Azərbaycan futbolu

Xəbərlər və təhlillər

SOS! …davam edir TƏMƏLSİZLİK

SOS! …davam edir
TƏMƏLSİZLİK

4-5 il əvvəl fərqli tarixlərdə “Bakı”, “Xəzər Lənkəran”, “Qəbələ” kimi klubların bir təməl üzərində dayandığını, hər gün yox olma riski daşıdıqlarını yazmışdım. Futbol səhnsindən getmiş, “Rəvan”, “Karvan”, “MKT Araz”, AZAL və s. bu yolun yolçuları idilər, bu yolda da canlarını tapşırdılar. Hə, “Qəbələ” hələ yaşayır. Belə yaşayışı klubun mövcud sisteminin içində başını qatanlar əbədi hesab edə bilər. Ancaq “Qəbələ” də fanidi. Kəmaləddin Heydərovun futbol eşqi, ömrü kimi. Əslində isə futbol klublarını ömürləri insan ömründən az olsun deyə yaratmırlar. Təməlini peşəkar atırlar ki, tarixiləşsin, özü öz ayaqları üzərində dursun.
Azərbaycanda AFFA bayrağı altında klub idarəçiliyi sahəsində semminarlar keçirilir. Mən o tədbirlərdə nə öyrədirlər, başa düşə bilmirəm. Hər il bir klub ortaya çıxır. Birinin ağlına gəlmirmi ki, həmin klubu Qapalı Tipli Səhmdar Cəmiyyəti (QSC) və ya Açıq Tipli Səhmdar Cəmiyyət (ASC) – yəni, dərnək formatında qursun, təsisçilərin mülkiyyətində olan Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) formatında yox. Soruşa bilərsiniz ki, dərnək nədi?
Dərnək, məsələn “Barselona”dı, “Mancestr Yunayted”di və ya elə yaxın “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş”dı.
Bu klubların sahibi yoxdu. Hissələrinin satışa çıxarılmış qisminin sahibləri ola bilər. Yəni, tutaq ki, “Beşiktaş” öz dərnəyinin tavanı altında olan “Beşiktaş” Anonim Şirkəti (AŞ) ilə Super Liqada təmsil olunur, onun hissələrini satır və ya dünya birjasında dövrüyyəsini tənzimləyir.
Bu gün “Səbail”i Rövnəq Abdullayev oğlu üçün yarada bilər. Yaxşı, sabah Abdullayev futboldan getsə, oğlu bu işlə maraqlanmasa, necə olacaq? “Zirə”nin gələcəyi? “Keşlə”yə AFFA-nın ayrıdığı pullar kəsilsə necə? “Kəpəz” necə olacaq, bəs?
Xüsusi ilə də azarkeşi olan klublar bu dərnək üsul idarə fomrasına təcili keçməlidilər, üzvlük sistemi təşkil olunmalıdı. Klubun üzvləri klubu idarə edəcək heyəti seçirlər, üzvlərin kluba qatqıları, faydaları gələcəkdə imkan yaradır ki, idarə heyətinə namizədliklərini irəli sürə bilsinlər. Belə olanda, hansısa pullu, futboldan anlamayan “çoban”ı gətirib klub prezidenti qoya bilmirlər. Nizamnamə deyir ki, bu klubun prezidenti olmaq üçün məsələn, 15 il aralıqsız klubun üzvü öhdəliklərini yerinə yetirmiş olmalısan, kluba filan-filan xidmətlərin olmalıdı.
Təbii, azarkeşi olmayan klubların heç birində bu sistemi qurmaq mümkün deyil. Ona görə də, birincisi bu Bakı qəsəbələrində yerləşdirilmiş klublar bölgələrə dağıdılmalıdı. Səbail qəsəbəsinə komanda düzəldənə qədər, Sumqayıtda qubadlılar, İmişlidə füzulililər üçün oynamaq, daha böyük perspektivlər açır.
İndi birinci divizionla, premyer-liqa klublarına AFFA-dan verilən pulları isə daha keyfiyyətli işlətmək olar.
Məslən, elə Türkiyədəki qaydada. Bildiyiniz kimi, orada “hovuz sistemi” var. Teleyayımdan gələn gəlirlər klublar arasında bölünür. Super liqa klubu sadəcə o liqada çıxş etdiyinə görə, ildə 70 milyon tl (19 mln USD), 1-ci liqa klubu, 20 milyon tl (5,5 mln USD), 2-ci liqa klubu 4 milyon tl (1,1 mln USD), 3-cü liqa klubu isə 2,2 milyon tl (580 min USD) TFF-dən maliyələşir. Qısa izah edim ki, TFF bu pulu həmin klublara, o komandaların azarkeşlərinin tamaşaçı qismində müvafiq çempionat oyunlarını ekran başında seyr etmələri sayəsində əldə etdiyi üçün paylayır. Gəlirlər teleyayımdan gəlir. Televiziya şirkətləri oyunlar kütləvi izləndiyinə görə, həmin efir vaxtlarını yaxşı qiymətlərlə reklam verənlərə satırlar.
Bizdə isə premyer-liqanın yayın hüququnu mən bilən, nə alan var, nə satan var. Niyə? Azarkeş olmadığına görə. Lənkəranda “Xəzər Lənkəran”, Tovuzda “Turan” oynamırsa, kimi maraqlandıracaq o oyunlar?
“Səbail”in, “Zirə”nin, “Keşlə”nin – indi, premyer-liqaya can atan, “Sabah”ın, “Xəzər”in heç vaxt deyil, televiziyada oyun izləyəcək, heç tribunasını dolduracaq qədər azarkeşi olmayacaq. Ona görə də, indiki halda, heç bu klubları dərnəyə çevirmək də fayda verməz. Mütləq bölgələrə ezam edilməlidilər. Ömürləri nəfərlərin ömürlərindən az olsun istəmirlərsə, birincisi tribunalarını doldura biləcəkləri yerin komandası olmalı, ikinci dərnək idarə sisteminə keçməlidilər. AFFA da boş yerə klublara dağıtdığı milyonlarlın hesabına, bircə ildə komandaları bölgələrə göndərib, azarkeş-tamaşaçı yaratmaqla maddi yükünü ən azı 50 faiz azalda bilər. Qaydasını bilmirlərsə, istəsinlər, yazaq proqram şəklində verək.

