Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Qırtımov üçün status

Ötən gün diqqətimi daha çox çəkən iki faktla rastlaşdım. Onlardan birincisi qanımı necə qaraltmışdısa, ikincisiylə qarşılaşanda nisbətən sakitləşdim. Çünki bir-birindən böyük ölçüdə fərqlənən, tam əks qütblərdə dayanan faktlar idi.

Əməkdaşımızın "Simurq"un futbolçusu İlkin Qırtımovdan götürdüyü müsahibə məni əməlli-başlı dəhşətə gətirdi. Qəhrəmanımızdan bir neçə gün öncə püşkü atılan AÇ-2016-nın seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərinin kimliyi soruşulduqda o, bəlkə də heç kimin gözləmədiyi cavabı verib: "Xeyr, xəbərim yoxdu"…

Təsəvvür edin, yığmamızın rəqiblərinin kimliyinin bəlli olmasından 3 gün keçib, az qala bütün Azərbaycan ən azı İtaliya kimi futbol nəhəngi ilə bir qrupa düşməyimizdən, Xorvatiya, Norveç və Bolqarıstanla mübarizədə şanslarımızın olmamasından danışır, futbolla yatıb-qalxan biri isə yığmamızın hansı rəqiblərlə düşməsindən xəbərsizdi. Görünür, fil qulağında yatan futbolçularımız da varmış, xəbərsizmişik.

Bəlkə də Qırtımovun son günlərin ən aktual məsələsindən bu cür xəbərsizliyi məni bu dərəcədə təəccübləndirməzdi. Ən təsirli məqam burasındadı ki, o, hazırda yığmaya əsas namizədlərdən biri hesab olunur və böyük ehtimalla qarşıdakı günlərdə adı millimizin Dubaydakı təlim-məşq toplanışına aparılacaq heyətinə salınacaq. Qəribə paradoksdu, deyilmi? Millinin aqbitəyilə maraqlanmayan, adicə gələcək rəqiblərinin kimliyindən xəbərsiz futbolçunu sabah bu komandanın heyətində görəcəyik.

Bəlkə də Qırtımov kimi dünyadan xəbərsiz, əhlikef futbolçularımızın sayı yetərincədi. Yenə də Avropadakı kimi gün ərzində 7-8 saat məşq etsəydilər, daha ciddi rejimlə yaşasaydılar, bu yazıqları başa düşmək olardı ki, mətbuatı, dünyada başverənləri, ən azı önəmli futbol xəbərlərini izləməyə vaxtları yoxdu. Baxmayaraq ki, həmin o avropalılar həm bütün futbol xəbərlərindən agahdılar, həm də bizim danışığı da sərgilədikləri futbol kimi bərbad olan "topqovan"larımızdan qat-qat səviyyəli açıqlamalar, müsahibələr verirlər. Bizimkilər isə saatyarım, uzağı 2 saat məşq edirlər, qalan vaxtlarını da "facebook"da, "odnoklassniki"də, adlarını bilmədiyim digər sosial şəbəkələrdə qız "bişirməklə" məşğul olurlar. Elə Qırtımovun da belə sosial şəbəkələrdə "səhifə"si var. Görünür, elə bu üzdən daha qlobal məsələlərlə, yığmamızın rəqibləriylə maraqlanmağa vaxtı yoxdu.

Yığmamızın baş məşqçisi Berti Foqts ötən il bir neçə toplanışa Qırtımovu da çağırmışdı. Alman qocanın onu hansı keyfiyyətlərinə görə milliyə dəvət etdiyindən xəbərim yoxdu. Amma dünyadan (millimizin rəqiblərindən) bixəbər bir futbolçunun sabah yenidən yığmaya dəvət olunması növbəti rüsvayçılıqdan başqa bir şey olmayacaq. "Neftçi"nin müdafiəçisi Mahir Şükürovun son dövrlərdəki tərbiyəsizliyini nəzərə alan Foqts millinin qapılarını onun üzünə necə qapadısa, Qırtımov kimi birisinin də ölkənin əsas komandasına dəvət olunmağa, o formanı geyməyə haqqı yoxdu! Ona görə yaxşı olardı ki, onsuz da tənqiddən başı ayazımayan alman mütəxəssis belə bir "siyasi səhf"ə yol verməsin.

Qırtımovun bu qanqaraldıcı açıqlamasından bir neçə saat sonra qəlbimi fərəhləndirən hadisə ilə də üzləşdim. Yığmamızın türk əsilli yarımmüdafiəçisi Əli Gökdəmir sosial şəbəkələrdən birindəki rəsmi səhifəsində Xocalı soyqırımı ilə bağlı paylaşım etdi. Sizi inandırıram ki, bu səhər Qırtımova zəng edib 26 fevral tarixinin nə günü olduğunu soruşan olsa, bilməzdi. Amma Azərbaycana yalnız yığmanın oyunları, toplanışları olanda gələn türkiyəli bir futbolçu ötən gündən xalqımızın bu faciəsinə biganə qalmayaraq çox təsirli status paylaşır.

Gökdəmiri pisləyən futbolçularımıza da, məşqçilərimizə də çox rast gəlmişəm. Sizi inandırıram ki, onların əksəri bu futbolçuya sadəcə, paxıllıq etdikləri üçün onu pisləyiblər. Məşqçilər isə görünür, digər yerli futbolçuların yanında özlərini şirin etməkçün əcnəbiləri, eləcə də Əlini pisləməyə çalışırdılar. İndi həmin futbolçulardan, məşqçilərdən hansısa üzə çıxıb yığmamızın rəqiblərinin kimliyindən xəbərsiz olan birisinin yığmaya layiq olmadığını car çəkə bilərmi? Şəxsən mən inanmıram. Ancaq Gökdəmir Azərbaycana olan diqqətini və hörmətini bir hərəkəti ilə göstərdi. Qoy, milli komandada da milli dəyərlərə belə önəm verənlər oynasın.

Fikirlərini bizimlə bölüş!