Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Standartdan uzaq və ya nazir oğlunun əyləncəsi

AFFA yanında Media Komitəsinin maliyyə dəstəyiylə “Fəaliyyətini dayandırmış Azərbaycan klubları – Səbəblərin araşdırılması” layihəsini davam etdiririk. Bu dəfə sizə yaxın tarixin komandalarından birindən – “Standard”dan söz açacağıq.

Bu günə kimi Azərbaycan çempionatında çıxış etmiş klubların təmsil etdiyi şəhərlərə nəzər saldıqda, paytaxtın digər şəhərləri aşkar geridə qoyduğunun şahidi olarıq. Futbol həvəskarı olan şirkət rəhbərlərinin istəyiylə yaradılan klubların böyük şirkətlərin əksəriyyətinin cəmləşdiyi paytaxtı təmsil etməsi qanunauyğun idi. Heç bir şirkət rəhbəri yaratdığı klubun gözdən iraq bölgədə qərarlaşmasını arzulamırdı. Buna görə, müstəqillik illərində yaradılmış klubların əksəriyyəti məhz Bakını təmsil edib. Elə təkcə, bu günə kimi ölkənin əsas liqasında mübarizə aparmış 58 klubdan təxminən 1/3-nin Bakı və ətraf kəndləri təmsil etdiyini demək kifayətdi. Klubun Bakını təmsil etməsi həm də, heyətə legioner cəlb etmək baxımından da sərfəli idi. Belə ki, səviyyəsindən asılı olmayaraq Azərbaycanda oynamağa razılıq verən legionerlər ilk növbədə klubda alacaqları məvaciblə yanaşı, harda yaşayacaqlarıyla da maraqlanırlar. Belədə, legionerlər əyləncə və yaşayış cəhətdən rahat olan paytaxta, daha doğrusu, buranı təmsil edən klublara üstünlük verirdilər.

“Arsenal”dan “Standard”a çevrilən klub

2006-cı ildə Bakıda yeni klub doğuldu. Vladislav Qədirovun baş məşqçisi olduğu “Arsenal” 2006/07 mövsümündə birinci divizionda çıxış etməyə başladı. Sonra isə… Ölkə futboluna milyonların axdığı dövrdə “Bank Standard” da bu axından kənarda qalmaq istəmədi. Çox çəkmədi ki, yeni yaranmış klub sponsorun adına uyğun olaraq “Standard” adlandırıldı.

Klubun prezidenti o vaxtkı iqtisadi inkişaf naziri Heydər Babayevin oğlu Emin Babayev idi. “AB Standard” şirkətlər qrupunda yüksək vəzifədə çalışan Babayevin futbola marağı “Standard”ın yaranmasıyla nəticələndi. “Standard”ın təsisçisi isə menecer (həm də futbolçu) kimi tanıdığımız Kamil Məmmədov idi.

“O, sponsor tapacağını dedi”

Klubun ilk baş məşqçisi Vladislav Qədirov komandanın yaranması prosesini belə xatırlayır:

“Mənim “Arsenal” futbol məktəbim var idi. Bu məktəbi 2000-ci ildə yaratmışdım. “Arsenal”da aşağı yaş qrupları məşq edirdi. 2006-cı ildə isə Kamil Məmmədov komandanı birinci diviziona buraxmağı təklif etdi. O, sponsor tapacağını dedi. Komanda çempionatın başlamasına 2 gün qalmış yığıldı. Amma buna baxmayaraq, uğurlu start götürdük. İlk 5 oyunun hamısında qalib gəldik. Bu cür uğurlu debütümüz komandaya sponsorluq edən “Bank Standard”ı da razı salmışdı.

İlk dövrədə “Arsenal” adı altında çıxış etdik. Sonradan komanda sponsorun – “Bank Standard”ın adını aldı. “Arsenal”dakı aşağı yaş qruplarıyla birlikdə başqa komandaların aşağı yaş qruplarından da oyunçular cəlb edib, “Standard”ın aşağı yaş qruplarını formalaşdırdıq.

Komanda mənim rəhbərliyim altında Premyer Liqaya vəsiqə qazandı. Yüksək liqaya çıxdıqdan sonra danışdıq və komandaya yeni məşqçi gəldi. Mən isə idman direktoru oldum. Ancaq mən baş məşqçi işləmək istəyirdim. Buna görə, “Standard”dan ayrıldım. Daha sonra “Muğan”da, “Rəvan”da məşqçi kimi çalışdım və bu klubları da Premyer Liqaya çıxardım”.

