AFFA yanında Media Komitəsinin maliyyə dəstəyiylə “Fəaliyyətini dayandırmış Azərbaycan klubları – Səbəblərin araşdırılması” layihəsinin ikinci hissəsinin icrasını davam etdiririk.
İlk Azərbaycan çempionatından bu günə kimi yüksək liqada 58 komanda çıxış edib ki, bu komandalardan da 44-ü tarixin yaddaşına köçüb. Fəaliyyətini dayandırmışlar arasında uzun müddət yüksək liqada çıxış etmiş komandalardan təmsil etdikləri rayonun, şəhərin fəxri olan, hələ də yaddaşlarda qalanlar da, qısa müddətdə görünüb yoxa çıxan, çoxdan unudulmuş olanlar da var. Ölkə çempionatının güclülər dəstəsində iki – “Tərəqqi” və “Azneftyağ” adı altında çıxış etmiş komanda da məhz ikincilərdəndi.
Eyni məşqçi, eyni heyət, fərqli komanda
“Tərəqqi”nin əsası 1991-ci ildə qoyulub. Komanda SSRİ-nin 2-ci divizionunun 3-cü zonası sayılan Azərbaycan çempionatında çıxış edən “Araz” komandasının bazasında yaradılıb. Eyniadlı zavodun maliyyələşdirdiyi komanda burda maliyyə problemləri başladıqdan sonra fəaliyyətini dayandırmalı olub. Vladimir Karmayevin çalışdırdığı “Araz” burda heç də zəiflərdən deyildi. “Zavod komandası” son mövsümdə 20 komandanın mübarizə apardığı çempionatı 6-cı pillədə başa vurmuşdu.
“Araz” fəaliyyətini dayandırdıqdan sonra burdakı məşqçilər, futbolçular yeni komandada birləşir. Beləcə, Azərbaycan futbolu yeni – “Tərəqqi” komandasıyla tanış olur. 1992-ci ildə təşkil edilən ilk müstəqil ölkə çempionatının 26 iştirakçısı arasında “Tərəqqi” də olur. Karmayevdən sonra komandanın “sükanı arxasına” Kazbek Tuayev və Ağasəlim Mircavadov keçir. Komandanın əsas qurucusu isə hazırda həyatda olmayan Vladimir Karmayev olub. Mircavadovun sözlərinə görə, onu bu komandaya da məhz mərhum məşqçi Karmayev dəvət edib:
“O vaxt “Araz” komandası var idi. Eyniadlı zavodun komandasıydı. Həmin komandada Karmayev baş məşqçi idi. “Tərəqqi” də məhz “Araz”ın bazasında yaradıldı. “Araz” yaxşı komanda idi, orda istedadlı oyunçular çıxış edirdi. O vaxtlar bu komandadan “Neftçi”yə çoxlu futbolçular gəlmişdi. “Araz” sovet dövründə ancaq Azərbaycan çempionatlarında çıxış edirdi. O vaxt Azərbaycan çempionatı SSRİ-də 3-cü liqa sayılırdı. Ölkələr müstəqillik əldə etdikdən sonra bu komandalar Azərbaycan çempionatında çıxış etməyə başladı. “Araz” komandasının nəzdində də “Tərəqqi” yaradıldı. O vaxt mən “Qarabağ”da baş məşqçi idim. Bu komandadan ayrıldıqdan sonra mərhum Karmayev məni “Tərəqqi”yə dəvət etdi. O, gözəl insan və yaxşı mütəxəssis idi. Mənə təklif etdi ki, bu komandada işləyim. Mən də razılaşdım. Burda Kazbek Tuayevlə birgə çalışırdıq. Ancaq mən çox çalışmadım. Qısa müddət çalışdıqdan sonra yenidən “Qarabağ”a qayıtdım. Yaxşı komanda idi, ancaq imkansızlıq üzündən dağıldı”.
“Turan”ı keçdi, “Kür”də batdı
Sovet Azərbaycanında ortabablardan sayılan “Araz” kimi “Tərəqqi” də müstəqil Azərbaycan çempionatının ortabablarından idi. Komanda ilk mövsümündə heç də pis çıxış etmir. Əsası gənclərdən qurulmuş “Tərəqqi” Azərbaycan çempionatının güclülər dəstəsinin B qrupunu 13 komanda arasında 5-ci pillədə başa vurur. Beləliklə, komanda ilk ölkə çempionatında yüksək liqada yerini qoruyub saxlamağı bacarır. Özəyi gənclərdən təşkil edilmiş komandanın elə əsas məqsədi də bundan ibarət idi. Final mərhələsində 8-ci olan “Tərəqqi” yekunda ilk Azərbaycan çempionatını 26 komanda arasında 9-cu pillədə başa vurur.
