Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Qələbəyə məyus sözardı

Foqts həzrətləri gedə-gedə deyirdi ki, bu ölkədən gözüm su içmir, heç də futbolla maraqlanan adamlara oxşamırlar. Gizlətmirəm, bu fikri bölüşmürdüm, daha doğrusu, onun uğursuzluqlara bəraət qazandırmaq üçün belə şeylər uydurduğunu düşünürdüm. Amma indi…

Bəli, gürcülərin məhz maltalılarla yoldaşlıq oyununda stadiona 12 min azarkeş gəlmişdi, özü də qiyməti 5 lari (bizim pulla 2,4 manat) olan biletləri almaqla. Bakıda yığmanın Robert Prosineçkinin rəhbərliyi altında keçirdiyi ilk seçmə oyunu isə tribunadan 14 min 600 adam izlədi. Hərçənd bu rəqəm də mənə yetərincə şübhəli görünür. Tutaq ki, doğrudu. Yaxşı, deyilənə görə, sayı 4 milyona çatan, elə həmin tiflislilərlə müqayisədə daha yaxşı dolanan paytaxt sakinləri niyə futbola və yığmasına belə biganədi? Məncə, ağrılı, düşündürücü və hansısa məqamda Foqtsu haqlı çıxaran sualdı. Amma cavabı ətrafında başımı yormayıb, son oyunla bağlı danışmaq istəyirəm.

Əlbəttə, qələbə gözəldi – hansı rəqib üzərində və hansı səviyyəli turnirdə qazanılmasından asılı olmayaraq. Son günlərdə U-17, U-19 və futzal yığması səviyyəsində yaşanan uğursuzluqları da nəzərə alsaq, bu ölkə növbəti fiaskoya hazır deyildi. Hətta mənə elə gəlir ki, heç-heçə belə stadionunun yarısını doldurmayan azarkeşləri coşduracaq, Prosineçki debüt oyununda “istefa” şüarı ilə üzləşən ilk məşqçi kimi futbol tariximizə düşəcəkdi.

Yaxşı ki belə olmadı və yığma yetərincə solğun, məzmunsuz oyunun fonunda, hər halda, 3 xal qazanmağı bacardı. Mahir Şükürov, Vaqif Cavadov, Ruslan Abışov kimi dünənki bütləri ehtiyatda saxlayan baş məşqçinin xarizmasına şübhə etməyə dəyməz. Yeni yığma qurmaq istəyən, futbola Foqtsdan fərqli baxan birinin belə eksperimentlərə əl atmağa tam haqqı var. Zaman göstərdi ki, medianın ayrı-ayrı oyunçuların yığmaya çağırılıb-çağırılmaması ətrafında qaldırdığı isterika da yersiz imiş. Guya Aqil Məmmədov qapını Kamran Ağayevdən yaxşı qoruyacaqdı, yoxsa Rauf Əliyev dubl edəcəkdi? Ona qalsa, şəxsən mən də Elvin Məmmədovun Rahid Əmirquliyevlə müqayisədə yığmaya daha faydalı ola biləcəyini düşünürəm. Amma baş məşqçi postunda Prosineçkidi və nəticəyə görə də biz jurnalistlər yox, məhz o məsuliyyət daşıyır.

Düzünə qalsa, məni yığmanın zəif oyunundan, bəzən mübarizədən tam “qopmasından”, təşəbbüsü bütünlüklə rəqibə verməsindən də çox narahat edən məqam var ki, bu da Prosineçkinin oyunun axarına vaxtında müdaxilə edə bilməməsindən, Gedinin taktiki gedişlərinə lazımınca reaksiya verməməsindən ibarətdi.

Qonaqların baş məşqçisi Bakıya məğlubiyyət üçün gəlmədiyini artıq 36-cı dəqiqədə müdafiəçi Kamillerini yarımmüdafiəçi Muskat, ikinci hissə başlayan kimi isə bir başqa müdafiəçi Bezzinanı, ümumiyyətlə, hücumçu Pizani ilə əvəzləməklə göstərdi. Prosineçki onun sürprizlərinə hazır olmadığından ikinci hissənin əvvəlindən yığma hədsiz aciz təsir bağışlayır, azarkeşlər qələbənin əldən veriləcəyi qorxusu ilə yaşayırdı. Tutaq ki, Namiq Ələsgərovun artıq 22-ci dəqiqədə meydandan çıxmağa məcbur olması xorvatın hansısa taktiki planlarını, bəlkə də hətta bütövlükdə oyun strategiyasını pozdu. Bəs 46-cı dəqiqədən 70-ci dəqiqəyə, yəni Nazarovun İsmayılovu əvəz etdiyi ana qədər yetirmələrinin meydanda sürünməsinə, qapımız önündə təhlükələrin sıralanmasına baş məşqçi niyə göz yumurdu? Bax, məni ən çox narahat edən məqam budu.

Qələbə qazansaq da, yığma uzaq gələcəyə yox, hətta Norveçlə iyundakı oyuna yönəlik də hansısa nikbin mesajlar vermədi. Həm oyun keyfiyyəti, həm ayrı-ayrı oyunçuların fədakarlığı artmalı, həm də Prosineçki lazımi anlarda oyunun axarına müdaxilə etməyi bacarmalıdı. Onun “erkən qol” taktikası işlədi və oyunun taleyini həll edən əsas məqam bəlkə də elə bu idi. Amma Norveçin önünə belə oyun, belə səviyyə ilə çıxmaq məğlubiyyətlə bəribaşdan barışmaq deməkdi.

Prosineçki sözünü tutmalı, iyundakı oyunun hazırlığına elə indidən başlamalıdı. Debüt həyəcanı, mümkün uğursuzluğun xofundan yaranan gərginlik, azarkeşlər və media səviyyəsində amansız təzyiq arxada qaldı. Bu komandada hər kəs – baş məşqçidən tutmuş ehtiyatda qalan Coşqun Diniyevə qədər – daha yaxşı nəticələrə nail olmaq, daha çox xal qazanmaq üçün “artırmalıdı”.

Fikirlərini bizimlə bölüş!