Düzəlmədi. Əvvəllər jurnalistlərlə yola getməyən, kənarlaşdırdığı iş yoldaşları tərəfindən insani xüsusiyyətlərinə görə kəskin tənqid olunan Kaxaber Sxadadze vətəni – Gürcüstanda da düzəlmədi. Nəticə verməyi bacaran, amma xasiyyətində ciddi problemlər olan təcrübəli mütəxəssis yığma komandanın baş məşqçisi postundan da uzaqlaşdırılıb.
Əlbəttə, “İnter”in başında Cahangir Hacıyev dayansaydı, heç şübhəsiz Zaur Svanadzeni yenidən 2-ci məşqçi edib, Kaxanı qanadı altına alardı. Amma bu gün Hacıyev Beynəlxalq Bankdan xeyli uzaqlardadı. Bu gün onun “İnter”dəki söz sahiblərinə hansısa təsir mexanizmi yoxdu. Çətin ki, “bankirlər”in hazırki rəhbərliyi Sxadadzeyə qucaq açsın.
Gürcünün kənarlaşdırılmasının səbəbini söyləyərkən, ölkənin futbol federasiyasnın prezidenti Levan Kobiaşvili 47 yaşlı çalışdırıcının ona qarşı hörmətsizlik etdiyini bildirib və dərinliyə varmayıb. Gürcüstanda bunu kimlərsə başa düşməsələr də, Azərbaycanda Kaxa yaxşı tanınıb. Elə klubun sabiq prezidenti Georgi Nikolovu incik saldğı bir epizodu xatırlamaq yetər.
Gürcüstan yığmasından dəvət aldığı gün Sxadadzeni “İnter”lə hələ yarım illik müqavilə telləri bağlayırdı. O, bu müddət kəsiyində həm klubu, həm də yığmanı çalışdırmaq icazəsi almaq üçün “İnter”in sahibi Cahangir Hacıyevə müraciət edib, razılığını almışdı. Amma məsələdən Nikolovu agah etməyi “unutmuşdu”. Bolqarıstanlı funksionerə bu məlumatı jurnalistlər vermişdi. Əlbəttə, bu, böyük hörmətsizlik idi. Ancaq Hacıyev subardinasiyanı qorumayan gürcü məşqçiyə “gözün üstə qaşın var” deməmişdi. O da öz bildiyini etməklə, Nikolovun qarşısında “at oynadırdı”.
Amma Kobiaşviliyə qarşı bu variant keçərli olmadı. Sxadadze ilk tərbiyəsizliyindəcə “yaxalandı və islah olundu”. İndi millinin düşərgəsini görmək, dirsəyini görmək qədər mürəkkəb rebusa bənzəyir. Nəinki Gürcüstan millisini, ümumiyyətlə, bu ölkədə iş almaq şansı xeyli azalıb. Hər halda federasiya prezidenti bu cür açıqlama verdikdən sonra hansısa gürcü klubunun Kaxanın üzünə qapı açacağı inandırıcı görünmür.
Bəlkə də, ona hansısa 3-cü ölkədən dəvət gəldi və yenidən işə başladı. Amma bu xasiyyətlə Sxadadzenin uzağa gedəcəyi inandırıcı deyil. Axı, əbəs yerə “sirkə nə qədər tünd olarsa, öz qabını yandırar” deməyiblər.
Məsələni qabartmaqda məqsədimiz heç də Sxadadze kimi güclü mütəxəssisə yanmağımız deyil. Yazının əvvəlində neçə-neçə azərbaycanlının məhz bu məşqçinin üzündən işsiz qaldığını qabartmışdıq. Yəni, onun istəyi ilə neçə-neçə ailə çörəksiz qalmışdı. Ona rəvac verən də məhz azərbaycanlı olmuşdu. Əcnəbi mütəxəssislərə yer vermək lazımdı, amma başınıza çıxardıb, həmvətənlərinizə qarşı haqsızlıqlara göz yummaq qətiyyən düzgün deyil. Necə ki, heç həmvətənləri də Sxadadzenin tərbiyəsizliklərinə göz yummayıb, qapını göstərdilər.




Fikirlərini bizimlə bölüş!