"Şəfa" hələ "İnter Arena" adlanmayan dövrdə, AFFA tərəfindən "İnter"ə satılanda bu alış-verişin qaranlıq tərəflərindən yazmışdıq. Məlum idi ki, dəyəri 70-80 milyon olan bir arena AFFA rəhbərliyi tərəfindən "İnter"ə, bu klubun fəxri prezidenti Cahangir Hacıyevə "semiçka pulu"na – 5 milyon manata peşkəş edilir.
O vaxt təəssüf ki, media bu məsələnin üzərinə çox getmədi. Ya AFFA prezidenti Rövnəq Abdullayevin "xətrinə dəymək" istəmədilər, ya da…
Bir neçə gün əvvəlki müsahibəsində "İnter"in bolqar prezidenti Georgi Nikolov "İnter Arena"yla bağlı iki vacib məsələyə toxunub.
Birincisi: Nikolov deyib ki, "İnter Arena" üçün AFFA-ya 5 milyon manat ödəyiblər. Federasiyanin baş katibi Elxan Məmmədov isə bir müddət əvvəl elə həmin "Het trik news" qəzetinə müsahibəsində stadionu 4 milyon 250 min manata satdıqlarını bildirmişdi.
Sual: Ortada qalan 750 min manat hardadı, kimin cibinə gedib və niyə o pulun hesabını verən yoxdu? Bu suala hörmətli Elxan Məmmədov cavab versə, yaxşı olar. Daha doğrusu, Komanda.az olaraq, yaxın zamanda bu məsələnin üzərinə düşəcəyik.
İkincisi: Nikolov müsahibəsində deyib ki, son audit yoxlamasından sonra "İnter Arena" 35 milyon manat qiymətləndirilib. Bu da sizə rəsmi rəqəm!
Sual: Deyək ki, o vaxt bu arena "İnter"ə 4 milyon 250 minə yox, 5 milyon manata satılıb. 35 milyon manat real qiymət qoyulan stadion "Beynəlxalq Bank"ın keçmiş rəhbəri Cahangir Hacıyevə hansı niyyətlə, hansı məqsədlə dəyərindən dəfələrlə ucuz qiymətə satılıb? Yəni AFFA prezidenti Rövnəq Abdullayev keçmiş federasiya rəhbəri Fuad Musayevin tikdirdiyi bir stadionu 30 milyon manat ucuz qiymətə Hacıyevə hansı niyyətlə verə bilər?
Ortada çox çirkin oyun oynanıldığı məlumdu. Bir tərəfdən yoxa çıxan 750 min manat, digər tərəfdən də 30 milyon manatlıq "güzəşt". Hələ onu demirik ki, audit yoxlaması "İnter Arena" AFFA tərəfindən "İnter" klubuna satılarkən qiymətləndirmə aparmalı, stadionun real qiyməti açıqlanmalı idi. Amma açıqlanmayan bir çox məsələlər kimi bu da açıqlanmayıb…




Fikirlərini bizimlə bölüş!