Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Professor” və arxada gələn 2760 futbolçu

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində "Azərbaycan çempionatı, kuboku, yığması və avrokuboklarda iştirak ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması" istiqamətindəki qalib olan mövzusunu davam etdirir. Sırf ölkədaxili yarışları əhatə edən 12 yazı təqdim edəcək saytımız layihənin ikinci hissəsini futbolçular və onların oyun göstəricilərinə həsr edir. Söhbət 1992-ci ildən keçirilən ölkə çempionatlarında çıxış etmiş oyunçulardan gedir.

Vahid sistemin yoxluğu

Statistika sahəsindəki bəzi boşluqları aradan qaldırmağa çalışsaq da, bunun tamamilə həllinin mümkünsüzlüyünü də qeyd etməliyik. Çünki dünyada futbolu üçün vahid sistem olmadığından bir çox faktlara yanaşma tərzi müxtəlifdi. Futbol qaydalarını FİFA deyil, İFAB (Beynəlxalq Futbol Assosiasiyaları Şurası) tərəfindən tənzimlənməsi vahid sistem yaradır. Təəssüf ki, statistikada vahid, hamının qəbul etdiyi qaydalar yoxdu. Bu üzdən hər qurum, hər müəllif mübahisəli məsələni öz qərarı, məntiqi ilə müəyyənləşdirir. Bunun nəticəsində statistikada fərq yaranır. Özü də bu, bütün dünyanı əhatə edir. Planetin ən güclü liqası olan İspaniya çempionatında son 5 mövsümdə iki dəfə bombardirin dəqiq qol sayı müəyyənləşməyib. 2010/11 mövsümündə Kriştianu Ronaldonun 40 və ya 41, 2012/13 mövsümündə Lionel Messinin 45 və ya 46 qol vurması tarixə mübahisəli məqam kimi düşüb. Bu səviyyəli aparıcı çempionatda nöqsanların qaldığını nəzərə alsaq, Azərbaycanla bağlı mütləq göstəricilərin əldə olunmasının çətinliyini başa düşmək olar. Biz də bunu mümkün qədər aradan qaldırmağa çalışacağıq.

Nəticəsi ləğv olunan oyunlar
Futbolçuların həm oyun, həm qol sayı ilə bağlı ən böyük mübahisə mövzularından biri nəticəsi ləğv edilən matçlardı. Belə qarşılaşmalar bütün dünyada qeydə alınır. Bəzən oyunsonrası yaşananlar, bəzən legioner limiti və ya başqa qayda pozuntusu buna səbəb olursa, hansısa komandanın yarışı erkən tərk etməsi də eyni qarışıqlığa səbəb olur. Hələ də dünya statistikləri bu qarşılaşmaların futbolçuların göstəricilərinə daxil edib-etməməklə bağlı ortaq məxrəcə gəlməyib. Həm bunu nəzərə almağı, həm də almamağı düzgün hesab edənlərin gətirdiyi əsaslar kifayət qədər güclüdü. Amma bu əsaslar sonda eyni futbolçuyla bağlı iki fərqli göstərici yaradır. Statistik fəaliyyətimiz ərzində komanda və futbolçulara eyni prizmadan yanaşmağın tərəfdarı olduğumuz üçün nəticəsi ləğv olunan görüşləri futbolçulara da saymamağı məntiqəuyğun hesab edirik. Ən azı ona görə ki, klub üçün sayılmayan oyun və qol futbolçu üçün nəzərə alınsa, mövsümdə hesabına 32 matç yazılan komandanın hansısa üzvündə bu rəqəm 33 və ya 34 olar. Elə klubun qol sayının oyunçularının vurduğu topdan az olması da məntiqsiz görünər.

