İndi durub, "niyə "Neftçala"ya lisenziya vermədilər, "Kəpəz"ə verdilər" sualı ilə bağlı haray-həşir salmağın yeri yoxdu. Vallah yoxdu, billah yoxdu. Nöşün ki, "Kəpəz"in elitaya gətirilməsi necə qanunsuzdusa, "Neftçala"nın da Premyer Liqaya dürtüşdürülməsi eləcə qanusuz olacaqdı. Niyə? Day bunun niyəsi yoxdu ki… "Neftçala"nın sponsoru SOCAR deyil? "Neftçi"nin sponsoru kimdi? O da SOCAR. Hətta bu klubların formaları da eynidi. Deməli, "Neftçala" "Neftçi"nin farm-klubudu. Vəssalam. İndi anladız ki, onların da elitaya gəlişi tam qanunsuzdu? Daha "Neftçala"nın haqqını yedilər" deyib, haray-həşir salmağa gərək yoxdu. "Kəpəz"in də, "Neftçala"nın da bank təminatı AFFA prezidenti Rövnəq Abdullayevin cibidi. Hər iki klub xalqın haqqını – neftin pullarını yeyir.
Hə, deyə bilərsiz ki, bəs onda Rövnəq Abdullayev niyə "Neftçala" qanunsuzluğu"na yox, "Kəpəz qanunsuzluğu"na rəvac verir? Deyim də səbəbini. Rövnəq Abdullayev əsl müxalifətçiliklə məşğuldu. O, ölkədə baş verənləri hamımızdan yaxşı bilir. Ona görə də həqiqətləri demək üçün əla məqam seçib. Bütün dünyanın gözü Azərbaycana dikiləndə – Avropa oyunları ərəfəsində.
Rövnəq Abdullayev "Kəpəz"i elitaya gətirir? Gətirir. Bu heç. Bəs AFFA prezidenti Azərbaycanın ikinci ən böyük şəhərinin komandasını hara köçürür? Mərdəkana. Bax, məsələnin mahiyyəti burdadı. Azərbaycanın ən böyük ikinci şəhərində "Kəpəz"in futbol oynaması üçün adi meydança da yoxdu. Biz isə analoqu olmayan inkişafdan danışırıq. Biz isə bəh-bəhlə Avropa oyunları keçiririk. Biz isə avropalıları havayı yedirib-iciririk. Həm SOCAR-ın, həm də AFFA-nın prezidenti olan Rövnəq Abdullayev bu haqsızlığa necə etiraz etməliydi? Avropalılara necə başa salmalıydı, bizdə inkişafın-zadın olmadığını? Avropalılara necə başa salmalıydı hapa-gopa basdığımızı? Adam "Kəpəz"lə bağlı qanunsuz qərar verdirməklə, ölkədəki ədalətsizliyə işarə edib. Daha nə istəyirsiz, ay haqq carçıları? Adama dəstək verin də.
Bilirəm, deyəcəksiz ki, elə "Neftçala"nı elitaya gətirib, Mərdəkana onları köçürmək olardı. Siz "Neftçalada stadion yoxdu" etirazı ilə "Gəncədə stadion yoxdu" etirazının eyni ajiotaj doğuracağını güman edirsiz? Yanılırsız. Neftçalada stadionun olmamasını hər kəs normal qəbul edər. Orda heç stadion tikmək üçün yer də yoxdu axı. Əli Sahib inciməsin, bu rayonun üç tərəfi süpürgə sahəsidi, bir tərəfi də dəniz. Camaat çoxdan bu reallığı qəbul edib – Neftçalada stadion tikmək iqtisadi cəhətdən sərfəli deyil.
Amma Gəncədə? Bax, bu başqa məsələ. Ölkənin ən böyük ikinci şəhərinin stadionu yoxdu. SSRİ-dən qalma stadion itlərin və pişiklərin müştərək yuvasıdı indi. Biz də Avropa oyunları keçiririk. Yazıq Rövnəq Abdullayev neynəsin, necə desin bu haqsızlığı? Bundan yaxşı addım yoxdu.
"Kəpəz", Mərdəkana xoş gəldin. "Varlı ölkə"nin dilənçi komandası. "Qarabağ"ı ermənilər köçkün klub edib. "Kəpəz"i də…




Fikirlərini bizimlə bölüş!