Avropanın ən hiyləgər fırıldaqçıları Bolqarıstanda "yetişir". "Könhə dünya"nın bütün ölkələrində bolqar fırıldaqçılardan həzər deyirlər. Onlar istənilən ölkədə istənilən fırıldaqçılığı yüksək ustalıqla həyata keçirib, yaxşı pul qazanırlar.
Avropada bolqar fırıldaqçılara şarlatan da deyirlər. Bu şarlatanlar yaxşı artistlik bacarığına da sahib olurlar. İctimai rəyə oynamaq, kütləni ələ ala bilmək üçün bu bacarıq mütləq vacibdi. Bilmirəm, bəlkə də bolqar fırıldaqçılar bunun üçün xüsusi təlim də keçirlər. Ancaq onu bilirəm ki, bu şarlatanlar bir ölkədə uzun müddət qalıb, o ölkəyə qara qəpik də xeyir verməyərək, əvəzində qəhrəman ola bilirlər.
Bakı "İnter"inin bolqar prezidenti Georgi Nikolov da Azərbaycanda qəhrəman oldu. Nədi, nədi, onun prezidenti olduğu "İnter" Avropa Liqasının birinci təsnifat mərhələsində Albaniyanın yarımhəvəskar komandasını mübarizədən kənarlaşdırıb. Oyundan sonra isə Nikolov Azərbaycan bayrağına bürünərək hönkür-hönkür ağlayıb.
İndi az qala bütün azərbaycanlılar baş-gözlərinə döyüb, vay-şüvən edirlər. Nikolovun Azərbaycan sevgisindən, ac-yalavac "İnter"in mərhələ keçməsindən danışırlar. Amma mən Nikolovun Azərbaycan sevgisinə şübhəylə yanaşıram. Buna görə azərbaycanlı novruzəlilərin məni ittiham edəcəyini də güman edirəm. Amma yenə də fikrimdə qətiyəm. Nöşün ki, mən heç Nikolovun pul dağarcığı olan Cahangir Hacıyevin də Azərbaycan sevgisinə inanmıram. Nikolovun göz yaşları adama timsahın göz yaşlarını xatırladır. İndi guya pulsuz qalıblar, mərhələ keçməklə qəhrəmanlıq ediblər? Bəs adamdan soruşmazlar ki, büdcəniz 10 milyon dollar olarkən hansı qəhrəmanlığı etmisiz? Onda da vur-tut, bir mərhələ adlamısız da. Demək ki, bir mərhələ adlamaq üçün 10 milyon yox, cəmi 500 min dollarlıq büdcəyə sahib olmaq kifayət edirmiş. Di, indi Nikolov bu 8 ildə hər mövsüm xərclədiyi 10 milyon dolların hesabatını versin, görək necə verir? Bir mərhələ keçmək üçün 500 min dollar bəs edirmişsə, hər il 10 milyon dollar hara gedib?
Yarımhəvəskar "Laçi"ni güc-bəla mübarizədən kənarlaşdırandan sonra ağlamağa gərək yox idi. Ondansa Nikolov "İnter"də çalışdığı müddətdə Avropada oynaya biləcək bircə azərbaycanlı futbolçu yetişdirəydi. İndi azərbaycanlı azarkeşlər də o futbolçunun uğuruna baxıb, gözləri yaşla dolaydı. Bax, onda Nikolova "qəhrəman" deyərdik". Nikolov "İnter"in bir mərhələ keçməsinə ağlayır. Azərbaycanılar da bu illər ərzində onlara məxsus olan vəsaitin "İnter"də bolqar tərəfindən havaya sovrulmasına baxıb, ağlayıb. Nikolovun göz yaşı Azərbaycana sevginin təzahürü deyil. Timsahın göz yaşıdı. Ac qalmış timsahın göz yaşı. Göz yaşı axıdır ki, onu yemləyən şəxsin – pul dağarcığının rəhmi gəlsin. Elə xalq da "Laçi"ylə oyundan sonra "Nikolova pul verin, o, qəhrəmandı" tələbini irəli sürür.
Pay atonnan, uşaqda fərasətə bax ey, gör, bu qədər milləti göz yaşı ilə necə aldatdı…




Fikirlərini bizimlə bölüş!