Yaxşı yadımdadı. 2013-cü ilin noyabrında Bayılda “Rəvan”la “Sumqayıt” qarşılaşırdı. Fasiləyə saniyələr qalarkən Pərdis Fərcad-Azad qapıçının əlindən buraxdığı topu tora qovuşdurub, hesaba tarazlıq gətirmişdi. Hesabdan yerdən-göyə kimi razı qalan Aqil Məmmədov yetirmələrinə nə tapşırmışdısa, 2-ci hissədə meydanda futbol adına heç nə yox idi. Ənənəvi azərbaycanlı məşqçi taktikası: “topu ora-bura vurun, hərdən də yerə yıxılın. Yetər ki, hesabı qoruyaq”. Vurduğu qoldan sonra qoltuqlarının altı şişən Pərdis də meydanda gəzişir, ayağına top düşəndə özünü Ronaldo kimi aparmağa başlayırdı. 71-ci dəqiqədə çalışdırıcı iranlı futbolçunu əvəzləməyə qərar verdi.
Baş verənləri saniyəsinə kimi yadda saxlamağım təsadüfi deyil. Çünki nəvaxtsa bu xatirələrin mənə gərək olacağına əmin idim. Havayı yerə Azərbaycan futbolunun içində saçımızı ağartmamışıq ki. Həmin an 4-cü hakimin əlindəki tabloda yazılan rəqəmlərdən əvəzlənəcəyini anlayan Pərdis meydanın ortasında duruxdu, kənara doğru yönəlmək fikri yox idi. Daha sonra əlini məşqçilərin oturduğu yerə tərəf uzadıb, uca səslə nəsə dedi. Aqil Məmmədovun köməkçilərindən biri onu israrla kənara çağırandan sonra hərəkətə başladı. Ehtiyat oyunçular skamyasının önündən keçəndə baş məşqçinin ona uzatdığı əli sıxmağı belə lazım bilmədi.
Oyundan sonra məlum epizodla bağlı Aqil bəyə sual ünvanladım, digərlərinə pis nümunə göstərən iranlının cəzasının nə olacağını soruşdum. Aldığım cavab isə məni şoka saldı: “Pərdisi cəzalandırmayacam. Özüm də futbolçu olmuşam, onun emosiyalarını yaxşı başa düşürəm”.
Acı-acı gülümsədim. Gənc azərbaycanlı çalışdırıcının aciz durumuna təəssüf etməkdən başqa əlimdən nə gəlirdi ki? Aqil bəy etiraf edə bilmədi ki, Pərdis Elxan Məmmədovun sevimli futbolçusudu, gələcəkdə ondan yaxşı pul qazanacaqlar, onu cəzalandırmaq mənim həddim deyil. Saxladığım samanın zamanı gəldi, əziz oxucular. “Xəzər Lənkəran”la oyunda Pərdis qəhrəmanlığını təkrarlayıb. Özü də daha qaba formada. Başa düşüb ki, indi dəbdə o deyil, Orxan Əliyevdi. Zamanında ona “day-daylıq” edənlər indi bütün qüvvələrini Orxanı gözə soxmağa sərf ediblər. Bu isə ərköyün Pərdisin ürəyincə olmayıb. Üç futbolçunun adını daşıyasan, amma səni saya salmayalar?
“Paaart” – bir təpik zibil vedrəsinə! Vəziyyətin dəyişdiyi “Sumqayıt”ın baş məşqçisinin fərqli açıqlamalar verməsindən də bəllidi: “Etdiyi hərəkətə görə cəzalanacaq. Bizim komandada heç vaxt elə futbolçu olmayıb, olmayacaq da! Belə oyunçu bizə lazım deyil”. Güləkmi, ağlayaqmı? Aqil bəy, axı özünüz də futbolçu olmusuz, Pərdisin emosiyalarını niyə başa düşmürsüz?
Kamran Quliyev də od-alov püskürür, futbolçunu hədələməkdən çəkinmir. Görürlər ki, heç kimə sırıya bilmədilər, oyunuyla da komandaya fayda verəcək gücdə deyil. Yoxsa, 11 oyunluq qələbəsizlik seriyasına son qoymaq üçün iranlı futbolçunun fitri istedadından yararlanardılar. Ələ fürsət düşmüşkən bezikdirib, komandadan göndərmək istəyirlər. Onda da üz var imiş, səhvini “etiraf edir”. Təki havayı pul cibinə axsın. Almaniyada ona yiyə duran tapılmayacağını yaxşı bilir. Quliyevlə Məmmədov isə zamanında zorla sevdikləri Pərdisin nazına çox dözməli olacaqlar.




Fikirlərini bizimlə bölüş!