Sonradan edilən düzəlişlər

Statistikadakı daha bir boşluq isə protokollarla bağlı sonradan verilən qərarlardı. Əksər həmkarlarımız sırf statistika ilə məşğul olduğundan buna birbaşa təsir edən xəbərləri izləmir. Söhbət aradan qaldırılan hakim səhvlərindən gedir. Azərbaycan çempionatlarında dəfələrlə şahidi olmuşuq ki, AFFA və ya PFL-in qərarı ilə hansısa qolun, hətta vərəqənin müəllifi dəyişib. Amma statistik mənbələr və bu işin əksər mütəxəssisləri hazır protokola əsaslanaraq, sonradan verilən qərardan xəbərsiz olur. Yuxarıda qeyd etdiyimiz Messi və Ronaldo ilə bağlı problem də eyni qəbildəndi. Bizim çempionatdakı qol müəlliflərinin dəyişdirilməsinə növbəti yazılarımızda daha ətraflı toxunacağıq.

Ad dəyişənlər

Azərbaycan futbolu ilə bağlı yerli və xarici mənbələrə baxarkən fərqlilik yaradan daha bir məqamın ad-soyad dəyişmə olduğunu görmək mümkündü. Ölkəmizdə kifayət qədər futbolçu bu fənddən istifadə edib. Bu üzdən statistikaya yeni qədəm qoyanlar və ya həmin dəyişiklikdən xəbərsiz olanlar, xüsusilə də xarici mənbələr eyni adamı iki futbolçu kimi tanıyır. Rail Məlikovun göstəricilərinə Ramil Mirzəyevinkiləri, Saşa Yunisoğlununkuna Aleksandr Məmmədovunkunu əlavə etmək heç münəccimlərin də ağlına sığmaz. Bunun üçün həmin oyunçunun ad-soyadını dəyişməsi xəbərindən halı olmaq zəruridi. Əks halda isə statistikada xətalar və fərqlilik yaranacaq. Əslində, bir mənbənin xətaya yol verməsi digərlərinə də şübhə ilə yanaşmağa əsas verir. İstər-istəməz oxucu kimin düz olduğu dilemması qarşısında qalır. Məlikov və Yunisoğlu kifayət qədər geniş siyahıda ən məşhurlarıdı. Vitali Uzlovatının Kovalyova, Natiq Qasımovun Əkbərova çevrilməsini yəqin ki, çoxları unudub. Futbolçu olmayan Rəşid Lahiyalovun sənədləri ilə milliləşib, çempionatımızda oynamış Şamil Lahiyalovun ölkəmizdə çıxış etdiyini də bilməyənlər yetərincədi. Ələddin Xamatov kimi milliləşən dağıstanlının xeyli sonra Azərbaycana Aftandil Orucov kimi qayıtması isə statistikləri çaşbaş salır. Əksər həmkarlarımız onun bir deyil, iki oyunçu olduğunu zənn edir. Son illər soyadını milliləşdirməklə “ov”, “ev” sonluğundan qurtulanların addımı da müəyyən xətalara yol aça bilər. Əcnəbi həmkarlarımız Elvin Yunusovun sonradan Yunuszadə, Vüqar Məmmədovun sadəcə Məmməd soyadına keçməsini nəzərdən qaçıra bilər. Belələrinin siyahısında Elmuraz Həsənov (Həsən), Elgün Abbasov (Abbaslı), Rəşad Əzizov (Əzizli), Siyavuş Quliyev (Quluzadə), Vüsal Həsənov (Həsənzadə), Tərlan Əhmədov (Əhmədli) də var. “Sumqayıt”ın qapıçısı olan sonuncunun bu addımının məşhur adaşı və həmsoyadı ilə qarışıq düşməmək məqsədi daşıdığını da ehtimal etmək olar. Elçin Sadıqovun bəzən Sadıqlı kimi qeyd olunması da eyni qəbildəndi.

