Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Qatilin sifarişçiyə zəngi

“Xəzər Lənkəran”ın qatili Ramil Diniyev “Rəvan”la oyunda törətdiyi qətliamdan dərhal sonra PFL prezidenti Ramin Musayevə zəng edib və hesabat verib. Bunu Musayev özü etiraf edib:

“Diniyev mənə oyunu yüksək səviyyədə keçirdiyini bildirdi. Penaltiyə gəlincə, hakim qeyd etdi ki, həmin epizodda "Xəzər Lənkəran"ın müdafiəçisi "Rəvan"ın futbolçusunu dirsəyi ilə vurur. Hər halda, mənə elə dedi”.

Əcəba, Ramil Diniyev Musayevə niyə zəng etsin ki? Axı hakimlər Peşəkar Futbol Liqasına tabe deyillər. Hakimlər Komitəsi AFFA-nın nəzdindədi. Ramil Diniyev Hakimlər Komitəsinin sədri Xaqani Məmmədova zəng etməliydi axı. Hətta onun AFFA-nın baş katibi Elxan Məmmədova da zəng etməsində məntiq olardı, amma Ramin Musayevi aramasında…

Bu, qatilin sifarişçiyə zəngidi. “Xəzər Lənkəran” həmin gün qətlə yeririlməliydi. Nəyin bahasına olursa-olsun. Hətta bütün Azərbaycanın gözü qarşısında olsa belə. Qətli sifariş verən belə şərt qoymuşdu. Qatil də bu sifarişi yerinə yetirdi. Və oyundan sonra zəng edərək qətli yüsək səviyyədə icra etdiyini bildirdi. İndi Ramin Musayev bu qatili qorumalıdı. Qorumaq üçün “Rəvan”ın futbolçusuna dəyən dirsəyi tapmalıdı axı. Dirsək hardadı? Onu Diniyevin gözündən çıxarmayacaq ki. Başqa yol yoxdu, qətlin sifarişçisi Ramin Musayev özünü qorumaq üçün qatili – Ramil Diniyevi qurban verməlidi. Qatil sifarişçiyə zəng etməklə işləri korlayıb. Həyəcanlı olub. O boyda qətli törədən həyəcanlı olar də…

Fikirlərini bizimlə bölüş!