Məşqçilər Komitəsinin üzvləri U-19 millimizin baş məşqçisi Nikolay Adamı sorğu-suala çəkibmişlər. Görüşdən çəkilən şəkillərə baxdım və bir xeyli güldüm.
“Neftçi”nin rəflərinə kuboklar düzülmüş dolabı olduğu kimi, Məşqçilər Komitəsinin də bir dəyirmi masası var. Kimi tapdılar otuzdururlar o masanın ətrafında, özləri də yığılırlar. Dərhal da AFFA-nın fotoqrafı dəvət olunur, otağın dörd küncündən şəkillər fotokameranın yaddaşına köçürüləndən sonra idman saytlarına tirajlanır. Eynilə Bakının tort mağazalarında, yaxud saç kəsimi salonlarında bu cür şablon sevgisi hökm sürür. Yaxınlaşırsan, kataloqu qarşına qoyurlar ki, sifarişini ver, arzunu yerinə yetirək. Belə yerdə fantaziyalara yer qalmır.
Vaqif Sadıqovun Adamla görüşdən sonra açıqlamalar da xeyli dərin məna kəsb edirdi, oxuduqca kövrəlməmək mümkün deyilmiş. Bu məmləkətdə futbolla birbalaca maraqlanan uşaq da yaxşı başa düşür ki, Nikolay müəllim hindlilərlə anlaşıb, Elxan Məmmədovun “buxovundan” azad olacağı günü iplə çəkir. Su bir yerda qalanda necə iylənirsə, Adam da Azərbaycanda çalışmaqdan o cür təngə gəlib. Bu “iydən” qurtulmaq üçün başını götürüb ta uzaq Hindistana qaçacaq. Azərbaycanlı uşaqların nazıyla oynamaq onun heç də ürəyincə deyil. Şam yeməyi zamanı yuxuya gedən, yeməkxanaya vaxtında çata bilməyən Budaq Nəsirovun Bakıya göndərilməsi Adamın yeniyetmələrlə psixoloq kimi davranmaq bacarığının olmamasından xəbər verir.
Eyni davranışları Mirbağır İsayevdə də müşahidə etmişəm. Onlar 17-18 yaşlı yeniyetməni cəzalandırmaq əvəzinə onu şirin dillə anlatmağın, tərbiyələndirməyin vacib olduğunu qulaqardına vururlar. Canları sağ olsun. Budağı qovun, əvəzində Antonu bərk-bərk qucaqlayın. Məşqçilər Komitəsi də bu ədalətsizliyə dözsün. Ağsaqqal mütəxəssislər son 3 ayda o qədər görüş keçirdilər ki, futbolumuzun olan-qalan inkişaf işartıları da söndü.
Əsas millidə birdən-birə bu qədər dağıstanlının start heyətində meydana çıxmasını çoxdandı görməmişdik. Xorvatiyalı çalışdırıcı çarığını ayağına geyinib, gecə-gündüz stadionları dolaşdı. Amma “Sumqayıt”ın futbolçularından və Anton Krivotçukdan başqa heç kimi tapa bilmədi. Heyf sizin keçirdiyiniz görüşlərə, çəkdirdiyiniz şəkillərə. Budağın qovulması, irlandların qapımızı aşsüzənə döndərməsi, hamısı sirli mistikanın əlamətləridi. Komitə üzvləri Adamla görüşməsəydilər, gecə-gündüz Prosineçkinin şəninə tərif söyləməsəydilər bunların heç birisi olmayacaqdı.
Belə yerdə yadıma qaval daşının sirrindən bəhs edən cizgi filmi düşdü. Qəbilə başçısı cavanların qaya üzərinə müxtəlif heyvan şəkilləri çəkməsindən qeyzlənib onlara acıqlanarkən belə deyir: “bəsdir qaya cizdiniz, itilin ov dalınca!” Bizim futbolda da vəziyyət o cürədi. AFFA 10 ilə yaxındı Almaniyadan, Hollandiyadan Azərbaycana mütxəssislər çağırır. Qavalımızdandan səs çıxarmağı bacarmırlar, futbolumuz yerində ora-bura ləngər vurur. Hamı qaya cizir, dəyirmi masa ətrafında görüş keçirir, bər-bəzəkli açıqlamalar verir. Amma ov dalınca gedən yoxdu. Bizimkiləri qaval daşı arxasınca göndərmək də faydasızdı, çünki heç daşın sirrini də gətirə bilməyəcəklər.




Fikirlərini bizimlə bölüş!