“I” və “I”ni ayıra bilməyənlər üçün daha böyük dərd

Gənc qapıçı Tərlanın addımının eyni ad-soyadlısının varlığı ilə izah etdik. Əslində Azərbaycan futbolu ilə bağlı xətaların böyük hissəsi də məhz bununla bağlıdı. İki yığma
üzvü – Rəşad Sadıqovla Rəşad Sadiqov arasında 1 hərf fərqi olduğu halda onun yaratdığı biabırçı səhvlər fonunda tamamilə eyniliyin nələr törətdiyini düşünmək mümkündü. Rəşadlar arasındakı “ı” və “i” fərqi bütün dünyanı, hətta UEFA-nı elə çaş-baş salmışdı ki, onların millidəki oyunlarını da az qala birləşdirmişdilər. Hələ onlarla, yüzlərlə mənbə də onları qarışdırır və qarışdırmaqda davam edir. UEFA-nın yığmada 100 oyun keçirən hər futbolçunu təltif etdiyini nəzərə alıb, məsələyə biganə qalmadıq. Nəticədə məhz bizə əsaslanan UEFA həqiqəti tapıb, ədalətli qərarla Sadıqovu öz oyunlarına görə təltif etdi. Yoxsa ki, adaşının oyunları hesabına səhvən şişirdilmiş rəqəmi heç kapitanımız da qəbul etmək istəməzdi. Bu məsələyə həssas yanaşan Sadıqov ölkə xaricində olduğu vaxt redaksiyamıza zəng vurub, məsələnin təfərrüatı ilə də maraqlanmışdı. Bəs çempionatımızın 24 illik tarixində olmuş minlərlə futbolçu arasında heç bir hərfi də fərqlənməyənləri necə edək?

Təbii ki, bu məsələdə naşı, yeni olanlar, xarici mənbələr ciddi problemlə üzləşir. Hal-hazırda Topaz Premyer Liqasında iki Qara Qarayev və iki Tural Rzayev var. Bunu hamı bilir. Yəqin ki, qapıçı Aqil Məmmədovun da ikinci olduğu çoxlarına məlumdu. Amma Novruz Məmmədov, Rauf Əliyev, Şəhriyar Əliyev ad-soyadlıların ötən əsrin 90-cı illərində olduğundan xəbərsizsiz. Onlar bu ad-soyadı daşıyıb, çempionatımızda oynayan ikinci futbolçudusa, “Zirə”dəki İlqar Hüseynov 3-cüdü. Ümumiyyətlə, ölkə çempionatlarının 24 illik tarixinə baxsaq, 123 futbolçunun eyni ad-soyada malik olduğunu görərik. Onları tanımayanlar 55 futbolçu kimi biləcək. Çünki məhz 55 ad-soyaddan bir neçə olub. Bu siyahıda Ruslan Hüseynov və Ruslan Məmmədovlar üstünlük təşkil edir – hərəsindən 4 futbolçu. Əvvəlki milli çempionatlarda futbolçuların atalarının adları ilə bağlı boşluq olduğunda bu “dördlük”lər təvəllüdləri ilə seçilir. 9 ad-soyada 3, 44-nə isə 2 dəfə təsadüf olunduğunu da qeyd edək. İlqar Aslanov, İlqar Hüseynov, Mübariz Məmmədov, Namiq Əliyev, Namiq Həsənov, Ramil Əliyev, Vüqar Əsgərov, Şahin Kərimov və Azər Məmmədov ad-soyalı 3 futbolçu olub. Sonuncu ilə bağlı bir məqam diqqətdən yayınmır. 1976-cı il təvəllüdlü Azər hamıya yaxşı tanışdı. 1992-2013-cü illərdə əsasən “Kəpəz”dən (1992-94, 1995-96, 1998-99, 2005, 2010-13) tanınan müdafiəçi “Şəmkir” (1999-2004), MOİK (1997), “Xəzri” (1994-95), “Turan” (2004-05), “Qarabağ” (2006-09) və “Qəbələ”də (2009-10) çıxış edib. Gəncə futbolunun yetirməsinin nisbətən gənc adaş-həmsoyadı “Turan”ın yetirməsidi. 1990-cı il təvəllüdlü bu futbolçu 2008-13-cü illərdə doğma komandası ilə Premyer Liqada çıxış edib. 1996/97 mövsümünə “Kəpəz”də başlayıb, MOİK-də bitirən təcrübəli Azər Məmmədovdan biri də “Şəmkir”də olub.