“Standard”ın yaradılması ideyası birdən yarandı”

“Standard”ın yaradılması ideyası planlı şəkildə olmayıb. Vaxtilə AMMK-nın (indiki AZAL) yaradılmasında yaxından iştirak etmiş klubun təsisçisi Kamil Məmmədov “Standard”ın yaradılmasının əvvəlcədən planlaşdırılmadığını deyir:

“Standard”ın yaradılması ideyası birdən yarandı. Mən, Murad Nağıyev və Orxan Hüseynzadə məsləhətləşdik və yeni komanda yaratmaq qərarına gəldik. Belə təcrübəmiz var idi. Bir neçə il öncə indiki AZAL-ı da biz yaratmışdıq. Onda mənim cəmi 24 yaşım var idi. Komandanı AMMK adı altında yaratmışdıq. Daha sonra bu klubu güclülər dəstəsinə çıxardıq. Yəni bu sahədə təcrübəmiz var idi. 2006-cı ildə isə yeni komanda yaratmaq qərarına gəldik. Komandanı sıfırdan yaratmamaq üçün Vladislav Qədirovun “Arsenal” klubunu götürdük. Klub birinci divizionda bir-iki ay bu ad altında çıxış etdi. Daha sonra Qədirovla razılaşdıq və komanda sponsorun adına uyğun olaraq “Standard” adı altında fəaliyyətini davam etdirdi.

Klubun prezidenti Emin Babayev idi. Mən təsisçi idim. Klubun idarəçiliklə bağlı bütün işləriylə mən məşğul olurdum. Kluba “Bank Standard” sponsorluq edirdi. Əsas məqsədimiz yerli gənc oyunçuları yetişdirməklə yanaşı, komandaya xaricdən futbolçu cəlb edərək, onları başqa komandalara satmaq idi”.

4-5 qələbə və böyüyən iddia

“Standard”ın qarşısına yüksək liqaya çıxmaq vəzifəsi qoyulmasa da, komanda ilk turlarda qazandığı nəticələrlə öz məqsədini oyunuyla müəyyənləşdirmiş oldu. Artıq komanda yüksək liqaya çıxmaq uğrunda mübarizə aparırdı. Vladislav Qədirovun yetirmələri 22 komandanın yarışdığı çempionatı 1-ci pillədə başa vuraraq, yüksək dəstəyə vəsiqə qazandı.

Kamil Məmmədov da ilk mövsümdə “Standard”ın qarşısına heç bir məqsəd qoyulmadığını, ancaq ilk turlardakı uğurlu nəticələrin ardından komandada bu potensialın olduğunu gördüklərini deyir:

“Birinci mövsüm üçün yüksək liqaya çıxmağı qarşıya məqsəd qoymamışdıq. Lakin komanda birinci diviziondakı ilk 4-5 oyunda qalib gəldikdən sonra iddiamız böyüdü. İlk mövsümdən yüksək liqaya vəsiqə qazandıq. Gördük ki, böyük büdcəmiz olmasa da, komanda yaxşı çıxış edir. Həmin vaxt hərdən mən özüm də meydana çıxırdım. Yüksək liqaya çıxdıqdan sonra komandaya legionerlər cəlb edildi. Legionerlər komandaya tez uyğunlaşdılar. Onlarla yerli futbolçuların vəhdətindən yaxşı komanda yarandı və yüksək liqada ortabablardan olduq”.

Yunis Hüseynov, Tsxadadze, Kvartsxeliya…

“Standard” yüksək liqadakı ilk mövsümündə heç də pis təsir bağışlamadı. Komandanın yüksək liqadakı ilk baş məşqçisi Yunis Hüseynov oldu. Ancaq Hüseynov komandaya mövsümün sonuna kimi rəhbərlik etmədi. Belə ki, mövsümün gedişində komandaya Gürcüstandan məşqçi gətirildi. Çempionlar Liqasının 2006/07 mövsümünün 1-ci təsnifat mərhələsində “Bakı”nı mübarizədən kənarlaşdıran “Sioni”nin çalışdırıcısı olmuş Kaxaber Tsxadadze komandaya baş məşqçi təyin edilir. “Bankirlər” gürcü mütəxəssisin rəhbərliyi altında mövsümü 14 komanda arasında 9-cu pillədə başa vurur. Həmin mövsümdə ölkə kubokunda 1/4 finaladək irəliləyən “Standard” burda “Neftçi”yə məğlub olaraq (1:4, 0:1) mübarizəni dayandırır.

