 0:1 hesabı ilə uduzur.

Roderik Miller meydana çıxmasa da, Azərbaycan futbolunun tarixinə düşür. Çünki o, müstəqil Azərbaycan çempionatları tarixində mundialda yer alan ilk futbolçudur.

Oyundan sonra Millerdən açıqlama almaq ümidi ilə gecə saat 12-yə qədər miks zonada gözləyirəm. Amma bəzən jurnalistikanın ən böyük məyusluğu elə budur: saatlarla gözləməyin, günlərlə çəkdiyin zəhmət boşa gedir.

Növbəti akkreditasiya aldığım oyun Almaniya – Kot-dİvuar qarşılaşması olur. Almanlar Deniz Undavın son dəqiqələrdə vurduğu qolla Afrika təmsilçisi üzərində 2:1 hesablı qələbə qazanırlar.

Oyundan sonra Media Mərkəzində gözüm tanış simaya sataşır. Qarşımda La Liqanın beynəlxalq səfiri, İspaniyanın “Movistar” televiziya kanalının eksperti, əfsanəvi İvan Samorano dayanıb. Çili futbol tarixinin ən böyük simalarından biri, Pele tərəfindən FİFA 100 siyahısına daxil edilən veteran illər keçməsinə baxmayaraq, demək olar ki, heç dəyişməyib. “Real” və “İnter”in sabiq hücumçusu ilə xatirə şəkli çəkdirmək fürsətini əldən vermirəm.

Nəhayət, mundialdakı son akkreditasiya aldığım oyun – Panama ilə Xorvatiya arasındakı qarşılaşmadır. Millerin komanda yoldaşları Luka Modriçin komandasına qarşı da əla futbol nümayiş etdirir. Amma yenə də meydanı məğlub tərk edir. Panama həm Qana, həm də Xorvatiya ilə matçlarda ən azı heç-heçəyə layiq təsir bağışlasa da, mundialla vidalaşır.

Oyundan sonra miks zonada Roderik Milleri gözləyirəm. Komandasında böyük məyusluq hökm sürür və federasiya rəsmiləri futbolçuların media ilə danışmasını istəmirlər.

Amma Roderik Miller Azərbaycandan sırf onun üçün gəldiyimi öyrənəndə millinin nümayəndələrinə bunu bildirir və mən qısa açıqlama ala bilirəm:

– “Turan” azarkeşlərini salamlayıram! Dünya çempionatının final mərhələsində Panama millisinin bir hissəsi olduğum üçün çox xoşbəxtəm. Burada olmaq, tarixə düşmək və ölkəmi təmsil etmək böyük qürurdur. “Turan Tovuz”un loqosunu dünya çempionatına daşımaq mənim üçün böyük şərəfdir. Hamıya salamlarımı çatdırıram. Sağ olun!

Beş-altı cümlə üçün minlərlə kilometr yol qət etməyə dəyərdimi?

DƏYƏRDİ!

Çünki bu, sıradan açıqlama deyil, Azərbaycan futbol tarixinin bir parçası idi. Həmin anları videoya da çəkdim ki, arxivdə qalsın, gələcək nəsillər üçün qorunsun.

Roderik Millerə qədər də Azərbaycana bu və ya başqa formada bağlı olan isimlər dünya çempionatının final mərhələsində iştirak ediblər.

Düz 60 il əvvəl – 1966-cı ildə İngiltərədə keçirilən mundiala Azərbaycan futbolunun üç yetirməsi yollanıb. Onlardan ən məşhuru, əlbəttə ki, Tofiq Bəhramov olub. O, təkcə həmin turnirin deyil, dünya futbol tarixinin də ən çox müzakirə edilən hakim qərarlarından biri ilə əbədiləşib.

Anatoli Banişevski isə SSRİ millisinin Koreya Xalq Demokratik Respublikası ilə ilk oyununda özünəməxsus üslubda başla vurduğu qolla yadda qalıb. Daha sonra üçüncü yer uğrunda Portuqaliya ilə qarşılaşmada dünya futbolunun əfsanəsi Eysebionun penaltidən vurduğu ilk qoldan sonra hesabı bərabərləşdirən də məhz Banişevski idi. Təəssüf ki, həmin qol səhvən Eduard Malafeyevin adına yazıldı.

SSRİ 1:2 hesabı ilə məğlub olsa da, o dövrün reqlamentinə əsasən üçüncü yer uğrunda oyunun məğlub tərəfinin futbolçuları da “kiçik bürünc” medalla təltif edilirdi. Beləliklə, bakılı futbolçular Anatoli Banişevski və Eduard Markarov da dünya çempionatının medalçıları sırasında yer aldılar.

Əvvəlki yazılarımda qeyd etdiyim kimi, 2014-cü il Braziliya mundialında Aleksandr Səmədovun oyununu “Marakana” stadionundan canlı izləmək də mənə qismət olmuşdu. Müxtəlif illərdə İran və Türkiyə millilərinin heyətində də azərbaycanəsilli futbolçular dünya çempionatının final mərhələsində çıxış ediblər.

Amma dünya çempionatı mənim üçün təkcə futbol deyildi. Bu turnir həm də futbolun insanları, xalqları və taleləri necə birləşdirdiyini öz gözlərimlə görmək, o hissləri canlı yaşamaq imkanı idi.

İyulun 2-si Torontoda mundialın bu şəhərdəki son görüşü – Portuqaliya – Xorvatiya pley-off qarşılaşması keçiriləcəkdi. Dünya çempionatlarında böyük ehtimalla son dəfə iştirak edən əfsanəvi Ronaldonu və Modriçi canlı izləmək istəyirdim. Amma istəklər və imkanlar həmişə üst-üstə düşmür…

…Rus dilində “mir” sözü həm “dünya”, həm də “sülh” deməkdir. Kanadada insanlar məhz sülh və əmin-amanlıq içində yaşayırlar. Kaş bütün dünya həmişə belə olsun.

Okeanın o tayında hava gün ərzində bir neçə dəfə dəyişirdi. Günəşi yağış, yağışı külək əvəz edirdi. Azarkeşlərin ovqatı da komandalarının nəticələrinə uyğun olurdu.

Mən isə bu 15 gündə çox sevdiyim Kanadadan bir arzu ilə ayrıldım. Qoy növbəti dünya çempionatında Azərbaycan azarkeşləri də bu hissləri yaşasın. Millimizin oyunundan əvvəl həyəcanlansın, qələbəsinə sevinsin, məğlubiyyətinə üzülsün. Çünki dünya çempionatında kədərlənmək belə ora çıxa bilməməkdən daha gözəldir. Ardıcıl dördüncü mundialı canlı görmüş biri kimi buna şübhə etmirəm.

Könül istər ki, bir gün “okeanı aşan” təkcə idman jurnalistlərimiz deyil, dünya çempionatına yollanan futbol üzrə milli komandamız olsun.

O zaman mən də mundialda olmayan komandanın jurnalisti kimi Azərbaycanı bu turnirdə başqa hekayələrdə axtarmağa məcbur qalmaram.

Dünyanın ən böyük idman turnirində bir gün Azərbaycan himnini eşitmək üçün yaşamağa, yaratmağa və inanmağa dəyər!

P.S. Ardıcıl dördüncü mundialda iştirakıma dəstək verən hər kəsə dərin minnətdarlığımı bildirirəm!

Okeanları aşaraq tarix yazmağa — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!