Təxminən 10 il əvvəl bu məsələni araşdırarkən müəyyənləşdirmişdik ki, mövsümün ilk dövrəsində “Kəpəz”də 5, “Şəmkir”də 8 matça çıxan futbolçu eyni turda, hətta yeni gündə müxtəlif komandalarda oynaya bilməz. Bu üzdən 8 oyundan ibarət karyeraya malik Azər Məmmədovun fərqli futbolçu olduğu dəqiqdi. Üstəlik, “Kəpəz”li Azər də həmin vaxt bu məsələdə haqlı olduğumuzu təsqidləmiş, 1995-ci ildə “Şəmkir”də oynamadığını bildirmişdi. Qısa karyeraya malik həmin Azər haqqında heç bir başqa məlumat olmadığından bunu onun adaşı ilə dəqiqləşdirmək zəruri idi. Eyni ad-soyadlılardan məhz bu “üçlüy”ün üzərində dayanmağımız təsadüfi deyil. Bəzi mənbələr Azərləri birləşdirib, oyun sayında müəmmalı rəqəm alıb, Azərbaycan çempionatları tarixində ən çox matç keçirən futbolçu kimi qələmə verir. Hərçənd, bu onlardan ən tanınmışı 388, ən gənci 82, ən müəmmalısı 8 çempionat matçında iştirak edib. “Kəpəz”li kimi qeyd etdiyimiz birinci Azərbaycan çempionatlarının rekordçuları arasında 2-cidi, amma 1-ci deyil.

Professor

Oyun sayında mütləq rekord isə Mahmud Qurbanova məxsusdu. “Professor” ləqəbli yarımmüdafiəçi artıq başa vurduğu futbolçu karyerasında təkcə çempionluq deyil, oyun sayında da hamıdan öndədi. 1994/95, 1997/98, 1998/99 mövsümlərində “Kəpəz”, 1996/97, 2003/04, 2004/05 mövsümlərində “Neftçi”, 1999/2000 və 2000/01 mövsümlərində “Şəmkir”lə qızıl medal qazanan Qurbanov “Xəzər Lənkəran” (2006/07), “İnter” (2007/08) və “Bakı”da (2008/09) çempionluq sayını 11-ə çatdırıb. 2001/02 mövsümündə “Şəmkir”in qızılın bir addımlığında olduğu vaxt yarışın dayandırılması isə Mahmudun zəfər sayının 12 olmasına imkan vermir. 1992-2012-ci illərdə Azərbaycan çempionatlarında çıxış edən yarımmüdafiəçi 421 matçda iştirak edib. Bu, çempionatların mütləq rekordudu. 20 mövsümdə 7 klubda çıxış edən oyun qurucusu yalnız “Sumqayıt”da çempion olmayıb. Əslində, onun göstəricisi daha böyük ola bilərdi. 2001/02 mövsümünün yarımçıq dayanması, 2002/03 mövsümünün keçirilməməsi, 2003/04 mövsümündə isə Qurbanovun legioner həyatı yaşayıb, yalnız son turlarda geri dönməsi buna imkan verməyib. Üstəlik, 11-12 komandanın 2 dövrəli çempionatda mübarizə apardığı vaxtlarda oyun sayı da az olub. Ümumiyyətlə, hazırda yığmada məşqçi kimi çalışan rekordçunun çempionat karyerasına baxmaq maraqlı olar.

mövsüm klub oyun qol
1992 Kəpəz (Gəncə) 30 2
1993 Kəpəz (Gəncə) 15 3
1993/94 Kəpəz (Gəncə) 25 8
1994/95 Kəpəz (Gəncə) 20 4
1995/96 Kəpəz (Gəncə) 20 5
1996/97 Neftçi (Bakı) 23 3
1997/98 Kəpəz (Gəncə) 24 4
1998/99 Kəpəz (Gəncə) 34 6
1999/2000 Şəmkir 21 2
2000/01 Şəmkir 19 6
2001/02 Şəmkir 23 8
2003/04 Neftçi (Bakı) 4 1
2004/05 Neftçi (Bakı) 32 2
2005/06 Xəzər Lənkəran 25 2
2006/07 Xəzər Lənkəran 24 1
2007/08 İnter (Bakı) 23 4
2008/09 Bakı 13 0
2008/09 İnter (Bakı) 4 0
2009/10 Bakı 11 0
2010/11 Bakı 14 0
2011/12 Sumqayıt 17 0
20 mövsüm 7 klub 421 oyun 61 qol

