Azərbaycanda futbolun olması üçün Ramin Musayev bu təsərrüfatdan uzaqlaşdırılmalıdı
Azərbaycan çempionatında yaşanan narazılıqlar səngimək bilmir. Cəmi 8 komandanın iştirak etdiyi bir çempionatda bu qədər narazılığın olması da çox təəccüblüdü. Üstəlik, 8 komandadan 6-ın heç bir iddiası yoxdusa. Məntiqlə, belə bir çempionatın təşkilində heç bir narazılıq olmamalıdı, hamı can deyib, can eşitməlidi. Ancaq Azərbaycan Premyer Liqasının hər turundan sonra ciddi narazılıqlar yaşanır. Bütün narazılıqların da baiskarları hakimlər hesab olunur.
Əsas “oyunçu” kölgədə qalır
Hakim səhvləri bütün ölkələrin çempionatlarında baş verir. Amma nədənsə, böyük futbol ölkələrində hakim səhvləri Azərbaycandakı qədər etiraza səbəb olmur, müzakirə edilmir. Bunun səbəbləri nədi? Digər ölkələrdə hakimlərin həqiqətən də səhv etdiyi aksioma kimi qəbul olunur. Azərbaycanda isə hansısa hakimin qərəzli olmadığına, səhv etdiyinə heç kimi inandırmaq mümkün deyil. Səbəb? Səbəbi isə idarəetmə sistemində axtarmaq lazımdı. Bu gün hakim narazılıqlarından yaranan bütün etirazlar, mənfi enerjilər bir istiqamətə – Hakimlər Komitəsinin sədri Xaqani Məmmədova tərəf yönəlib. AFFA daxilində oynanılan “oyun”un ssenarisi bəllidi: əsas “oyunçu” kölgədə qalır, hədəf Xaqani Məmmədov seçilir, vəziyyət kritik həddə çatdıqda komitə sədri qurban verilir və “oyun” yenidən davam etdirilir.
Heç kimə sirr deyil ki, AFFA daxilində iki qruplaşma mövcuddu. Bir qruplaşmaya AFFA-nın baş katibi Elxan Məmmədov, digərinə isə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev rəhbərlik edir. Bu iki şəxsin “mehriban düşmən” olduqlarını iddia etməklə, özümüzdən Amerika kəşf etmirik. Elə cəmi 8 komandanın iştirak etdiyi bir çempionatda yaşanan hakim səhvlərinin də nüvəsində bu iki şəxs arasındakı qarşıdurma dayanır. Azərbaycan futbolunda baş verən bütün narazılıqların 80 faizinin azalması üçün cəmi bircə dəyişikliyə ehtiyac var: AFFA-da ya Elxan Məmmədov, ya da Ramin Musayev olmalıdı. Bəs bunlardan hansının AFFA-da olması daha sabit çempionat keçirməyə rəvac verə bilər?
Musayevin çaldığı havaya oynamaq məcburiyyətindədilər
Birmənalı şəkildə vurğulayırıq: Elxan Məmmədov AFFA-da qalmalıdı, Peşəkar Futbol Liqası ləğv edilməlidi! “Niyə”sini də deyək. Hakimlər Komitəsi de-yure müstəqil qurum olsa da, de-fakto Ramin Musayevin nəzarətindədi. Musayevin indiyə qədər onun cızdığı dairədən azca uzaqlaşdığı üçün neçə hakimin “qələm”ini qırması hər kəsə bəllidi. “Gözləri çıxarılmış qardaş”ını görən hazırkı hakimlər eyni aqibəti yaşamamaq üçün Ramin Musayevin çaldığı havaya oynamaq məcburiyyətindədilər. Musayevi kim himayə edir? Təbii ki, AFFA prezidenti Rövnəq Abdullayev. Heç kimin şübhəsi olmasın ki, Abdullayev hansısa hakimin qovulması ilə bağlı qərar verməzdən əvvəl məhz Ramin Musayevin mövqeyini öyrənir, Elxan Məmmədovun yox. Musayev də bu səlahiyyətindən yararlanaraq, Azərbaycan futbolunda istədiyi tərzdə “oynayır”, qarşıdurmalar yaradır, intriqalar törədir.
“Neftçi”nin hakimlərin səyi ilə xal qazanmasını kim istəməlidi?
