11 avqust, Bakı vaxtı ilə saat 07:50. Heydər Əliyev Beynəlxalq Hava Limanına növbəti səfərə çıxmaq üçün gəlmişəm. Bu gün son Azərbaycan çempionu “Neftçi” Avropa Liqasının 3-cü təsnifat mərhələsində HİK-in qonağı olacaq. Bu məqsədlə flaqmanın Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin təşkilatçılığı ilə Finlandiyanın paytaxtı Helsinkiyə yollanırıq. Yuxudan ayılmaq və yorğunluğu çıxarmaq üçün həmkarlarımızla birgə isti kofe içdikdən sonra passport nəzarəti məntəqəsindən keçdik. “Neftçi” isə hələ gəlməmişdi. Komanda bir az gecikirdi. Hamıya maraqlı idi ki, son günlərdə “Bursaspor”a transfer olunacağı gözlənilən Namik Ələskərov bizimlə Finlandiyaya yollanacaq, ya yox? Komandanın üzvləri gözləmə məntəqəsinə gəldi. Hamı burda idi – klubun prezidenti Kamran Quliyev, futbolçular və digər “Neftçi” rəsmiləri. Gözümüzə Namik Ələskərovla yeni transfer Huqo Basto dəymirdi. Portəgizli müdafiəçi koronavirusa yoluxduğu üçün səfərə aparılmırdı. Namik isə…
Hər şeyə rəğmən, komandada əhval-ruhiyyə yaxşı idi. Futbolçular bir-biri ilə zarafatlaşırdılar. Kamran Quliyev oyunçular, media nümayəndələri və digər rəsmilər ilə söhbətləşirdi. Başqa cür ola da bilməzdi. Bizi 4 saatlıq səfər gözləyirdi və hamıya yüksək əhval-ruhiyyə lazım idi. Sadəcə, Samir Abasov sakit idi. O, bir kənarda əyləşmişdi. Saat 10.10-da təyyarə tərpəndi. Yolboyu maraqlı hadisələr yaşandı. Həm futbolçular, həm də jurnalistlər şən idi. Hətta media nümayəndələrinin öz aralarında keçirdikləri intellektual yarışa ara-sıra “Neftçi”dəkilər də qoşulurdular. Samir Abbasovun isə nə səsi çıxırdı, nə də görünürdü…
Yerli vaxtla saat 15.40-da Helsinki-Vantaa Hava Limanına çatdıq. Afinadan fərqli burda yoxlanışdan tez keçdik. Hava tutqun və sərin idi. Bu da Bakıda qızmar günəşdə bişən azərbaycanlılar üçün xoş idi. Bundan sonra “Neftçi” üzvləri “Scandic”, jurnalistlər isə “Arthur” otelində məskunlaşmaq üçün yola düşdülər. Məskən saldığımız yer hava limanından təxminən 35 dəqiqəlik məsafədə yerləşir. İlk təəssürat üçün deyə bilərəm ki, şəhər çox gözəldi. Hər yer yaşıllıqdan və tarixi ənənələrini qoruyan binalardan ibarətdi. Helsinkidə velosipedsevərlər üçün ayrıca yol var. Şəhərdə bir çox insanlar skuterlərdə gəzirlər. Finlandiyanın paytaxtında sözün əsl mənasında həyat səviyyəsi yüksəkdi. Bu, insanların simasında da hiss olunur. Hamı gülür, hamı xoşbəxtdi. Helsinkidə dilənçilər də var idi. Amma onlar yerli xalqın nümayəndələri deyillər. Burda bu işlə məşğul olanlar ya ərəblər, ya afrikalılar, ya da Asiya qitəsinin digər ölkələrinin nümayəndələridi. Paytaxtda müasir avtomobillər çoxdu. Lakin dəbdəbəli və bahalı maşın sürənlər, demək olar ki, yoxdu.
Mətbuat konfransı başlamamışdan 2 saat öncə yaxınlıqdakı “Ateneum” adlanan ərazidə gəzdim. İnsan həqiqətən də yaşamağın nə olduğunu Helsinkidə hiss edir. Sərin hava, gülərüz insanlar və səliqəli nəqliyyat sistemi. Helsinkidə tramvay, trolleybus və avtobus xidmətlərindən yararlanmaq olur. Amma tıxac görmək mümkün deyil.
Xoş ab-havada mətbuat konfransında iştirak etmək üçün “Bolt Arena”ya yollandıq. Əvvəlcədən deyim ki, stadion Helsinki Olimpiya Kompleksinin yanında yerləşir. Ümumiyyətlə, şəhərdə bir çox yerlərdə, günün müxtəlif saatlarında stadionlarda məşq edən uşaqları görmək mümkündü. Meydanların çoxunun da ot örtüyü təbii idi. Baxmayaraq ki, “Bolt Arena”da bu sunidi. Stadiona çatar-çatmaz xanım əməkdaş bizi gülərüzlə qarşılasa da, qanımızı qaraltdı. O, “Neftçi”nin 55 nəfər nümayəndə heyətindən başqa heç kimi stadiona buraxmayacağını bildirdi. Nə etsək də, sözündən dönmədi. Sonda özünü yetişdirən klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev güclə məsələni yoluna qoydu. Bu işdə ona tərcüməçi Vüqar da kömək oldu. Stadiona daxil olan kimi yenə əsəblərimiz oynadı. HİK-in mətbuat katibi konfrans üçün otağın ayrılmadığını bildirdi. Səbəb kimi də koronavirus pandemiyasını göstərdi. Ki, qapalı məkana bu qədər adam yığışa bilməz. Rüstəm Allahverdiyev proseduru ona izah etsə də, inadlarından dönmədilər. Bu hadisələr baş verən ərəfədə Samir Abasov hamıdan qıraqda durub, qara-qara düşünürdü. O, xəyallara dalmışdı. Heç nə vecinə deyildi. Məsələ isə həllini tapmadı. Finlər fikirlərindən dönmədilər. Mətbuat konfransı tribunada, pivə stollarının arxasında keçirildi. Samir Abasov səbirlə, təmkinlə iştirak etdi. Konfrans zamanı baş məşqçidən soruşdum ki, “qırağa çəkilib, dərin fikrə getmişdiz. Nə düşünürdüz?” Gülərək, “konfransın tez başlayıb, bitməsini düşünürdüm”. Sonra da bildirdi ki, “sabah görəcəksiz nə düşünürdüm”.
HİK-in belə qeyri-peşəkar davranışına baxmayaraq, “Neftçi”də əhval-ruhiyyə yüksək səviyyədə idi. Ümid edirik ki, Samir Abasovun komandası başverənlərə meydanda cavab verəcək. “Neftçi” finləri məğlub edərək Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaqla ən azı Konfrans Liqasının qrup mərhələsində iştirakını rəsmiləşdirəcək. Hər şey isə bugünkü matçda bəlli olacaq. Ümid edək ki, Finlandiya Avropa Liqasında iştirak etmək üçün FİN olmayacaq. FİN fransız dilində “son” deməkdi.
İlkin SULTANLI, Helsinki




Fikirlərini bizimlə bölüş!