“Qırmızı-qaralar” növbəti mövsümə də Kaxaber Tsxadadzenin rəhbərliyi altında başlayır. Ancaq Tsxadadze mövsümün ortasında komandadan ayrılır. Onu baş məşqçi postunda digər gürcü, Tsxadadzenin köməkçisi olmuş, futbolçu kimi “Kəpəz” və “Şəmkir”dəki çıxışlarıyla ölkə futolsevərlərinə yaxşı tanış olan Badri Kvaratsxeliya əvəz edir. Lakin Badri də mövsümün sonuna kimi qalmır. 2008/09 mövsümünün bitiminə 4 tur qalmış uğursuz nəticələrə görə istefa verən Kvaratsxeliyanı komandanın ikinci məşqçisi Rafiq Mirzəyev əvəz edir. “Standard” bir mövsümdə üç məşqçi dəyişsə də, yüksək liqada keçirdiyi ikinci ildə əvvəlki mövsümkü nəticəsini yaxşılaşdırır. Belə ki, komanda “Neftçi”, “Qəbələ”, “Karvan” kimi komandaları geridə qoyaraq, mövsümü 7-ci pillədə başa vurur. Ölkə kubokunda isə “qırmızı-qaralar” 1/8 finalda, digər bank təmsilçisi “İnter”ə uduzur (2:2, 1:2). Yayda isə komandanın “sükanı arxasına” litvalı Valdas İvanauskas gətirilir.

Bakıdan Sumqayıta köç

Klub rəhbərliyi 2009/10 mövsümündən Sumqayıta “köçmək” qərarına gəlir. Belə ki, rəhbərlik komandanın yüksək liqada keçirdiyi iki mövsüm ərzində azarkeş sayının artırılmasıyla bağlı bütün cəhdlər faydasız qaldığından, komandanın özünün fanat ordusunu yaratmaq üçün başqa şəhəri təmsil etməyi qərara alır. Burda isə ən ideal variant həmişə futbol şəhəri kimi tanınmış, ancaq həmin dövrdə komandası olmayan Sumqayıt idi. Klub 2009/10 mövsümündən etibarən “gənclər şəhəri”ni təmsil etməyə başlayır. Ev oyunlarını Sumqayıtın Mehdi Hüseynzadə adına stadionda keçirməyə başlayan “qırmızı-qaralar”ı artıq əvvəlkindən qat-qat artıq azarkeş dəstəkləyirdi. Amma “Standard” Sumqayıtı yox, başqa şəhəri də təmsil edə bilərdi. Kamil Məmmədovun sözlərinə görə, Sumqayıt vaiantı uzun müzakirələrdən sonra qəbul edilib:

“Premyer Liqada çıxış etdiyimiz zaman azarkeş sayının artırılması istiqamətində müəyyən işlər görürdük. Ancaq Bakıda bu, mümkün deyildi. İstəyirdik komandaya azarkeş qazandıraq. Lakin nə qədər çalışsaq, müxtəlif aksiyalar həyata keçirsək də, azarkeşləri tribunalara cəlb edə bilmirdik. Bakıda buna nail olmaq çox çətin idi. Azərbaycanda köklü klubların oyunlarına azarkeş cəlb etmək çox çətin idi, o ki qaldı yeni yaranmış komandanın. Belə qərar gəldik ki, klubu Bakıdan çıxaraq və bölgələrdən birini təmsil etsin. İlkin variant Gəncə idi. O vaxt bu şəhərin komandası maddi cəhətdən elə də yaxşı vəziyyətdə deyildi. Ona görə, klubu Gəncəyə köçürə, yerli azarkeşlərin dəstəyini qazana bilərdik. Bu variantı öz aramızda müzakirə edirdik. Yerli fanatlarla da görüşmüşdük.

Amma sonda qərara gəldik ki, klub Sumqayıtı təmsil etsin. Qərarda şəhərin Bakıya yaxın olması əsas rol oynadı. Sumqayıta köçmək ideyası mənim idi. Bura həmişə futbol şəhəri olub. Orda insanlar stadiona gəlirdilər. Hansısa şəhərin yeganə komandası olmaq daha asandı, nəinki Bakıda 15 komandadan biri olmaq. Məncə, bu, yaxşı seçim idi”.

“Rəhbərliyə vədlər verirdilər ki, komandanı “altılığ”a salacaqlar”

2008-ci ildə Heydər Babayevin iqtisadi inkişaf naziri postundan ayrılması, onun oğlu Emin Babayevin prezidenti olduğu klubla bağlı müəyyən suallar yaratdı. Artıq komandanın dağılacağıyla bağlı söz-söhbətlər yaranmışdı. Ancaq komandanın sponsoru olan “Bank Standard” kluba yardımı davam etdirirdi. Azərbaycanda hər imkanlı sponsora malik olan klub kimi “Standard”a da kənardan müdaxilələr çox olurdu. Hərə öz xidmətini təklif edir, komandaya uğur qazandıracağı barədə rəhbərliyi, sponsorları inandırmağa çalışırdı. Belə vəziyyətdə, komanda daxilində qruplaşmalar yaranmağa başladı. Bu, “qırmızı-qaralar”ın çempionatdakı çıxışına da təsir edirdi. Klub çempionatda keçirdiyi ilk iki mövsümdə qazandığı ortabab imicini autsayderə dəyişmişdi. Uğursuz nəticələr komandanın litvalı baş məşqçisi İvanauskasın istefaya göndərilməsiylə nəticələndi. Mövsümün əvvəlində klubdan ayrılmış Kamil Məmmədov həmin dövrü belə xatırlayır:

