Bu oyunu Qurban Qurbanov uduzdu.
Komandalar, çıxış etdikləri liqalar, ölkələrin futbol reytinqi arasında səviyyə fərqi öz yerində.
"Qarabağ" bu yerə qədər ciddi rəqiblərlə qarşılaşıb və həmin klublarla da səviyyə eyni deyil.
Bu qarşılaşmada "Qarabağ"ın şanslarını başa salmaq üçün "Nyukasl"ın həm Çempionlar Liqasında, həm də Premyer-liqada son 4 oyununu izləmişdim. Qısaca deyim ki, bu rəqibə qarşı ənənəvi 4-2-3-1 ilə başlamaq ciddi səhv idi. Bu mövzuda geniş danışmaq, təhlil etmək olar. Bu məsələni saxlayaq televiziya kanallarında qonaq olan ekspertlərin menyusuna…
Baş məşqçi ikinci hissədə etdiyi sistem dəyişikliyi ilə öz səhvinin xeyli hissəsini düzəltdi. Ancaq Yankoviç…
4-2-3-1 sistemi ilə oynayan komandanın müdəfiənin önündəki iki dayaq yarımmüdafiəçisi hərəsi öz funksiyası ilə vacibdir. "Qarabağ" sırf müdafiə planında qalan "6" nömrə ilə oynamır. Həm Bikalio, həm də Yankoviç "8", beynəlxalq futbol leksikonunda desək, "box to box" vəzifəsini icra edir. azərbaycancası, "qutudan qutuya qədər". Mənası, cərimə meydançaları arasındakı bütün zonada oyundur. Hər iki planda – həm defansiv, həm də ofansiv. Yəni ki, bir "8" nömrə müasir futbolda həm müdafiə xəttinin önündəki zonaları bağlamalı, rəqibin hücumlarını qarşılamalı, lazım olanda stoperləri sığoralamalı, həm də hücum aksiyalarında iştirak eləməlidir. Sürətli hücumlar zamanı driblinqlə oyunçu keçməli, dərinliyə oynamalı, rəqibin cərimə meydançasının önündə qərarlaşmalı, daimi reydlər etməli və.s. Ancaq, yenə də, müdafiəni yaddan çıxarmamaq şərti ilə…
İlk hissədə, "Qarabağ"ın hər iki "8" nömrəsi dayaq funksiyasını yerinə yetirə bilmədilər. Topdan uzaqda qaldılar, rəqibin keçid hücumlarına gecikdilər, zonalarını boş buraxdılar. İkinci hissədə, 3 mərkəz müdafiəçisi sisteminə keçid Bikalionu xeyli rahatladı. Onun üzərindən stopperlərin arasındakı boşluğa nəzarət məsuliyyəti götürüldüyünə görə, daha effektiv oynaya bildi. Yankoviç isə yenə də sinifdə qaldı. Nə oyunçu keçə bildi, nə aldığı topları dərinliyə oynaya bildi, nə də ki, ümumiyyətlə topa üzünü rəqib tərəfə dönə bildi. Qurban müəllim isə, bu rəzaləti 90 dəqiqə meydanda saxladı.
Çox detallardan danışmaq olar…
"Nyukasl" bu mövsüm Çempionlar Liqasında "Qarabağ"ın qarşılaşdığı ən intizamlı, kompleksləşmiş komanda görüntüsü verdi. Çətin idi. Ancaq hesab belə olmaya da bilərdi.
…Və əlbəttə ki, Qurban Qurbanov da insandır. O da səhv edə, uduza bilər. Bu oyunda səhv etmək, uduzmaq da "Qarabağ"ı bu yerlərə gətirən adamın haqqıdı, başqasının yox.
Rəsul ALLAHVERDİYEV




Fikirlərini bizimlə bölüş!