İlk “yüzlük”

Ölkə çempionatları tarixində ən çox oyun keçirən 100 futbolçu siyahısına baxsaq, burada 101 nəfər yer alıb. Buna səbəb 99-cu yerə 3 şərikin olmasıdı. “Professor”un başçılıq etdiyi, Azər Məmmədovun ikinci olduğu cədvəlin 3-cüsü Aslan Kərimovdu. Azər kimi 4-cü olan Aqil Məmmədov da yuxarıda qeyd etdiyimiz eyni ad-soyadlılardandı. Belə oyunçuları şərti olaraq rəqəmlərlə işarələdiyimizdən onların soyadlarından sonra mötərizədə həmin rəqəm qeyd edilib. 2 gün öncə “Zirə”də növbəti matçına çıxan Rəşad Abdullayev İsmayıl Məmmədovun 5-ci yerinə şərik olub. Karyerasını davam etdirənlərdən rekorda ən yaxın olan Abdullayevi Qurbanovdan 60 matç ayırır. Ümumiyyətlə, hazırda “yüzlüy”ə düşmək üçün minimal hədd 212-di.

yer futbolçu oyun
1.
Mahmud Qurbanov
421
2.
Azər Məmmədov (1)
388
3.
Aslan Kərimov
382
4.
Aqil Məmmədov (1)
363
5-6.
Rəşad Abdullayev
361

İsmayıl Məmmədov
351
7.
Rəşad Sadiqov
343
8.
Kənan Kərimov (1)
327
9.
Nadir Nəbiyev
316
10.
Rahid Əmirquliyev
313
11.
Mübariz Orucov
311
12-13.
Müşfiq Hüseynov
305

Vüqar Nadirov
305
14.
Ədəhim Niftəliyev
303
15.
Kamal Quliyev
302
16.
Mehman Yunusov
298
17-18.
Aleksandr Çertoqanov
292

Elnur Abdullayev
292
19.
Vidadi Rzayev
291
20.
Rövşən Əhmədov
290
21.
Samir Musayev
289
22.
Yaşar Abuzərov
286
23.
Kamran Əlibabayev
285
24.
Rəşad Sadıqov
283
25.
Əli Abışov
282
26.
Tərlan Əhmədov
279
27.
Xaqani Məmmədov (1)
274
28.
Elbrus Məmmədov (2)
272
29-30.
Rauf Mehdiyev
271

Xaliq Mərdanov
271
31-33.
Ceyhun Sultanov
269

Ramazan Abbasov
269

Zaur Həşimov
269
34-35.
Cahangir Həsənzadə
268

Elmar Baxşıyev
268
36-37.
Cəmşid Məhərrəmov
266

Zahir Əsgərov
266
38.
Emin İmaməliyev
263
39-40.
Arif Daşdəmirov
262

İlham Yadullayev
262
41.
Sakit Alıyev
259
42.
Namiq Yusifov
254
43-44.
Hüseynqulu Quliyev
253

Samir Əliyev
253
45-46.
Elnur Allahverdiyev
252

Rail Məlikov
252
47.
Vadim Vasilyev
251
48.
Aftandil Hacıyev
248
49-51.
Alim Qurbanov
247

Bəxtiyar Musayev
247

Nizami Sadıqov
247
52-54.
Elmir Xankişiyev
246

Eltay Aslanov
246

Vasif Vəliyev
246
55.
Samir Zərgərov
245
56-57.
Ruslan Əmircanov
244

Samir Abasov
244
58-60.
Alay Bəhramov
243

Ayxan Abbasov
243

Elvin Məmmədov
243
61.
Viktor İqbekoyi
242
62-63.
Fazil Pərvərov
241

Vəli Hüseynov
241
64-67.
Namiq Əliyev (2)
240

Nodar Məmmədov
240

Ruslan Abbasov
240

Samir Xairov
240
68.
Rafael Əmirbəyov
237
69-70.
Azər Cabbarov
236

Nazim Əliyev
236
71-72.
Fərrux İsmayılov
235

Ruslan Poladov
235
73-74.
Elşən Məmmədov
234

Etimad Qurbanov
234
75.
Faiq Cabbarov
232
76.
Vladimir Levin
231
77-78.
Fərhad Vəliyev
230

