Azərbaycan futbolu

Xəbərlər və təhlillər

SİLLƏ 6NDA

Matça 5-3-2 taktiki sxemi ilə başlayan Azərbaycan yığmasının baş məşqçisi dünya futboluna yeni taktiki qərarı ilə damğa vurdu. 3 mərkəz müdafiəçisindən biri – Rasim Ramaldanov qonaqların yeganə (!) hücumçusu Mario Mancukiçə qarşı fərdi oynayırdı. Sonradan birinci hissənin gedişində müxtəlif səbəblərdən sxemi və oyunçuların düzülüşünü üç dəfə dəyişən “Teryer”in Almaniyada keçirdiyi boş vaxtlarda televizora da baxmadığı bəlli oldu. Çünki futbolu heç olmasa, televizordan izləyən biri bilir ki, fərdi oyundan dünya azı 15 il əvvəl imtina edib. Çünki effektsizdir. Foqts isə 6 gün ərzində bunu bizə iki dəfə nümayiş etdirdi.

Kamran Ağayevin qapısından keçən qollardan ayrıca danışmağa lüzum görmürəm. Reportaj janri bunu şərtləndirsə də. O qollarda heyətin ayrı-ayrı həlqələrindən tutmuş ümumi xətt düzümünə qədər hər kəsin günahı var. Bu həlqələri və xətləri zəncirə – vahid ansambla çevirmək isə bir nəfərin işidir. Berti Foqtsun. Hərçənd, güman ki, hazırda o özü tamamilə başqa cür düşünür.

Düşünür ki, klubların baş məşqçiləri futbolçuların fiziki durumunu yaxşılaşdırmalı, AFFA və PFL təqvimi sərtləşdirməli, UEFA təqvimi Azerbaycanı nəzərdə tutub qurmalı, azarkeşlər mütləq şahmatı buraxıb futbolun qaydalarını öyrənməli, Bakının küçələrinin təmizliyinə cavabdeh şəxslər isə süpürgə və xəkəndazla rəftar qaydalarını təkmilləşdirməlidir.

O özü isə meydançaya 3 mərkəz müdafiəçisi buraxıb onlardan birinə rəqibin yeganə hücumçusuna qarşı fərdi oynamaq tapşırığı verməlidir. Belə köhnəlmiş və avantürist tapşırıqların sonu darmadağın olur, Herr Foqts. İstər əlinin altında 4 braziliyalı olsun, istərsə də Dmitri Nazarov.

Belə məşqçinin qolları yalnız uzaqdan, standart vəziyyətlərdən və ya təsadüf nəticəsində vuran, amma hər zövqdə buraxan yığması haqda daha geniş yazmağa lüzum görmürəm.

Sadəcə, evə dönürük: məyus, təhqir olunmuş və sifətimizdə 6 sillə izi ilə. Qarşılayın bizi…

/Osiek

Fikirlərini bizimlə bölüş!