"Kəpəz"in ağrılı günləri davam edir. Tarixinin ən pis dövrünü yaşayan komanda gözlənilənlərin əksinə, dövrələrarası fasilədə də toparlanmağı bacarmadı və yenə məğlubiyyətləri sıralayır. Bu vaxta kimi klub rəhbərliyi və məşqçilər korpusu əlini yanına salıb hadisələrin inkişafını izləsə də, artıq ciddi tədbirlərə başlayıblar.
Yalnız pul cəriməsiylə futbolçuları qorxudan, amma bunun bir nəticə vermədiyini görən rəsmilər heyətdə "təmizləmə"yə start veriblər. Mövsümün başa çatmasına iki ay qalsa da, indidən özünü doğrultmayan oyunçulara qapı göstərilib. "Lokomotiv"lə ev oyu-nunda qeyd alınan yenilgi Gəncə təmsilçisinin baş məşqçisi Vidadi Rzayevin səbrini daşırıb və o, prezident Mehman Allahverdiyevlə məsləhətləşəndən sonra üç futbolçunu qovub.
Əslində Rzayev beş futbolçu ilə yolları ayırmaq istəyib. Lakin Mehman bəy yalnız qapıçı İbrahim Həsənov, yarımmüdafiəçi Fəqan Ədlərov və hücumçu Babək Hüseynovun göndərilməsinə razı olub. Gənc qolkiper qışda "Göyəzən"dən, Ədlərov "Şuşa"dan dəvət olunmuşdusa, Babək 7 aylıq klubsuz günlərdən sonra sevimli peşəsinə qayıtmışdı.
Vidadi Rzayev islahatlarla bağlı bunları söylədi: "Ümidlərimizi doğrultmadı-lar, məsuliyyətsiz idilər. Götürək qapıçını, yaşı az idi, limitə uyğun gəlirdi deyə, heyətə götürmüşdük. "Lokomotiv"lə görüşdə elə bir səhvə yol verdi ki…
Adi bir vəziyyətdə mərkəzdən gülməli qol buraxdı. Hücumçu və digəri də onun kimi. Babəkə çox ümid bəsləyirdik, heyf. Bu qərar bir oyunun nəticəsi deyildi, artıq neçə tur idi ki, futbolçular özlərini göstərdiklə-ri oyunla gözdən salmışdılar. Biz yox, Allah deyən olsun. Qarşıdakı turlarda arzuolunmaz nəticə olsa, yenə bir neçə futbolçu ilə yolları ayıracağıq. Məsuliyyəti öz boynumdan atmıram, bu komanda yerində sayırsa, göndərilənlər mütləq olacaq. Özü də təcrübəlilər arasından da gedənlərin olması labüddü.
Oyunçuları öz xoşumla yarıyolda atmaq istəmirəm. Sadəcə, vəziyyət gətirib buna çıxarır. Deməli, onlara heyətdə ehtiyac yoxdu. Qalan oyunlarda gənclərə üstünlük verə bilərəm. Bəlkə onlar nəsə edə bilərlər, ən azı təcrübə qazanarlar. 17 yaşlılardan ibarət komandamızdan uşaqlar götürməyim mümkündü. Gəncədə bu dəqiqə futbolçu yoxdu. Beş il, bəlkə də daha çox müddətdə burdan oyunçu çıxmayacaq. Şəraitsizliyə görə belə vəziyyət yaranıb. Burda yetişən uşaqlar da digər klublara gedirlər və buna görə məşqçiləri qınamağa dəyməz".
Bu günə kimi hər vəchlə futbolçuları müdafiə edən, onları tənqid qarşısında tək qoymayan çalışdırıcı artıq uğursuzluğa səbəb olan amili gizlətmək fikrində deyil. Buna qədər bəxtsiz-liyi önə çəkib və müəyyən mənada hakimlərə irad bildirən Rzayev indi günahı ancaq yetirmə-lərində görür: "Əhval-ruhiyyədə elə bir dəyişiklik yoxdu. Çalışıram uşaqları oyunlara motivasiya edəm. 10-cu yeri də "Kəpəz" üçün faciə kimi qəbul edirəm. Təəssüf ki, gəlib bu yerə çıxmışıq. Allaha şükür, Gəncədə futbolu azarkeşlər yaxşı başa düşür. Oyunlar zamanı kə-nardan elə haqlı iradlar bildirirlər ki, ehtiyat oyunçular skamyasında oturanlara düz de-diklərini söyləyirəm.
Fanatlarımızın oyunu təhlil etmək bacarığı var. Nəticəyə də dəqiq qiymət verirlər. Həmişə də futbolçuların həvəsli oynamamasını qeyd edirlər. Doğru da deyirlər. Çox təəssüf ki, yetirmələrimdə həvəs görmürəm. Məşqdə həvəsi artırmaq üçün hər şey edirik, amma alınmır. Hazırlıq prosesi zamanı deyib-gülürlər, oyuna çıxanda isə sanki qor-xurlar, mübarizə aparmaqdan çəkinirlər. Maliyyəyə görə ruhdan düşürlərsə, oyunlara mükafat yoxdusa…
Büdcəmiz, maaşlar 8-9 klubdan üstündü, qidalanma da həmçinin. Bazada qalan uşaq-lar gündə üç dəfə normal səviyyədə yeyirlər. Əvvəllər futbolçuları müdafiə edirdim deyəndə ki, onları biz seçib komandaya götürmüşük. Təlim-məşq toplanışında səviyyələrinə baxmı-şıq. İndi düşünürəm ki, uşaqların istəyi, həvəsi müqavilə bağlayana kimiymiş. "Niyə belə oldu" sualı ətrafında çox baş sındırıram. Yoldaşlıq matçlarında ümidverici futbol oynadılar, elə ki çempionat başladı, vəziyyət dəyişdi. Uduzmaq istəmirlər, amma durum fərqlidi. 1-2 futbolçunu istisna etsək, can qoyan yoxdu, özlərini meydanda öldürmürlər. Təcrübəlilər də oynamır. Halbuki bir "sürüşmə fəndi" edəndə, qalxıb cavan həmkarına "sən də belə oyna" de-məlidilər. Onlar bunu etməyəndən sonra gənclərə irad bildirmək düzgün deyil. Gücləri var, döyüşməyə ruhları yoxdu. Görünür, mübarizə aparmaq istəmirlər".
Azad RƏFİ




Fikirlərini bizimlə bölüş!