Yazıda dağınıq oldu. Sonda başa düşülsün deyə, sistemi ardıcıllıqla sıralayaq.
1. Klub bölgəni təmsil etməlidi, azarkeş potensialı üzərində işləməlidi;
2. Dərnək sisteminə keçilməlidi, klub konkret şəxslərin yox, üzvlərin mülkiyyəti olmalıdı.
Əgər, “Bakı” və ya misal üçün, “Karvan” dərnək olsaydı, üzvləri toplantı çağıraraq yeni idarə heyəti seçə, maddi qaynaqlar təmin edə bilərdilər. Klubun taleyi 3-5 nəfərin qərarından asılı olmayacaqdı. İstəməyən çəkilir kənara, başqaları iş başına keçir.
Azarkeşləri çox olan komandaların oyunları çox televiziya izləyicisi toplayır. Həmin efir vaxtları demək ki, bu vasitə ilə bahalanacaq. Belə nəticə çıxır ki, hovuz sisteminin işləməməsini ölkədə azad reklam bazarının olmamamsı ilə bağlamaq da absurddu. Sən maraqlısansa, səni daha kütləvi izləyəcəklər, kütləvi izlənənən vaxt aralıqları isə yenə də elə həmin reklamverənlərə satılır. Loru dildə deyim, camaat serial çəkir, reklamından pul qazanır, AFFA-da futbolunu izlənəcək şəkilə salsın, yenə həmin pullar qazanılsın.
Elə “Neftçi” və “Qarabağ” da dərnək formasına keçirilməlidilər. Yenə də SOCAR “Neftçi”yə sponsorluq etsin, zərəri yoxdu. Ancaq bu boyda tarixi olan klubun idarə sistemini demokratikləşdirmək lazımdı. Belə olsa, o klubu idarə edən adamların kreslo daimiliyi olmayacaq, məsuliyyətləri də artacaq. Hər 4-5 ildən bir konfranslarda hesabatlar vermək məcburiyyətində qalacaqlar və seçilməmək riskləri olacaq. Sadiq azarkeşlərin sabah klubun idarə heyətində yer almaq imkanları yaranacaq.
“Qarabağ”, “Qəbələ” kimi ailələrin milyonları hesabına bir yerlərə gəlmiş klublar ən azından ASC və ya QSC-ə çevrilməlidilər. Hissələrin böyük qismi yenə də qoy Gozallarda, Heydərovlarda qalsın, kiçik kəsimi satışa çıxarıla, idarəçilik üzvlərə həvalə oluna bilər. Gələcəyin risklərindən sığortalanmaq üçün. Sabah bəlkə, “Azərsun” batdı. Necə olacaq? Abdulbari Gozal səhmlərini satar digər təklif verən üzvlərə və klub xilas edilmiş olar, ən azından.
Çempion Liqasında oynadı “Qarabağ”. Girin birjalarda axtarın, klubun hissə dəyərlərini, tapa bilməyəcəksiniz. Demək ki, mahiyyətdə Ağdam klubu böyüyə bilmədi. Sadəcə UEFA-dan gələn pullarla büdcəsini artıra bildi, daha da populyarlaşdı, qiyməti isə elə köhnə qiymətdi. Gedin, Vergilər Nazirliyinə, yeni bir MMC qeydiyyatdan keçirin, adını “Qarabağ Futbol Klubu – 2018” qoyun, əlinizdəki sənədlərin qiyməti ilə, mövcud “Qarabağ”ın qiyməti mahiyyətdə bərabərdi. Ancaq əslində belə olmamalıdı. Belə olmaması üçün də klublar struktur formalarını mütləq dəyişdirməlidilər, futbolsevəri ilə, azarkeşi ilə bütövləşib camia halına gəlməlidilər. Diqqətli olsun, bu SOS siqnalı susmayıb, premyer-liqa, 1-ci divizion, bütün futbol təsərrüfatımı bu dəqiqə sap üstündə sallanıb, təməl yoxdu. Rəsul ŞÜKÜRSOY

Fikirlərini bizimlə bölüş!