Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Prosineçkin mübarək, Azərbaycan futbolu!

Sən taleyin işinə bax… Berti Foqtsu millimizdən Xorvatiyaya rüsvayçı 0:6 hesablı məğlubiyyət göndərmişdi. AFFA Foqtsun yerinə xorvat məşqçi gətirir.

Prosineçkinin təyinatının Azərbaycan millisinə, futboluna nə verəcəyinə gəlincə…

Futbolçu karyerası mükəmməldi: Madrid “Real”ında, “Barselona”, “Sevilya” kimi klublarda çıxış edib. Məşqçi kimi elə də parlaq karyerası yoxdu: “Srvena Zvezda”, “Kayserispor” və Xorvatiya millisində köməkçi-məşqçi. Yox, yox, söhbət Prosineçkinin “məşqçilik anketi”nin zəngin olmamasında deyil. Məsələ burasındadı ki…

AFFA rəhbərliyi Prosineçkini gətirmək üçün kiminlə məsləhətləşib? Daim “kukla” rolunu oynayan İcraiyyə Komitəsinin üzvləriylə? İnanmayın. İK-nın üzvlərindən olan Kazbek Tuayevin apasport.az saytına verdiyi açıqlamadan da görünür ki, o heç Prosineçkini tanımır da. Cahangir Hacıyev, Hafiz Məmmədov, İskəndər Cavadov, Elmar Qasımov və başqa İK üzvləri xorvat məşqçini tanıyır? Ay-hay! Güldürməyin adamı. İcraiyyə Komitəsinin Robert Prosineçkidən xəbəri yoxdu! Bunu tam məsuliyyətimlə deyirəm. Amma sabah xorvat məşqçinin də Foqts kimi fiasko olduğu məlum olunca (belə olacağına şübhəniz olmasın), bütün günahlar İcraiyyə Komitəsinin belinə yüklənəcək. Necə ki, Elxan Məmmədov Berti Foqts rüsvayçılığına görə məsuliyyəti İK-nın daşıdığını deyir, sabah da eyni sözü deyəcək.

AFFA rəhbərliyi Prosineçkini Bakıya dəvət edənə kimi futbol ictimaiyyətinin rəyini nəzərə alıbmı? Burda da yekə bir YOX! Heç kimin fikri nəzərə alınmayıb, rəyi öyrənilməyib. Bəs AFFA niyə Prosineçkini gətirir?

Avropada daimi qapazaltılardan olan Azərbaycan kimi millilərin başına Joze Mourinyo, Pep Qvardiola, Kapello, Mançini, Klopp kimi top-məşqçilərin gəlməsinin mümkünsüz olduğu dəqiqdi. Heç Xorvatiyanın daha tanınmış məşqçisi – Slaven Biliç də bizə gözünün ucuyla baxmaz. Çünki hədəfləri olan məşqçidi, futbola təkcə varlanmaq mənbəyi kimi baxmır. Bax, düyün burda açılır: Azərbaycan kimi ölkələrə ya Berti Foqts kimi hayı gedib vayı qalmış qocalar, ya Robert Prosineçki kimi böyük hədəfləri, iddiaları olmayan, gününü keçirib, pulunu qazanmaq istəyənlər üz tutar. Prosineçki ağılsız adam deyil. Yəqin ki, Xorvatiyaya 0:6, Bakıda Norveçə 0:1 hesabıyla uduzan millimizi izləyib. İzləyib və əmin olub ki, bu komandanın potensialı Avropada qapazaltı olmaqdan uzağa getmir. Bunu görən və bilən məşqçi Azərbaycana sadəcə pul dalınca gələr, iddia, şan-şöhrət dalınca yox.

İnanın və əmin olun ki, Robert Prosineçki Berti Foqtsdan sonra AFFA-nın növbəti səhvi olacaq (müqavilə bağlansa). Xorvat məşqçinin görəcəyi işi azərbaycanlı məşqçilər də görə bilər. Məyər uduzmaq, qapazaltı olmaq üçün hansısa xüsusi istedada sahib olmaq lazımdı?

Alnına daim məğlub olmaq yazılan bir komandaya BAŞ gətirmək üçün Avropanı ələk-vələk eləməyə ehtiyac yox idi. O BAŞ-dan Azərbaycanda, qonşu Türkiyədə nə qədər istəsəz, var. Amma artıq gecdi…

Prosineçkin mübarək, Azərbaycan futbolu.

Fikirlərini bizimlə bölüş!