Səttar Əliyev
230
79.
Vurğun Hüseynov
228
80.
Hüseyn Məhəmmədov
227
81-82.
Məqsəd Yaqubəliyev
226

Yaşar Hüseynov
226
83.
Vadar Nuriyev
224
84.
Bəhram Şahquliyev
223
85.
Nizami Hacıyev
222
86-90.
Aqil Nəbiyev
221

Maksim Medvedev
221

Müşfiq Vəliyev
221

Ramiz Məmmədov
221

Vüqar İsmayılov
221
91-92.
Nadir Şükürov
219

Nizami Ocaqverdiyev
219
93-94.
Ceyhun Tanrıverdiyev
218

Elxan Şahniyarov
218
95.
Abuzər İbrahimov
217
96-98.
Asif Məmmədov
216

Paşa Əliyev
216

Zaur İsmayılov
216
99-101.
Arif Əsədov
212

Mahir Əliyev
212

Mahir Şükürov
212

Mövsümün “23-lüy”ü

Cari mövsüm Azərbaycan Premyer Liqasında ən azı 1 oyun keçirənlərdən 23-ü yuxarıdakı siyahıda yer alıb. 5-ci yerin şəriki Abdullayev kimi 7-ci olan Rəşad Sadiqovla 10-cu pillədəki Rahid Əmirquliyev də ilk “onluq”dadı. Onlardan başqa Vüqar Nadirov da 300-ü arxada qoyub. Elnur Abdullayev, Aleksandr Çertoqanov, Rəşad Sadıqov, Ramazan Abbasov, Cəmşid Məhərrəmov, Arif Daşdəmirov, Namiq Yusifov, Rail Məlikov isə 250-ni keçib, 300-ə tərəf irəiləyənlərdi. Samir Zərgərov, Ruslan Əmircanov, Elvin Məmmədov, Viktor İqbekoyi, Nodar Məmmədov, Ruslan Poladov, Fərhad Vəliyev, Vurğun Hüseynov, Nizami Hacıyev, Maksim Medvedev və Asif Məmmədov siyahıda yer alsalar da, hələ 250-ni fəth etməyiblər.

Çertoqanovun hegemonluğu

Azərbaycan çempionatlarında ən çox oyun keçirən legionerlər də “yüzlüy”ə düşə bilib. Milliləşənlər də daxil olmaqla əcnəbilər arasında rekord Aleksandr Çertoqanova məxsusdu. Artıq 12 ildi fasiləsiz Azərbaycan klublarında oynayan ukraynalı ümumi siyahıda 17-ci yerə şərikdi. 300-ün astanasında olan sabiq yığma üzvünü legionerlər arasında milliləşən rusiyalı Arif Daşdərmirov izləyir. Əcnəbilər arasında 3-cü, milliləşməyənlərin lideri isə nigeriyalı Viktor İqbekoyidi. Siyahıdakı sonuncu – 4-cü legioner isə artıq vətəninə dönüb. Mililəşən ukraynalı Vladimir Levin xeyli müddətdi Premyer Liqa karyerasını başa vurub.