“Komanda yaranandan burda əsas işləri bir təsisçi kimi mən görürdüm. İllərlə bu işin içində olmuşam. Nəyi necə etmək lazım olduğunu bilirdim. Sponsorlar tərəfindən mənə sərbəstik verilmişdi. Ancaq sonradan sponsorlar mənim işimə qarışmağa başladılar. Kənardan müəyyən adamlar rəhbərliyə vədlər verirdilər ki, komandanı “altılığ”a salacaqlar. Artıq əvvəlki kimi sərbəst çalışa bilmədiyimi, kənardan müdaxilələrin çox olduğunu gördükdən sonra klubdan ayrıldım. Amma rəhbərliklə şəxsi münasibətim əvvəlki kimi idi. Sadəcə, klubdakı işimdən ayrılmışdım. Mən ayrıldıqdan sonra komandada qruplaşmalar yarandı. Baş məşqçi Valdas İvanauskas bir tərəfdən, digərləri isə başqa tərəfdən… Bir sözlə, komandada “bardaq” yaranmışdı. Bu vaxt rəhbərliyə baş məşqçi kimi Böyükağa Hacıyevi məsləhət bildilər. Rəhbərlik mənim də fikrimi öyrəndi, dedim ki, təcrübəsi, nəticələri olan məşqçidi, məsləhətdi”.

12 komanda arasında 11-ci

İvanauskasın istefaya göndərilməsindən sonra onu bu postda təcrübəli məşqçi Böyükağa Hacıyev əvəz etdi. Ancaq bu gediş də Sumqayıt təmsilçisini xilas etmədi. “Standard” nəinki “altılıq”dan kənarda qaldı, hətta Premyer Liqada da yerini qoruya bilmədi. “Qırmızı-qaralar” yüksək liqada keçirdiyi üç il ərzində ən zəif nəticəsini göstərərək, mövsümü 12 komanda arasında 11-ci pillədə başa vurur. Komandanın aşağı liqaya yuvarlanması sponsorları klubdan soyudur. Bir müddət sonra klubun növbəti mövsümdən birinci dəstədə yarışmayacağı açıqlanır və komanda buraxılır.

Hücumçusu bombardir, klub isə…

“Standard” çox qısa – cəmi 4 il yaşadı. Bəlkə də, klub bir neçə il daha yaşasaydı, Sumqayıtı avrokuboklarda təmsil edəcək ilk komanda kimi tarixə düşə bilərdi. “Standard”ın qısa tarixi ərzində bu klubda çalışmış futbolçular, məşqçilər sonradan müəyyən uğurlara imza atdılar. Kaxaber Tsxadadze sonradan Azərbaycana qayıdaraq, “İnter”ə iki dəfə ölkə çempionluğunu qazandırdı. Onun oğlu, “Standard”da çıxış etmiş Baçana Tsxadadze də bu klubda çıxış etdi. O, sonradan Gürcüstan millisinə də dəvət aldı. “Standard”ın Premyer Liqadakı son mövsümdə isə komandanın hücumçusu Fəriq Quliyev 16 qolla çempionatın bombardiri oldu. Sonradan “Neftçi”də çıxış edən Fərid, Azərbaycan millisinə də cəlb edildi.

“…artıq gec idi”

Kamil Məmmədov deyir ki, sonradan kluba qayıdıb, kömək etmək istəyib. Hətta Əsgər Abdullayevin “sükan arxasına” keçməsi üçün danışıqlar da olub:

“Komanda həmin mövsümdə zəif çıxış etdi. Mövsümün sonlarında kluba qayıdıb, kömək etməyi planlaşdırırdım. Lakin artıq gec idi. Komanda mövsümün sonunda aşağı liqaya düşdü. Bu isə rəhbərliyin komandadan imtina etməsiylə nəticələndi. “Standard” aşağı liqaya düşməsəydi, sponsorlar dəstəyini davam etdirərdi. Uğursuzluq sponsorların komandadan imtina etməsinə təkan vermiş oldu. Belə deyək, sponsorlar komandadan soyudu.

“Standard”la bağlı yeni planlarım var idi. Mövsüm bitdikdən sonra kluba qayıdaraq, komandanı yenidən formalaşdırmaq istəyirdim. Hətta Əsgər Abdullayevlə komandaya baş məşqçi gəlməsiylə bağlı şifahi razılıq da əldə etmişdik. Ancaq o insanlar ki, rəhbərliyə “altılığ”a düşməyi vəd etmişdilər, həmin şəxslər komandanı heç ikinci “altılıq”da da saxlaya bilmədilər”.

Reşad ERGÜN

Fikirlərini bizimlə bölüş!