Maraqlıdı ki, komanda gözlənilmədən ilk ölkə kubokunda uğurlu çıxış edir. 1/4 finalda həmin vaxt ölkənin ən güclülərindən olan Tovuz “Turan”ını mübarizədən kənarlaşdıran “Tərəqqi” yarımfinala vəsiqə qazanır. Ancaq komandanın bundan artığına gücü çatmır və Mingəçevir “Kür”ü ilə oyunda məğlub olaraq (0:2) mübarizəni dayandırır.
İlk qaradərili də burda oynayıb
İlk mövsümdə komandanın qapısını qaradərili qapıçı qoruyurdu. Aamusa-Alfred Sisey adlı qolkiper ölkə çempionatlarında çıxış etmiş ilk qaradərili olsa da, ilk legioner olmayıb. Belə ki, Sisey əsl Sumqayıt uşağı idi. O, Syerre-Leonedən olan tələbəylə sumqayıtlı rus xanımın nigahından dünyaya gəlmişdi. Sisey komandada cəmi bir mövsüm çıxış edir. 7 oyunda “çərçivə”də yer alan Aamusa qapısında 17 top görür. Sonradan komandada başlamış maliyyə böhranı qaradərili qapıçının da seçiminə təsir edir və o, futbolun daşını ataraq başqa sahəyə üz tutur.
Oxla işarələnən futbolçu Aamusa-Alfred Siseydi
Gənc, döyüşkən, ancaq imkansız komanda
Komandanın ilk üzvlərindən, həm də ilk kapitanı olmuş İmanxan Sultani deyir ki, “Tərəqqi” gənc və döyüşkən komanda idi:
“Tərəqqi” yarananda bu komandada olmuşam. Əvvəllər Bakı “Araz”ı var idi. Elə “Tərəqqi” komandası da “Araz”ın bazası əsasında yaradılmışdı. Demək olar, eyni oyunçular idi. Baş məşqçi kimi yenə Karmayev çalışırdı. Sonradan Kazbek Tuayev, Gündüz Cəfərov, Ağasəlim Mircavadov da burda çalışdı.
1989-cu ildən “Araz”da oynayırdım. Ancaq “Araz” zavodu dağıldıqdan sonra komanda da fəaliyyətini dayandırdı. Burda çıxış edən oyunçular, məşqçilər isə “Tərəqqi”də birləşdi. Komandanın ilk kapitanı mən olmuşam. Birinci Azərbaycan çempionatında çıxış etdik. 26 komanda arasında 9-cu olaraq, yüksək liqada qaldıq. Cəmi bir il “Tərəqqi”də çıxış etdim. Sonradan mən yeni yaranmış “Xəzri”yə yollandım. Baş məşqçilərdən Ağasəlim Mircavadov “Qarabağ”a, Kazbek Tuayev isə “Turan”a getdi.
Yaxşı komandamız var idi. Kollektivdə 3-4 yaşlı oyunçu var idi. Qalan hamısı gənclər idi. “Tərəqqi” çox döyüşkən, əzmkar komandaydı”.
“Tərəqqi”dən “Azneftyağ”a
Ancaq Sultaninin dediyi kimi, ilk mövsümdən sonra komandada “yarpaq tökümü” başlayır. Ciddi maliyyə çətinliyi ilə üzləşən komandanın əsas üzvləri digər klublara üz tutur. Elə bunun nəticəsində də “Tərəqqi” növbəti mövsümdə zəif çıxış edir. Bakı klubu 2-ci Azərbaycan çempionatına yeni – “Azneftyağ” adı altında qatılır. Buna səbəb, komandanın məhz burdan maliyyələşməsi idi. Amma burdan ayrılan pul kluba kifayət etmirdi. Maddi çətinliklər komandanın çıxışında da özünü göstərirdi. Ölkə çempionatının A qrupunda 10 komanda arasında 9-cu olan “Azneftyağ” birinci diviziona düşür.
