“Beşiktaş”ın Cenk Tosunu 27 milyon avroya “Everton”a satması bu kluba könül verən azarkeşləri ikiyə böldü. Bir qisim “qara qartallar”a pulsuz başa gələn qürbətçi futbolçunun satışından fantastik gəlir əldə edilməsini önə sürür, Fikrət Ormanı alqışlayırdı. Fərqli düşünənlər isə “Beşiktaş”ın özünün hədəflərini önə çəkir, Çempionlar Liqasında uğurlu çıxışın davamını gətirməyini vacibliyini vurğulayırdılar. Üstəlik, bu mövsüm Avropada tarix yazan “Beşiktaş”ın daxili çempionatda işləri qaydasında getmir, komanda gözləniləndən də çox xal itirir. Deməli, nəticə baxımından Tosun “Beşiktaş” üçün çox vacib fiqur idi. Amma müasir futbolda bəzən nəticələr, qələbələr, kuboklar maddiyyatın kölgəsində qalır, qurban verilir. “Beşiktaş” da belə davrandı. Onsuz da İstanbul klubunun “Bavariya”nı adlayacağı, Çempionlar Liqasının son səkkiz iddiaçısının sırasında olacağı o qədər də inandırıcı deyil. Türkiyə superliqasında isə ardıcıl iki il qızıl medal qazanan klubun bir az da pulu düşünməsi normaldı. Tosunun transferini alqışlayanların da, qınayanların da özünə görə haqlı olduğunu qəbul etməliyik. İndiki halda isə klub rəhbərliyinə haqq qazandırmamaq çətindi.
“Qarabağ”la Dino Ndlovu arasında yaşananlar da təxminən bu məsələyə oxşayır. Düzdü, Dinonun transferi zamanı söhbət heç də böyük pullardan, milyonlarla avrodan getmirdi. Heç Çinin birinci divizion təmsilçisi “Xançjou Qrintaun” da “Everton”la müqayisə olunacaq səviyyədə deyil ki, Azərbaycan premyer-liqasından onun İngiltərədəki adaşına futbolçu göndərməyimizlə qürrələnək. Amma bizim əleyhimizə olan bütün bu məqamlar belə reallığı dəyişmir. Reallıq isə Ndlovunun “Qarabağ”dan yeni müqavilə təklifi gözləməsi və təklif almayınca getmək qərarı verməsidi. Özü də bunu açıq dillə etiraf edir: “Dedim ki, “Qarabağ”da xoşbəxtəm, amma əvvəlki kimi gənc deyiləm. Yeni və daha yaxşı müqaviləyə ehtiyacım vardı. Onlar isə bunu mənə təklif etmədilər. Ləngiyə və yeni açılan fürsəti itirə bilməzdim. İlk növbədə ailəmi və karyeramı fikirləşməliydim”.
Şəxsən mən təəccüblənmədim. Siz də təəccüblənməyin. Beş-altı il əvvəl cavan-cavan azərbaycanlı futbolçular bu cür açıqlamalarla “Qarabağ”ı “Bakı”ya, “Neftçi”ni “Xəzər Lənkəran”a dəyişirdilər. Özü də onların heç Ndlovu qədər yaşı da yox idi. Düşünürdülər ki, ələ şans düşdüsə, ondan yararlanmaq, Hafiz Məmmədovla Mübariz Mənsimovun səxavətindən, onların ətrafında dolaşan işbazların tamahından istifadə etmək lazımdı. Onlar üçün işıqlı gələcək Avropa klublarında karyera, istedadlarının açılması, səviyyələrinin yüksəldilməsi yox, pul və ancaq pul idi. Biz bütün bunları bilavasitə görmüş, yaşamış və gənclərin bu üsulla özlərini məhv etməsinə təəssüflənmiş adamlarıq. Belədə öz xoşbəxtliyini 2011-ci ildən Avropada axtaran, daha sonra Çinə üz tutan Ndlovuni niyə qınamalıyıq?
Təxminən bir aydan sonra Ndlovunun 28 yaşı olacaq. Hücumçu mövqeyində oynayan biri üçün heç də az yaş deyil. Avropanın aparıcı klubları qolçu futbolçuları daha gənc yaşda transfer etməyə, onlardan yaşıl meydanda, daha sonra isə “bazar”da faydalanmağa çalışırlar. Çempionlar Liqasının qrup mərhələsində oynayan “Qarabağ” indiki səviyyəsinə görə Avropada Ndlovu üçün zirvə idi. Olsa-olsa, bundan sonra Türkiyənin ortabablarından, yaxud da Şərqi Avropa ölkələrinin zənginliyi ilə öyünə bilməyən klublarından təklif alardı. Onlar isə həm təklif etdikləri maaşa, həm də hədəflərinə görə aşağı-yuxarı elə “Qarabağ”ın səviyyəsində olacaqdılar. Dino Çempionlar Liqasının qrupunda da oynadı, bu həzzi də yaşadı. Daha Avropanın aparıcı klublarından təklif gözləməyə də dəyməzdi. Bu mənada bizə qalan Ndlovuya indiyə qədər “Qarabağ” üçün etdiklərinə, xüsusən də Danimarka paytaxtında vurduğu o qızıldan qiymətli qola görə təşəkkür etmək və uğurlar arzulamaqdı.
Gələk məsələnin “Qarabağ” tərəfinə. “Köhlən atlar” bu keçiddən maddi mənada yaxşı qazandı. Əlbəttə, indiki halda söhbət milyonlardan gedə bilməz. Amma iddia olunan məbləğ, yəni 750 min avro da az deyil. Nəzərə alaq ki, futbolçu özü də getməyi “kafasına qoyubmuş” və ən geci 3-4 aydan sonra bu ayrılıq yaşanacaqdı. Onda “Qarabağ” Dinoya görə heç kimdən heç nə tələb edə bilməyəcəkdi də. Məsələnin mənəvi tərəfinə baxanda isə “Qarabağ”ın itirdiyi göz qabağındadı. Dino səviyyəsində forvard hazırda komandada yoxdu. Yaxın vaxtlarda olacağı da inandırıcı görünmür. Çünki qarşıda əvvəlki kimi ciddi hədəflər dayanmır. Ölkə kubokunda “Sumqayıt” “köhlən atlar”a badalaq vursa da, bu badalaqda arxayınlığın və eksprimental heyətin ciddi rolu var. Antalyada nəfəsini yaxşıca dərən “Qarabağ”ın qızıl medalları kiməsə güzəştə gedəcəyinə inanmaq çətindi. İlkin hədəf ardıcıl beşinci dəfə Azərbaycan çempionu olmaqdısa, buna çatmaq mümkündü. Sonrası isə bir qədər mürəkkəb görünür. UEFA-nın məlum dəyişikliyi “Qarabağ”ı avrokuboklarda bir qədər həvəsdən salıb, hədəfsiz qoyub.
Təki biz yanılaq, amma onsuz da tək Dino ilə yenidən bahar olmayacaqdı. Bundan sonra bir qədər də başqa hədəflər üzərində düşünməliyik. Özü də təkcə “Qarabağ” yox, hamılıqla. Çempionatımızda klub sayı və rəqabət artmalı, azarkeşlər tribunalara qayıtmalıdı. Yalnız ondan sonra yeni dinolar, reynaldolar axtarmaq, böyük hədəflərin xəyallarını qurmaq mümkündü.
Amal ABUŞOV
“Qarabağ”ın yaxın və uzaq hədəfləri




Fikirlərini bizimlə bölüş!