“Qarabağ”ın Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmasında böyük pay sahibi olan Reynaldo və Almeydanın milliləşdirilməsi məsələsi futbol ictimaiyyəti arasında müzakirə olunur. İctimaiyyət hər ikisinin 25 yaşı olan bu futbolçuların milliləşdirilməsini tələb etsə də, AFFA rəhbərliyi bunun əleyhinə çıxır.
AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, Reynaldo və Almeydanın milliləşdirilməsi mümkün deyil. Çünki FİFA-nın tələbinə görə, futbolçu bir ölkədə beş il çıxış etməlidir ki, onu milliləşdirmək mümkün olsun.
AFFA buna qədər xeyli futbolçunu milliləşdirib, indi də milliləşdirir, güman ki, bundan sonra da milliləşdirəcək. Özü də bu futbolçuların yaxından-uzaqdan Azərbaycanla heç vaxt əlaqəsi olmayıb, onlar nəinki beş il, heç beş gün də Azərbaycan çempionatında çıxış etməyiblər. Ancaq nədənsə AFFA-nın baş katibi onların milliləşdirilməsi üçün müəyyən “yol” tapır.
Elə isə eyni jest nədən Reynaldo və Almeydaya edilmir?
“Komanda.az” bununla bağlı məlumat əldə edib. AFFA-dakı mənbənin saytımıza verdiyi məlumata görə, baş katib Elxan Məmmədov “Qarabağ”ın güclənməsinin qarşısını almaq üçün bu futbolçuların milliləşdirilməsinə qarşı çıxır. Mənbə bildirir ki, Reynaldo və Almeyda milliləşdiriləcəyi halda, avtomatik olaraq legioner sayılmayacaqlar. Bu da Qurban Qurbanova imkan verəcək ki, onların əvəzində heyətə daha iki səviyyəli legioner cəlb edə bilsin.
Mənbə bildirir ki, Elxan Məmmədov Ramin Musayevə yaxınlığı ilə tanınan Qurban Qurbanovun uğur qazanmasını istəmir.
Baş katib hazırda millinin baş məşqçi postuna namizəd göstərilən Qurbanovu “vurmaq üçün” məqam axtarır. Reynaldo və Alemydanın milliləşdirilməsinə də əngəl məhz baş katib tərəfdən göstərilir.
Mənbə bildirir ki, bu məsələdə Məmmədova hətta AFFA prezidenti Rövnəq Abdullayev də təsir göstərə bilmir. Baş katib himayəçisi, AFFA-ın vitse-prezidenti Elşad Nəsirovun tövsiyələrini nəzərə alır./komanda.az




Fikirlərini bizimlə bölüş!