Püşk “Azneftyağ”ın üzünə gülsə də…
Ancaq komandanın birinci diviziondakı macərası cəmi bir mövsüm çəkir. Gündüz Cəfərovun çalışdırdığı komanda birinci divizionun ilk mərhələsini A qrupunda 10 komanda arasında 1-ci pillədə başa vuraraq final mərhələsinə vəsiqə qazanır. Burda isə Bakı təmsilçisi OİK və “OİK-Göyəzən”lə (Qazax) mübarizə aparmalı olur. Üç komandanın mübarizə apardığı final mərhələsinin B qrupunda bütün oyunlar heç-heçə nəticələnir. Güclülər dəstəsinə vəsiqə isə püşklə müəyyənləşir. Püşk Gündüz Cəfərovun komandasının üzünə gülür. Amma tale “Azneftyağ”ın üzünə gülmür. Belə ki, əziyyət çəkib, güclülər dəstəsinə vəsiqə qazanan komandaya burda cəmi 4 oyun keçirmək qismət olur.
Gündüz Cəfərov həmin vaxtda futbolçuların nəinki mükafat, maaş, ümumiyyətlə, oyunlara getmək üçün yolpulu belə tapmadığını deyir:
“Komandanı yüksək liqaya mən çıxardım. Birinci divizionda final mərhələsinə vəsiqə qazandıq. Burda OİK, “OİK-Göyəzən” və biz çıxış edirdik. Bütün oyunlar heç-heçə nəticələndiyindən, yüksək liqaya vəsiqə qazanan komandanı püşklə müəyyənləşdirdilər. Amma güclülər dəstəsində çox çıxış edə bilmədik. Komandanın maliyyə vəziyyəti çox pis idi. Pul yox idi, buna görə də, komandanı saxlaya bilmədik. Kluba Gəncəyə yollanmaq üçün balaca avtobus ayırmışdılar. Mən getmədim, dedim ki, “daha işləmirəm”. Nə yolpulu var idi, nə yeməkpulu, heç nə. Həmin dövrdə ölkə futbolunda vəziyyət pis idi. Əvvəlki illərdə komandanı zorla saxlamışdıq. Futbolçular heç meydana çıxmaq istəmirdilər. Sadəcə olaraq, yüksək liqada çıxış etdiyimizdən, futbolçuları yola gətirib bir neçə oyuna çıxara bildik. 3-4 oyun oynadıq, ancaq heç bir dəyişiklik yox idi. Futbolçular maaş almırdılar.
Əslində, yaxşı komandamız var idi. Gənc uşaqlar idi. Pul olsaydı, yaxşı komanda olardı. Ancaq elə vəziyyət yarandı ki, komandanı saxlamaq mümkün olmadı. Özü də, indiki kimi külli miqdarda vəsait lazım deyildi. O vaxtlar 5-10 manata oynayırdılar. Lakin komandanı saxlamaq üçün az miqdarda da pul tapılmadı. Buna görə, komandanı buraxmalı olduq”.
“Kəpəz”lə oyuna getmədi, nəticələri ləğv olundu
Güclülər dəstəsinin 1994/95 mövsümünün ilk 4 turunda çıxış edən komanda 5-ci tur çərçivəsində Gəncədə baş tutmalı olan “Kəpəz”lə oyuna yollanmır. Çempionatın ilk dövrəsi baça çatmamış mübarizəni dayandıran “Azneftyağ”ın həmin mövsümkü nəticələri də ləğv olunur.
“Azneftyağ”ın nəticəsi ləğv olunan oyunları:
28 avqust, 1994
Xəzər (Lənkəran) – Azneftyağ 2:1
14 sentyabr, 1994
Azneftyağ – Qarabağ 1:3
18 sentyabr, 1994
Xəzri – Azneftyağ 3:0
25 sentyabr, 1994
Azneftyağ – Turan 0:5
Komandanın ölkə çempionatının güclülər dəstəsində ən yaxşı bombardirləri hərəyə 7 qol vurmuş Samir Məmmədov və Kamil Bayramovdu.“Azneftyağ”ın heyətində ən çox oyun keçirmiş futbolçu isə Qəni Rzayevdi – 46 oyun.
23 il…
Artıq “Azneftyağ”ın fəaliyyətini dayandırmasından 23 il ötür. Maraqlıdı ki, bu komandanın adı nəinki futbol azarkeşlərinin, hətta burda çıxış etmiş oyunçuların, məşqçilərin də yadından çıxıb. Vaxtilə komandada çıxış etmiş futbolçular və məşqçilər bu komandanı çox çətinliklə xatırladı. Cəmi üç il fəaliyyət göstərmiş komanda heç bir ciddi uğurla yadda qalmasa da, müstəqil Azərbaycanın ilk ölkə çempionatının iştirakçısı kimi adını ölkə futbolunun tarixinə yazdıra bildi.




Fikirlərini bizimlə bölüş!