Azərbaycanda futbol hakimlərinin sayı çox azdır. Ümumilikdə hakimlər camiəsi çox balacadır və demək olar ki, heç kim futbol hakimi olmaq istəmir. Elə adamlar tanıyıram ki, övladı hakim olsa, övladlıqdən silər; kürəkəni olsa, qızını boşatdırar.
Hazırkı hakimlərin böyük əksəriyyəti isə indi hakim-inspektor kimi çalışan sabiq hakimlərin qohum və tanışlarıdır. Kimin oğlu, kiminsə bacısı oğlu, kiminsə tələbəsi və s.
Ötən mövsümün sonunda AFFA rəhbərliyinin heç bir sübut olmadan Rauf Allahverdiyevi ömürlük hakimlikdən uzaqlaşdırması camiyəyə böyük zərbə vurdu. “AFFA rəhbərliyi” ifadəsini yazmaq belə adama ağır gəlir, çünki hazırda AFFA-nı faktiki olaraq “Sabah” rəhbərliyi idarə edir.
Mövsüm başlayandan hakimlər üzərində indiyədək görünməmiş səviyyədə ciddi təzyiq var. Hər oyundan sonra qara pencəkli funksionerlər VAR kasetlərini götürüb öz çirkin niyyətləri üçün istifadə edirlər.
Bu gün sabiq FİFA referisi, AFFA Hakimlər Departamentinin rəhbəri Ömər Paşayev hazırkı vəziyyətə görə tutduğu vəzifədən istefa verib. Paşayev bundan əvvəl Hakimlər Komitəsində Talant qrupunun rəhbəri idi və eyni zamanda bir neçə yerli və əcnəbi hakimin mentoru kimi çalışırdı.
İnşallah qara pencəkli funksionerlərin niyyəti etnik təmizləmə aparmaq və klublarda olduğu kimi hakimliyə də kütləvi şəkildə əcnəbiləri gətirmək deyil.
Hər bir halda Rauf kimi hakimlərdən, Ömər kimi gənc mütəxəssislərdən yararlanmamaq və onları qoruya bilməmək baş katib Cahangir Fərəcullayevə heç bir dividend qazandırmayacaq. Əksinə, onun reputasiyasına böyük zərbə vuracaq.
Elsevər MURADZADƏ




Fikirlərini bizimlə bölüş!