6 qapıçı

İlk “yüzlük”də qapıçı axtarışına da çıxmaq olar. Burada cəmi 6 qolkiper yer alıb. Onlar arasında mütləq rekord Rauf Mehdiyevə məxsusdu. 271 matça çıxan əlcək sahibi 29-cu yerə şərikdi. Cahangir Həsənzadə və Nizami Sadıqov karyeralarını başa vurduğundan qapıçılar arasında rekordu yeniləməyə ən yaxın Fərhad Vəliyevdi. Lakin o, nadir hallarda şans qazanır. Siyahıda yer alan Hüseyn Məhəmmədovla Nadir Şükürov da artıq göstəricilərini yaxşılaşdıra bilməz. Çünki onlar da məşqçilik fəaliyyətinə start veriblər. Mövsümün startında “yüzlükdə” yer alan digər iki qapıçı – Elxan Həsənov karyerasını bitirdiyindən, Elşən Poladov daha çox ehtiyatda qaldığından artıq cədvəldən kənar düşüb.

1 mövsümə 61, 24 ilə 2761 futbolçu

Ötən həftədəki yazımızda qeyd olunan tarixə düşən 4441 matça XXXIII turun daha 5 oyununu əlavə etsək, bugünkü statistikalar 4446 oyunu əhatə edir. Nəticələri deyil, ancaq texniki məğlubiyyətləri tarixdə qalan “Gənclik” sayılmasa, 57 klub indiyədək 2761 futbolçuya güvənib. Komandaların ayrı-ayrı mövsümlərdə xidmətindən istifadə etdiyi futbolçu sayı da maraq doğurmaya bilməz. 1997/98 mövsümündə “Şəfa” (həmin vaxt U-18 adlanrdı) 61 oyunçudan yararlanıb. 1993-cü ildə “Daşqın” və “Pambıqçı” (Bərdə), 1998/99 mövsümündə “Bakılı”, 2001/02 mövsümündə isə “Araz” (Naxçıvan) cəmi 16 oyunçu ilə çempionatı başa vurub.

Məmmədov rekordsuz deyil

Oyun sayında səhvən rekordçu göstərilən Azər Məmmədov əslində Mahmud Qurbanovdan geri qalsa da, sabiq komanda yoldaşı kimi rekord müəllifidi. Amma başqa göstəricidə, Məmmədov hamıdan çox – 21 mövsüm çempionatda çıxış edib. Qurbanov isə daha çox oyunu cəmi 20 mövsümdə keçirib. Onlar kimi karyeralarını başa vuranlardan Aslan Kərimov, Aqil Məmmədov (1), Kənan Kərimov (1), Rauf Mehdiyev və Cahangir Həsənzadə hərəyə 19 mövsümün iştirakçısı olub. “İnter”in qapıçısı Elşən Poladov da indi 19-cu mövsümünü keçirir. O, növbəti çempionatda da Premyer Liqada çıxış etsə, Mahmuda çatacaq. Poladov həm də karyerası davam edənlər arasında mütləq rekordçudu.
Daha bir rekord futbolçuların formasını geyindiyi klub sayı ilə bağlıdı. Vasif Haqverdiyev hamıdan çox – 13 komanda ilə çempionatda çıxış edib. Hazırda məşqçi kimi çalışan veteran “İnşaatçı” B (1993-94), “Fərid” (1996/97), “Şəfa” (1996/97, 1998/99), “Bakılı” (1997/98), “ANS-Pivani” (1994/95), “Qarabağ” (1999-2001, 2005-07), “Turan” (2001/02), MOİK (2001/02, 2003/04), “Inter” (2003/04), “MKT-Araz” (2004/05), AZAL (2009-10), “Standard” (2007-08), “Kəpəz” (2012-12) klublarında oynayıb. Hətta onun oynadığı vaxtlarda “Şəfa” U-18, “Inter” “Xəzər Universiteti”, “Kəpəz” “Gəncə”, AZAL “Olimpik-Şüvəlan”, “ANS-Pivani” isə “Bakı fəhləsi” adlanırdı. Samir Məmmədov (1) və Etibar Tarıverdiyevin çempionatın yüksək dəstəsində 11 klubu olub. Kənan Kərimov (1), Rauf Mehdiyev, Cahangir Həsənzadə, Əli Abışov, Abuzər İbrahimov, Füzuli Məmmədov, Azər Cabbarov, Ramal Hüseynov, Fərid Quliyev və Həbib Ağayev isə hərəyə 10 komandanın uğurları üçün çalışıb.

Fikirlərini bizimlə bölüş!