Elə bilirsiniz, Qurban Qurbanov millidən nəticələrə görə göndərildi? Hələ belə təbliğat aparılır ki, guya istefa verib. Dəqiq bilin, bu, ictimai fikri azdırmağa cəhddir. Guya o, dilemma qarşısında qoyulub, nəticədə millidən imtina edib, “Qarabağ”ı seçib. İftiradır. Qurbanovun fikri soruşulmadan, təklifləri dinlənilmədən onun haqqında qərar verilib. Bu absurdluq ətrafında bir az geniş qeydlərim var.
Ümumiyyətlə, bu “göndərildi”nin özü dəhşətli absurddur. Təsəvvür edin, AFFA İcraiyyə Komitəsi iclasa toplaşır (Çox maraqlıdır ki, son illərdə ilk dəfə tam tərkibdə), əsas məsələ millinin nəticələrinin (?) müzakirəsidir və İK-nın üzvlərindən biri olan Qurbanov iclasın bu hissəsindən kənar saxlanır/buraxılmır.
İK-da müzakirələr olur…
Qurbanov içəri çağırılır və ona birbaşa qərar açıqlanır.
Bu, absurddur. Ən əvvəl İK kimi mühüm qurumun üzvünə qarşı hörmətsizlikdir. Ona görə ki, müzakirə obyekti odur və haqqında qərar verilir – ən azı, onun da fikirləri, təklifləri eşidilməliydi. Ok, ad belə qoyulur ki, Qurbanov etik qaydalara görə iclasın o hissəsindən uzaq tutulur, aha, olsun. Lakin qərar onun fikirləri soruşulmadan niyə verilir?
Sizə də elə gəlirmi, bu proseslərin hamısı tam təbii formada baş verib? Yəni İK-nın 10 üzvü (Qurbanov xaric) hesab edib ki, baş məşqçi göndərilməlidir? Bəs adamı iclasa dəvət edib, nəticələr və gələcək planlar haqda nəsə soruşmaq olmazdımı?! Olmadı…
Niyə?
Ona görə ki, Qurbansız keçirilən və Qurbanın müzakirə edildiyi iclasda mütləq onun əleyhinə qərar verilməliydi. Bu qərarın “bişirilməsi” üçünsə müəyyən üzvlər “təlimatlandırılmışdı”.
İclasda o mühit “bişiriləndən” sonra Qurbanovun lehinə olsa da, Rövnəq Abdullayev də çoxluğun sözünə qoşulmalı olub…
Bax, bu məqamın baş verəcəyini dünən yazmışdıq. Ki, baş katibin “oyununa” getmək olmaz! Bu, bir hiylə idi…
İndi çox pis tendensiya formalaşacaq. Artıq futbol mühitində Elxan Məmmədovdan daha çox qorxulacaq. Onun personası ətrafında “basılmaz adam” obrazı formalaşdırmaq istəyənlərin əlinə fantastik arqument verildi.
Buyurun, bu da Qurbanovun təyinatından bu yana yazdığımız, yazdığmız, yazdığımız projenin yekunu…
Bəzən insanlar bu tip məlumatları oxuyanda bezirlər. İnanmırlar ki, baş katib hara, milli komandanın baş məşqçisinin qovulması hara…
Bu insan prosesləri belə ələ alıb, idarə edir. Ən xırda məsələlərdə belə mənfəətcil davranan birinin böyük ambisiyalar uğrunda hansı hoqqalara əl atacağını təsəvvür etmək çətin deyil.
Qurbanovun nəticələrə görə uzaqlaşdırılması… Absurdluğun apogeyidir.
Təsəvvür edin, Qurbanovun təyinatında AFFA rəhbərliyi açıqlayır ki, əsas hədəf aşağ yaş qruplarının inkişafıdır və bu işlərdə strategiyanın qurulması birbaşa Qurbanova həvalə edilsin, ona 6 il vaxt verilsin.
1 il sonra o nəticələr səbəb göstərilərək, biabırçı formada uzaqlaşdırılır. Nəticə də Millətlər Liqasında qeydə alınanlar…
Halbuki liqadan öncə, hətta gedişatında belə hədəf açıqlanmamışdı. Məqsəd Kosovo ilə oyundan əvvəl açıqlanır, bunu Elxan Məmmədov özbaşına edir: “Millinin minimum hədəfi qrupdan çıxmaqdır”.
Və milli uduzur – 0:4. Ondan sonra belə bir tezis atılır ortaya: “Ya "Qarabağ", ya milli”. Guya Qurbanovun qarşısında dilemma var və o, “Qarabağ”ı seçib, millini tərk edir. Lakin yalandır.
Onun fikri belə soruşulmayıb. Birbaşa nəticələrə görə göndərilməsinə qərar verilir…
Bu azmış kimi, aşağ yaş qruplarında bütün məşqçilərlə müqavilələr pozulur. Bu niyə?! Qurbanovun göndərilməsi ok, bəs aşağı yaş qruplarının məşqçilərinin?
Onlarda da problem nəticə göstərildi. Fantastika! Bəs material yetişdirməmiş məşqçidən nəticə gözləmək absurdluğu hara yazılsın?
Uzun sözün kəsəsi, əcnəbi məşqçinin gətirilməsi üçün zəmin yaradıldı. Bütün məşqçi postları boşaldıldı, əlbəttə, Vüqar Məmməd (U-19) xaric. Yeni məşqçi kim olacaqsa, o, özü sistemi quracaq. Onda da nəticələrə baxarıq…
Görək, yenə millinin nəticələri yaxşılaşmasa, İK onunla yolları 1 ilin tamamında ayırırmı…
Lakin niyəsə daim məşqçilər təqsirkar çıxır. 10 ildən çoxdur məşqçilərçün yetəri material hazırlaya bilməyən AFFA rəhbərliyində bircə dəyişiklik belə olmur…
Azərbaycan futbolunun ən böyük uğurlarına nail olmuş Qurbanov bunu “Qarabağ”da bacarmışdı. Çünki klubun rəhbərliyi daim onu dəstəklədi, axasında qaldı. Lakin millidə Qurbanov bacarıqsız oldu… İlk imkandaca onu aradan çıxarmaq istəyənlər canfəşanlıq edib, buna nail oldular. Əhsən!
Amma millinin nəticələri bu cür idarəçiliklə düzəlməyəcək! Bizi irəlidə uzun incə yol gözləyir. Marafon uzun olsa da, bu haqsızlığa qol qoyanların ifşası bizim vəzifə və mənəvi borcumuz idi və olacaq. Bu gün ölkə futbolunun xainlik günü oldu. Xainlər bağışlanmamalıdır.
Elçin Cəlilov




Fikirlərini bizimlə bölüş!