AÇ-2020-nin final mərhələsinə ev sahibliyi edəcək 13 şəhər arasında Bakının adının da olması günün xəbəri oldu. İstənilən halda, vətən, məmləkət adına yaxşı xəbərdi. Amma bu yaxşı xəbər bu gün üçün hamının üzünü güldürür. Günlər, aylar, illər keçdikcə…
Hə, günlər, aylar, illər keçdikcə məlum olacaq ki, AFFA rəhbərliyi – Rövnəq Abdullayev, Elşad Nəsirov, Elxan Məmmədov boynumuza ağır bir yük qoyub. Yük? Yox, yox, yük nədi, boyunduruq keçirəcəklər boynumuza. Hara istəsələr, ora da sürəcəklər, sürüyəcəklər.
İndi sevinirsiz…
Ancaq sabah Berti Foqtslu millinin daha bir oyununa baxıb, mədəniz bulanır deyə, hamama qaçıb ögüyəndə, susacaqsız. Nəsə demək istəyəcəksiz, «susss, biz o boyda Avropa çempionatını Bakıya gətiririk, naşükür olma» sözünü eşidəcəksiz.
İndi sevinirsiz…
Amma sabah… Onsuz da iki ayağını boynumuzdan sallayıb, özü üçün şellənən Foqts ayaqlarını bir-birinə möhkəm sıxıb, nəfəs yolumuzu bağlayacaq, «Azərbaycan millisi AÇ-2020-yə hazırlaşmalıdı, hədəf odu» deyəcək. Və məlum olacaq ki, AÇ-2020-yə qədər keçiriləcək bütün turnirlərdə, yarışlarda Azərbaycanın futbol şərəfinə nə qədər təcavüz edilsə də, susmalıyıq, dözməliyik. Bəs nə? Biz axı AÇ-2020-nin final mərhələsinin oyunlarını şəhərimizdə keçiririk! Hər «xırda şey»i ciddiyə almamalıyıq.
İndi sevinirsiz…
Lakin inanın, siz sadəcə, bu gün sevinirsiz. Sabah, o biri gün, daha o biri gün, qarşıdakı altı ildə sevinən AFFA rəhbərliyi, AFFA rəhbərliyinin kurasiyasında olan qəzetlər, saytlar olacaq. Sizin sevinciniz isə bu günlükdü. Tənqid etmək istəyəcəksiz, gözünüzə AÇ-2020-ni soxacaqlar. Narazılıq edəcəksiz, başınızdan vurub, «AÇ-2020-ni yada sal» deyəcəklər.
İndi sevinirsiz…
Heç əslində, nəyə görə sevindiyinizi də anlamıram. Yox, yox, dostlar, ciddi-ciddi soruşuram – hansı gününüzə sevinirsiz?
Bakıda keçirilən «Eurovision» yarışması yadınızdadı? Siz onda da sevinmirdizmi? «Kristal Holl»da keçirilən yarışmanı canlı izləyəniniz olmuşdumu?
AÇ-2020-nin Bakıda keçiriləcək oyunlarını stadiondan izləmək sizin başınıza görə ola bilər, amma cibinizə görə deyil. Axı mən sizi tanıyıram – kredit borclarınızı, maşına, evə sahib olmaq arzularınızı, bu arzularla necə qocaldığınızı bilirəm.
Yenə də sevinirsiz?




Fikirlərini bizimlə bölüş!