Biz, 90 dəqiqə nə izlədik? Rüfət Abbasova, Xəyal Əliyevə şans vermisən, çox gözəl. Bu "avtobus" müdafiəsindən nə vaxt vaz keçməyi düşünürsən?
Böyük hesabla uduzmamaq taktikası sənin müəllimin Vaqif Sadıqovun 3 dövründə bu milli komandanı da, elə onun özünü də ağ günə çıxarmadı axı…
Bunun üstünə, sən getdin, Belarusda PRO kateqoriyası oxudun, illərdi dördüncü premyer-liqa klubunda işləyirsən. Ukrayna, Fransa, Ukrayna – ağır oyunlar idi, belə oynadın, başa düşdük. Evdə İslandiya ilə oynayırsan. Adamların ölkələrində yaşamağa uyğun ərazi 5-10 kvadrat kilometrdi. Sən bu qədər ərazini niyə verirsən? Stoperləri ilk yarının 80 faizini mərkəz xəttində keçirir, görmürsən?
İlk qolu buraxdın, çıxmadın, ikincini buraxdın, çıxmadın. Nə vaxt çıxacaqsan? Top görməyəcəydisə, qoyardın o Xəyal elə U-21-də oyanardı da.
Komandan künc zərbələrində gedir qabağa, onda da itirdikləri topa reaksiya vermək yerinə faul edib qayıdırlar cərimə meydançasının qabağına çəkdiyin "avtobusa minməyə".
İkinci hissədə də Ayxan sevimli "avtobus"un"dan əl çəkmədi…
Milli komandada yerli məşqçi olmalıdı, ancaq öyrənən, inkişaf edən. Yoxsa, "Vaqif Sadıqov müdafiəsi" üçün Ayxan Abbasov lazım deyil. Hələ canı suludu, elə özünü təyin etsinlər, işləsin. Nə qədər kiçik hesabla istəsəz, uduzsun sizinçün.
Əlqərəz, Azərbaycanda milli komanda məsələsi olduqca ciddi məsələdi. İllərin böyümüş (böyüdülmüş) problemidi. Bu komandaya rəhbərlik edəcək şəxs, yerli olsun, eyvallah. Ancaq bir işi olsun. AFFA-dan maaşını alsın, işləsin. Bir məsələsi, bir işi, bir dərdi, bir qayğısı, bir maaşı olan adam!
Qurban Qurbanovmu olacaq? "Qarabağ"dan istefasını versin, buyursun. Rəşad Sadıqovmu olacaq? "Zirə" ilə sağollaşsın, işləsin. Ayxan Abbasovmu olacaq? Eyni ilə! "Şamaxı" ilə qurtarsın, davam etsin.
Milli komanda ikinci iş yeri olmaz. Hətta ikinci iş yerin varsa, birinci iş yeri də olmaz. Gələn məşqçinin ictimaiyyətə açıq proqramı olsun, biz də baxaq, əvvəldən başa düşək. Bilək ki, adamla 3 illik, ya da nə bilim, 5 illik müqavilə imzalanıb. Birinci il bunu planlayıb, üçüncü il bunu, beşinci il də bunu. Səbr edək, təmkin göstərək, dəstək verək. Yoxsa belə… Bundan nə dövlətə, nə millətə, nə də külfətə fayda var.




Fikirlərini bizimlə bölüş!