Elxan Məmmədov aydan arı, sudan duru deyil. Amma baş katibin hakimlərə təzyiq göstərmədiyi də bəllidi. O, başqa sahələrdə “oynayır”, çempionata qəti müdaxilə etmir. Fikrimizi təsdiqləmək üçün sadə bir misal. Baş katib hazırda ən çox “Neftçi”yə görə tənqid edilir. Qış fasiləsində bu komanda tamamilə yenilənir. Fasilədən sonra “Qarabağ” və “Qəbələ”yə qarşı keçirilən oyunların hər birində isə “Neftçi”nin haqqı yeyilir, komanda çox vacib xallar itirir. Elxan Məmmədovun hakimlərə təzyiqi olsaydı, bu proses baş verə bilərdi? İndiki halda “Neftçi”nin hakimlərin səyi ilə xal qazanmasını kim istəməlidi? Deyəcəksiz ki, Elxan Məmmədov. “Neftçi” xal qazansa, baş katib tənqiddən qismən də olsa, xilas olar. Amma görünən odu ki, Elxan Məmmədov hakimlərin köməyi sayəsində xal qazanmaq istəmir. Amma əvvəlki “Neftçi”də belə olmayıb axı… Yadınıza Sadıq Sadıqovun prezident olduğu dönəmləri salın. Həmin vaxt hansı hakimin ağzı nə idi ki, “Neftçi”nin əleyhinə qərar versin? O hakimi oyundan sonra qanına qəltan etməzdilər? Edərdilər! Bu gün “Neftçi”yə qarşı hakim səhvləri sıralanır, amma hətta mətbuat da buna biganə yanaşır. Səbəb bəllidi, indiki “Neftçi”də “qoçular” yoxdu, üstəlik, mətbuata da pul verilmir, əl altından pul alanlar da…
Cəmi bir dəyişiklik və intriqa yekunlaşır
Azərbaycan futbolunda sağlam rəqabəti təmin etmək, intriqalarsız çempionat keçirmək üçün cəmi bir dəyişiklik etmək vacibdi. Peşəkar Futbol Liqası ləğv edilməlidi, Ramin Musayev futbol təsərrüfatından uzaqlaşdırılmalıdı. Onun bu və ya digər formada Azərbaycan futboluna müdaxiləsi tamamilə aradan qaldırılmalıdı. Cəmi 8 komandanın iştirak etdiyi bir çempionatı təşkil etmək üçün ayrıca quruma ehtiyac yoxdu. Üstəlik, bu qurum təşkilati işlərlə yox, intriqa ilə məşğuldusa. Sadəcə, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin adı dəyişdirilir, olur Yarışların Təşkili Şöbəsi. Peşəkar Futbol Liqasının da bütün səlahiyyətləri verilir bu şöbəyə. Vəssalam! Bununla da Azərbaycan futbolunda intriqa dövrü yekunlaşır. Nə sifariş olur, nə də qərəzli hakim səhvləri. Üstəlik, məsuliyyət məsələsində də bütün yük bir nəfərin – baş katibin üzərində qalır. İndiki halda, iki intriqa aparan qüvvə mövcuddu. Təbii, bu qüvvələrdən kimin haqlı, kimin haqsız olduğunu da müəyyənləşdirmək ictimaiyyət üçün çətindi. Elə mətbuatın özü də iki yol ayrıcında qalır: günahı kimdə axtarsın?
PFL-in ləğvindən sonra Azərbaycan futbolunun səfasına da, cəfasına da AFFA özü cavab verməli olacaq. Amma onu da bilirik ki, Ramin Musayevin futbol təsərrüfatından uzaqlaşdırılması, PFL-in ləğv edilməsi məhz Rövnəq Abdullayevə sərfəli deyil. Azərbaycan futbolunun inkişafına birbaşa cavabdeh olan Abdullayevə Ramin Musayevin AFFA-nın divarları arasında qalması sərf edir. Çünki onun törətdiyi intriqalar məhz Abdullayevi diqqətdən kənarda saxlayır. Bir sözlə, Abdullayev Ramin Musayevi qarşısında sipər edərək, Azərbaycan futbolunun axırına çıxır. Ancaq daha ictimaiyyət bezib, Abdullayev bu sipərdən imtina etməlidi. İmtina etməlidi ki, Azərbaycanda da futbol olsun.
Reşad ERGÜN




Fikirlərini bizimlə bölüş!