Qapıçıların Azərbaycan derbisndəki səhvlərindən sonra xatırladım ki, karyerası uşaq futbolundan böyük futboluna gözümün qarşısında keçən, Şabranda doğulsa da, həm də Tovuz futbolunun yetirməsi deyə biləcəyimiz Kamran Ağayev kimi qapıçı görmüşəm.
Ondan öncə, müstəqilliyin ilk illərindən millinin şərəfini qoruyan Aleksandr Jidkov, Elxan Həsənov və Dmitri Kramarenko kimi usta qapıçıları da həmçinin.
"80-lər"in sonu SSRİ-nin aşağı yaşlardan ibarət yığmasına cəlb edilən Sumqayıt futbolunun yetirməsi, sonralar Lev Yaşin adına "Dinamo" qapıçı akademiyasında və Rusiyanın yeniyetmələrdən ibarət yığmasında çalışmış Dmitri Lukoşkin olub.
"70-lər"in sonları "Neftçi"nin yetirməsi, sonralar millimizin şərəfini qorumuş Daniel Axtyamovun atası Rasim Axtyamov da SSRİ-nin aşağı yaşlılardan ibarət yığmalarına cəlb edilib.
Amma bu iki qolkiper yeniyetmə və gənc yaşlarında böyük perspektiv vəd etsələr də karyeraları potensiallarına uyğun alınmayıb.
"70-lər"də "Neftçi"nin unudulmaz 1 nömrəsi isə əfsanəvi Yuri Romenski idi. Mingəçevir futbolunun yetirməsi həm də, SSRİ-nin əsas yığmasında çıxış etmişdi. O, Lobanovskinin Kiyev "Dinamo"sunda 2 dəfə SSRİ çempionu oldu, Oleq Bloxin Ukrayna millisində işləyəndə onunla birgə çalışdı.
Bu siyahıda Gəncə futbolunun yetirməsi, Azərbaycan futbolçuları arasında SSRİ çempionatında ən çox oyun keçirmiş əfsanəvi Sergey Kramarenkonu xatırlamamaq ayıb olar.
Siyahını uzada da bilərəm. Amma ehtiyac yoxdu.
Fikir verdinizsə, Bakıdan Gəncəyə, Mingəçevirdən Sumqayıta, Şabrandan Tovuza az qala hər rayonumuzda, şəhərimizdə qapıçı yetişib, ənənə olub.
İndi niyə yetişmir?
23 yaşlı Rza Cəfərovu hamı qınaya bilər.
Amma son illərəcən "Neftçi" akademiyası, elə əsas komandası da nə vəziyyətdə idi hamı bilir. İndi şükür akademiyada da yaxşı işlər görülüb və görülməyə davam edir. Elə əsas komandada da.
Belə də Rzadan yaxşı neçə qolkiperimiz var ki?! Hər qapıçının, futbolçunun pis oyunu, uğursuz dövrü ola bilər. Ona məhz belə məqamda dəstək lazımdı.
Necə ki, vaxtında Qurban Qurbanov "Qarabağ"da, digər məşqçilər aşağı yaşlılardan ibarət millilərimizdə, o cümlədən U-21 və əsas millilərdə Şahruddinə dəstək verdi.
Şahruddinin məktəbi çox zəif, boyu da qapıçı üçün çox kiçik idi. Amma daim oynamaqla Şahruddin Məhəmmədəliyev ölkənin 1 nömrəli qapıçısı oldu. Xarakteri, Azərbaycanı sevməsi ilə istər klubda, istərsə də millidə nüfuz qazandı.
Eyni sözləri Bədavi Hüseynov haqda da deyə bilərəm. Amma mövzuları qarışdırmayım və daha da uzatmayım.
Onu demək istəyirəm ki, Rza və Şahruddini söyməklə heç nə qazanmaq mümkün deyil. Belə məqamda onlara dəstək verməliyik.
Çünki, hər ikisi milli komandamıza namizəddir. Millimizi isə gələn ay çətin Lixtenşteyn səfəri gözləyir.
Qapıçılarımızın psixilogiyası pozulsa, heç nə…
Mövzu üzrə digər yazılar: İtirilmiş futbol tarixi dosyesi.
Mövzu üzrə digər yazılar: Uşaq futbolu dosyesi.





Fikirlərini bizimlə bölüş!