• Allah bunların evini yıxsın, hansı “zapravka”ya girirsən, ya benzinə su qatırlar, ya da “bak”ı dolduranda aldadırlar.
• Uşağımı filan məktəbə qoymuşdum. Müəlliməsi uşağı gözüm-çıxdıya salmışdı ki, onun yanına hazırlığa getmir. Vallah, göndərərdim hazırlığa, amma ayda 130 manatı hardan tapım ona verim?
• Əşşşi, bizdə həkim var? Düz üç xəstəxanaya getmişəm, sinəmdə ağrı var idi, hər xəstəxanada bir diaqnoz qoydular.
• O gün filan yerdən dönər almışdım, nə əti idisə, yeyə bilmədim, atdım getdi.
Bütün bunlar Zimbabvedə, Nigeriyada və ya Somalidə baş vermir, vətənimizdə – Azərbaycanda az qala hər gün yaşadığımız, gördüyümüz, eşitdiyimiz şeylərdi. Və bütün bunlar hər gün baş verən cinayətlərin, saxtakarlıqların, oğurluqların, şərəfsizliklərin cüzi bir hissəsidi. Bizim hamımızın – ya qurban, ya quldur kimi – iştirak etdiyimiz cinayətlər, saxtakarlıqlar.
***
Son günlərdə iki açıqlama diqqətimi xüsusilə çəkdi. Biri təzəlikcə 21 yaşlılardan ibarət millimizin “sükanı arxasından” ayrılan Samir Ələkbərovun açıqlaması oldu:
“…Günüm gün deyildi. Bunu AFFA-nın məsul şəxslərinin üzünə də deyərəm. Telefonum dayanmırdı. Hamı mənə futbolçu göstərirdi. "Niyə onu götürmürsən, bunu götürmürsən?" deyirdilər”.
Bunu dəvəquşu, ördək, qaz yumurtası satmaq təklif olunan yumurta alveri edən hansısa satıcı demir, bunu Azərbaycanın milli komandasının baş məşqçisi olmuş biri deyir. O milli komanda ki, məsələn, Rövnəq Abdullayevi danışdırsan, “bizim qürur, şərəf yerimizdi” deyər. O milli komanda ki, sizin hər biriniz “millinin oyununda himnimiz səslənəndə tüklərim biz-biz olur” deyir. Hamınız deyir! Hər biriniz! Bəs onda sizin bu “şərəf, qürur” yerinizə kim soxmaq istəyib? Təbii ki, söhbət Ələkbərovun dediyi “Hamı mənə futbolçu göstərirdi” cümləsindən gedir. Hamının öz futbolçusunu soxmaq, soxuşdurmaq istədiyi “şərəf, qürur” yeri olan milli komanda. Və həmin milli komanda Almaniyaya 0:7 hesabı ilə uduzanda sizin hamınızın qeyrət damarı tutmuşdu, özünüzə yer tapa bilmirdiz, söyürdüz, təhqir edirdiz, aşağılayrdız, hoppanırdız, qoşa təpik atırdız və sair və ilaxır.
Samir Ələkbərovun dediyi həmin o “hamı”… Kimdi hamı? Mən, sən, o, biz, siz… “Zapravka”lardakı işçilər, məktəblərdəki müəllimlər, xəstəxanalardakı həkimlər, dönərxana işlədənlər. Amma bizim hansımıza sübut edə bilərlər düzgün yaşamadığımızı, vicdansızlıq etdiyimizi? Bizdən hansımız boynuna alacaq ki, Samir Ələkbərovun baş məşqçisi olduğu milliyə hansısa geydirmə, daydaylıq etdiyimiz futbolçunu soxuşdurmaq istəmişik? Kimsə dillənəcək, etiraf edəcək? Kimsə vicdansızlıq etdiyini boynuna alacaq? Düşünün, bu suala bir daha qayıdacam…
***
Diqqətimi çəkən ikinci açıqlama AFFA İcraiyyə Komitəsinin üzvü, “Neftçi”nin sabiq futbolçusu İsgəndər Cavadovun Qurban Qurbanovun əsas milliyə təyinatı, bu təyinatdan gözləntiləri haqda fikirləri oldu. Qurbanovun milliyə keçidindən danışan Cavadovun açıqlamasındakı o hirsi, hikkəni, hətta nifrəti hiss edə bilmişdim. Azərbaycanlının azərbaycanlıya olan klassik nifrəti, qısqanclığı, paxıllığı. Bu nifrət, hirs, hikkə nə Berti Foqtsa, nə Robert Prosineçkiyə, nə də mərhum Karlos Alberto Torresə olmuşdu. Amma Ağasəlim Mircavadova, Vaqif Sadıqova, Əsgər Abdullayevə, Şahin Diniyevə olub, olur, olacaq da. Sadəcə, yerlər dəyişir – nifrət edənlə, nifrət edilənin, millidə baş məşqçi olanla onun baş məşqçisi olduğu millinin uğursuzluğunu arzulayanların, millini çalışdıranla milliyə futbolçu soxuşdurmaq istəyənlərin yerləri.
Hə, indi deyin: Samir Ələkbərovun baş məşqçisi olduğu milli komandaya hansınız öz futbolçusunu soxuşdurmaq istəyib?




Fikirlərini bizimlə bölüş!