Heç bir ay tamam olmayıb. Amma bu müddət “Araz-Naxçıvan”ın özünü təkzib etməsi üçün kifayət edib.
Mövsümün startında muxtar respublika təmsilçisində qəribə vəziyyət yaranmışdı. Cavid Hüseynov baş məşqçi idi, amma müvafiq lisenziyası olmadığından, onun yanına Zaur İsmayılov əyləşdi. Bu şəxs zatən köməkçi-məşqçi idi, amma qaydalara əməl etmək naminə onu da baş məşqçi təyin etdilər, “qızın iki adaxlısı” oldu. Ondan sonra “Araz-Naxçıvan”da qərarları Hüseynov verirdi, İsmayılov formal baş məşqçi kimi yalnız mətbuat konfranslarına qatılırdı – yalnız onun kateqoriyası buna imkan verirdi.
Belə oyunbazlıq ötən aya kimi davam etdi və hətta iki baş məşqçi də komandanı uğursuzluqdan qurtara bilmədi. Onların hazırladığı komandanı iki turdur təyinat almış Yuri Masimov da son pillədən çıxarmağı bacarmır. Amma məsələ başqadır…
…İş ondadır ki, sentyabrın 21-də verilən qərarda Cavid Hüseynov və Zaur İsmayılovla yolların ayrılması qeyd olunmuşdu. Rəsmi açıqlamada onların qüvvədə olan müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyi yazılmışdı.
Dünən isə bəlli oldu ki, İsmayılov Maksimovun məşqçilər korpusundadır, hətta matçdan sonra ukraynalının məhəl qoymadığı canlı yayımçı “CBC Sport”un mikrofonları önünə məhz o çıxdı. Hüseynovla tandemdə olduğu kimi, yenə baş məşqçinin əvəzinə danışdı, öz ağlına uyğun açıqlamalar verdi.
Hələ İsmayılovun işdən çıxarıldığı barədə xəbəri oxuyanda inanmamışdım. Çünki bu adamı Zaur Axundovdan kimsə ayıra bilməz. “Araz-Naxçıvan”ın faktiki idarəçisi olan Axundov daha öncə “İnter/Keşlə/Şamaxı” klubunda rəhbər olarkən də İsmayılov onun yanında idi. Gah baş məşqçi olurdu, gah köməkçi, baş məşqçilər yaxına buraxmayanda isə adaşı akademiyada koordinator, inzibatçı, supuluyığan – hər hansı bir işə təhkim edirdi. Ona görə də İsmayılovun geri qaytarılıb Maksimovun yanına əyləşdirilməsinə təəccüblənmədim. Axundovun komanda daxilində olanları bilməsi üçün sadiq adama ehtiyacı var…
İsmayılov yaxşı məşqçi olmaya bilər, amma Axundovun istədiyi kimi işləməyə davam etdikcə ona boş post tapılacaq. Maksimov da gedəcək, məşqçi Zaur isə adaşının mərhəmətinə sığınıb hələ çox işlər görəcək.





Fikirlərini bizimlə bölüş!