Bu dəfə "Şamaxı" səddində ilişdilər. Ötən oyunlarda Puxaçla Zedadkada geriləmə aşkar sezilirdisə, bu gün Lepiniça da onlardan geri qalmadı. Mikels də yol üstündə.
Dambrauskas birinci turda "Kəpəz"lə oyunda tam olaraq ikinci heyəti meydana buraxmışdı. Qələbəni ikinci yarıda Mikels və Puxaçı döyüşə atmaqla 70-ci dəqiqədən sonra qazana bilmişdi.
Həmin oyundan sonra litvalı heç bir oyunda eyni addımı atmayıb. "Qarabağ"ın taleyini yaşamaq istəmir.
Amma zaman göstərir ki, əksər futbolçulara iki cəbhədə meydan vermək də zərərlidir. Xal itirmək bahasına olsa belə, əsas fiqurlara bəzi oyunlarda istirahət vermək mütləqdir. Əks halda, adıçəkilənlər nə ÇL-də, nə də Premyer Liqada işə yaramayacaq. Hər keçən gün tükənirlər. Zedadkanı meydanın mərkəzini keçən görmədik. Puxaçla Lepiniça saysız-hesabsız texniki səhvlərə yol verdi.
Psixoloji eniş də gözdən qaçmadı. ÇL-dən gəlib boş tribunalar önündə oynamaq asan məsələ deyil.
"Şamaxı"ya isə sadəcə əhsən. Bu klub əyani göstərir ki, böyük büdcə, başdan-başa legioner yığını hər şey demək deyil.
Azər Bağırov yerli və gəlmə oyunçulardan yaxşı vəhdət yaradıb. Hətta bu gün məğlub olsaydılar belə alqışı haqq edirdilər.
Məncə, bölgə klubu bu gün 1 xal qazanmadı, 2 xal itirdi. Xüsusilə hesab 2:2 olandan sonra qələbəyə layiq tərəf qonaqlar idi.
Bağırov Şuaybunu yenidən futbola qaytaracaq qədər bacarıqlı mütəxəssisdir. Afrikalı "Kəpəz" günlərini yavaş-yavaş xatırladır.




Fikirlərini bizimlə bölüş!