“Neftçi” – “Qarabağ” oyununda penaltinin olub-olmadığı vecimə də deyil. Hesab edirəm ki, penaltinin olub-olmadığı barədə mənim deyəcəyim fikirlər də kiminsə vecinə deyil. Hamının vecinə olan fikir Ramin Musayevindi ki, o da “penalti yox idi” deyib.
Mənim üçün maraqlıdı, “Neftçi” rəsmiləri Ramin Musayevin bu təsdiqindən sonra Xaqani Məmmədovu niyə axtarıb? Axı Xaqani Məmmədovun fikirləri kimin vecinədi ki? Deyək ki, Xaqani Məmmədov “Kardosonun ayağı Reynaldonun topuğunu tapdı, Reynaldonun topuğu Kardosonun ayağını tapmadı” düşüncəsindən çıxış edərək “penalti yox idi” desin. Nə dəyişəcək ki? Hə, demək istəyirsiz ki, Ramin Musayevin “penalti yox idi” deməsindən sonra Xaqani Məmmədovun “penalti var idi” deməyə “duxu” çatmaz?
Ay sağ olun, mən də bilirəm ki, “duxu” çatmaz. Bəs elə isə nə istəyirsiz Xaqani Məmmədovdan? Bəlkə elə hesab edirsiz ki, Xaqani Məmmədovu Tahir Süleymanov, ya da Əli, Vəli, Pirvəli əvəzləsə hər şey düzələcək? Yox, düzəlməyəcək. Vəziyyətin düzəlməyəcəyini “Xaqani Məmmədov getməlidi” deyən “Neftçi”nin prezidenti Sadıq Sadıqov da, onun müşaviri Elnur Əşrəfoğlu da bilir.
Vəziyyətin düzəlməsi üçün Xaqani Məmmədovdan əvvəl gedəsi adamlar var. Məsələn, biri elə Ramin Musayev. Ancaq Ramin Musayevin də gedişi heç nəyi dəyişməyəcək. Nöşün ki, vəziyyətin düzəlməsi üçün ondan da əvvəl gedəsi şəxs var. Rövnəq Abdullayevi deyirəm. Bilirəm, onun adı çəkiləndə “Neftçi” rəsmilərini qaşınma tutur. Ancaq neynəyək, reallıq budu. Azərbaycan futbolunda saxtakarlığın, qeyri-sağlam mühitin, ədalətsiz idman rəqabətinin “inkişafı” məhz bu şəxsin AFFA prezidenti olmasından sonra çiçəklənib.
Bu, elə mühitdi ki, gec-tez orda hər kəsin haqqı tapdalanacaq. Bu gün “Neftçi”nin qapısına haqsız penalti verilib, sabah “Neftçi” kiminsə qapısına haqsız penalti vuracaq.
Vəssalam! Durum bu qədər sadədi. Min dəfə yazmışıq, min birinci dəfə də yazırıq: hakimlər sizin haqqınızı tapdalayanda yox, hakimlərin vasitəsiylə kiminsə haqqını tapdalayanda danışın, etiraz edin.
Bunu bacararsız? Yəqin ki, yox. Bacarsaz, Xaqani Məmmədovun yox, Rövnəq Abdullayevin istefasını tələb edərdiz. Başınızı salın aşağı, “oyun”unuzu oynayın. Darıxmayın, növbəti oyunlarda haqqı yeyilənlərə kiminsə haqqını yemək fürsəti veriləcək.




Fikirlərini bizimlə bölüş!