Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Psixoloji portret: Qurban Qurbanov – nümunəvi fleqmatik

Azərbaycan Premyer Liqası. Cəmi 8 klubun mübarizə apardığı çempionatda söz sahibləri müxtəlifdi. Məsələn, PFL. Qurumun prezidenti Ramin Musayev bütün klublara sözünü demək hüququna malikdi. Klub prezientləri isə rəhbərliyi altında çalışan bütün şəxslərə iradlarını, məsləhətlərini verə bilər.

Zəncir addım-addım davam edir və ən maraqlı personalardan biri – baş məşqçilərdə dayanmaq qərarını veririk. Niyə? Hər halda, komandanın nəticələrinə birbaşa məsul şəxs baş məşqçidi.

Qərara gəldik ki, Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların baş məşqçilərini fərqli prizmadan təqdim edək. Onların psixoloji portretləri ilə tanış olmaq, yəqin ki, “futbol mətbəxi”ndə bişən hər bir kəsə maraqlı olacaq.

İnsan emosianallığına görə, 4 kateqoriyaya bölünür: xolerik, fleqmatik, melanxolik və sanqvinik. Müzakirə edəcəyimiz məşqçiləri təqdim edirik: Qurban Qurbanov, Roman Qriqorçuk, Zaur Svanadze, Adil Şükürov, Şahin Diniyev, Samir Abasov, Elxan Abdullayev və Tərlan Əhmədov. Hər məşqçiyə bir yazı həsr olunacaq.

Başlayaq son 3 mövsümün əvəzsiz çempionunun baş məşqçisi Qurban Qurbanovdan. 44 yaşlı mütəxəssis nümunəvi fleqmatikdi. Bu xasiyyətdə insanları özündən çıxarmaq demək olar ki, mümkünsüzdü. Ancaq kimsə buna nail oldusa, vay həmin adamın halına. Fleqmatiklər heç vaxt başdansovdu qərarlar qəbul etmirlər. Onların həyat prinsipi “yüz ölç, bir biç” üzərində qurulub. Necə ki, bəhs etdiyimiz qəhrəmanımızın istənilən transferi həyata keçirərkən, nə qədər tərəddüd etməsinə uzun illərdi şahidlik edirik.

Fleqmatiklər olduqca işgüzar olurlar. Bu işgüzarlığa mane ola biləcək yeganə factor tez-tez iş yerlərinin dəyişməsi ola bilər. Diqqət yetirək. Qurbanov “Qarabağ”da qazandığı uğuru dərhal əldə etmədi. O, uzun illər damcı-damcı yığdığı komandayla zirvəyə doğru addım-addım irəlilədi. Bunu nə “Neftçi”də yarada bildi, nə də “İnter”də. Çünki fleqmatiklərə istənilən nəticəni vermək üçün zaman lazımdı.

Fleqmatiklər qapalı insanlardı. Onlar öz daxili dünyalarını çox dar çərçivəyə daxil olan şəxslərə aça bilərlər. Qurban Qurbanovun mətbuat konfranslarını xatırlayın: “Rəqib çox yaxşı mübarizə apardı. Bizim üçün çox çətin oyun oldu. Sevinirəm ki, bu cür ağır matçdan qalib ayrıldıq”.

Hətta böyükhesablı qələbələrdən sonra da Qurban müəllim qapalı obrazından əl çəkmir: “Nəticə bizi sevindirir. Ancaq bu, o, demək deyil ki, rəqib bizdən bu qədər zəif idi. Sadəcə, əlimizə düşən imkanlardan maksimum yararlandıq. Futbolda bu cür hallar baş verir. Rəqibə növbəti oyunlarda uğurlar arzu edirəm”.

Fleqamtiklər inadkarlıq sahəsində №1-di! Qurbanovun “Qarabağ”ı neçə dəfə çempionluğa yaxınlaşdı və son anda büdrədi? İstənilən xaraktersiz insan, tüpürüb “mənlik deyil”, “bəxtim gətirmir də” deyərdi. Qurbanov isə inadından əl çəkmədi. Özü də elə dirəşdi ki, indi 3 ildi heç kim onun əlindən çempionluğu ala bilmir.

Bu cür inadkarlıq bəzən mənfi effekt də verir. Nikolas Gelaşvilinin “Qarabağ”ın səviyyəsinə cavab verməməsini hamı birağızdan desə də, Qurbanov inadından dönmürdü ki, dönmürdü. Yalnız 1 ildən sonra təcrübəli mütəxəssis gürcü futbolçuya qapını göstərməli olduğunu qəbul etdi. Necə ki, indi Elvin Yuniszadə nümunəsi ilə bu inadkarlığını davam etdirir.

Fleqmatikləri özlərindən çıxarmağın ağır olmasının nümunəsini də elə mətbuat konfranslarında görürük. Verilən suala ürəyində gülsə də, bəzən əsəbləşsə də, heç vaxt hansısa jurnalistin xətrinə dəyməz. İstənilən suala təmkinlə cavab verər. Maksimum etdiyi isə sualı ünvanlayan şəxsə sarkazmla cavab verməsi olur. Lakin bu epizodda da arxayındi ki, həmsöhbəti həmin cavabın şüuraltı mənasını başa düşməyəcək.

Fleqmatiklər gözlənilməz anlara əksər vaxt hazır olmurlar. Misal. Oyunun gedişatında “Qarabağ”ın hansısa futbolçusu zədələnir. Bu, baş məşqçinin planlaşdırmadığı rotasiyaya əl atmasını şərtləndirir. Fleqmatiklər bu cür hallarda təntiyir və adəti üzrə səhvə yol verirlər. Yadımda deyil, hansısa oyundan sonra keçirilən mətbuat konfransında (ağdamlıların heç bir futbolçusu zədələnməmişdi) Qurbanov hər 3 əvəzetmənin dəqiqəsinədək planlaşdırdığını söyləmişdi. Həmin sözlər birmənalı qarşılanmamışdı. Ancaq reallıq budu ki, qəhrəmanımızın xasiyyətinin vizit vərəqəsi məhz plan üzrə hərəkətdi. Xaotik qərarlar bu insan tiplərinə ziddi. Tələsik qərarların verilməməsi heç də tənbəllikdən qaynaqlanmır. Bu, bioloji xüsusiyyətdi.

Fleqmatiklər gözlənilməz/planlaşdırılmayan görüş və fikir mübadiləsini heç vaxt qəbul etmirlər. Həmkarlar nə dediyimi gözəl başa düşər. Təsəvvür edirsiniz, Qurbanovla razılaşdırmadan klubun bazasına gedirsiniz və ondan geniş müsahibə götürmək istəyinizi bildirirsiniz?! Mütəxəssis özündən çıxmaz. Olduqca təmkinli şəkildə bu müsahibənin baş tutmayacağına dair min bir bəhanə gətirib, sonraya saxlamağa nail olar.

Sonda fleqmatiklərin zahiri görünüşünə dair portreti də təqdim edək. Cüssəli, köklüyə meylli, geniş sinə qəfəsinə sahib insanlar adətən fleqmatik xarakterli olurlar. Tarixdən nümunə: Mixail Kutuzov.

Ceyhun ƏLİYEV

Fikirlərini bizimlə bölüş!