Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Tənha adamın ölümü

Yaşım Füzuli Cavadovun oyununu görməyə imkan verməyib. “Neftçi”dən getdiyi 79-da üç yaşın içindəydim, bu üzdən futbolçu keyfiyyətləri haqda danışa bilmərəm. Sadəcə, əvvəlcə oxuduqlarım, sonra eşitdiklərim, nəhayət, şəxsi görüşlər əsasında onun haqqında müəyyən qənaətim formalaşmışdı ki, indi artıq ölümünə görə heyifsilənməkdən başqa əlimdən heç nə gəlmir.

Füzuli bəy futbolun sirlərini indiki Bakıxanov qəsəbəsində Şirəli Şirəliyevdən öyrənməyə başlasa da, istedadı Bakıda yox – Rostovda üzə çıxıb, məhz yerli SKA ilə SSRİ çempionatının güclülər dəstəsində debüt edib. Sonra vətəndən gələn çağırışa cavab verib, “Neftçi”nin elitaya can atdığı 1973-76 aralığında komandanın liderlərindən biri olub. Elitanı 1-ci dəstəyə dəyişmək artıq fədakarlıq idi. Bu başqa məsələ ki, Cavadov da respublikanın əsas komandasında özünü sübut etmək eşqi ilə alışıb-yanırdı. İş elə gətirir ki, “Neftçi” 1976 mövsümünün sonunda elitaya dönməyi bacarır, 1977-nin “Neftçi”sində isə artıq iki Cavadov – böyük Füzuli ilə yanaşı, ondan 7 yaş kiçik olan İsgəndər də var idi. 79-da “sükan arxasına” keçən Əhməd Ələsgərov Füzulini “komandada Cavadovlardan biri qalmalıdı” seçimi qarşısında qoyanda böyük qardaş güzəşt və növbəti dəfə fədakarlıq edir. Açığı, kiçik qardaşın onu bütün SSRİ-də məşhurlaşdıran bu yaxşılığın əvəzini necəsə çıxıb-çıxmadığını bilmirəm. Amma “Neftçi”dən çəkilmək həm də gözdən-könüldən, diqqət mərkəzindən çəkilmək idi ki, Füzüli bəy də bunun fərqinə varmamış deyildi.

Mərhum futbolçu yaddaşımda necə qalıb? Ayrı-ayrı görüşlərdən yaddaşıma yazılan parçaları birləşdirəndə belə bir mənzərə alınır: istisnasız həqiqət aşiqi idi, bildiyini heç kimə verən deyildi, hətta oğlu Vaqif meydanda olan anlarda da istər onun, istərsə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun hansısa qərarından narazı qalan kimi dərhal dilə gəlir, etirazını gizlətmirdi. Maskalanmaq, pərdələnmək, nəyinsə arxasında gizlənmək, nələrinsə naminə susmaq Füzuli bəylik deyildi. Və İsgəndər bəy incisə də, inciməsə də, deməliyəm: məhz buna görə mərhum futbol veteranı nəinki kiçik qardaşından, Azərbaycan futbolunun keçmişində və indisində olan bir çoxlarından yaxşı mənada fərqlənirdi. Ən azı bu keyfiyyətə görə böyük Cavadova hörmət etməyə, onu dinləməyə, hansısa mənada tənha görünən bu adamla söhbətləşməyə dəyərdi. Mənə həmişə elə gəlirdi ki, o, ideyaları və dərdləri ilə baş-başadı; veteranların toy, doğum günü məclislərində etiket naminə şuxluq göstərsə də, qədəh toqquşdursa da, hamıdan fərqlənirdi, mənliyini qorumağa çalışırdı, necə deyərlər, ağır oturur, batman gəlirdi. Kənardan görünən mənzərə belə idi ki, Füzuli Cavadov ümumi xorda xaric səsdi, ətrafındakı qəribə keyfiyyətlərə malik veteranlar ya onu başa düşmürlər, ya da düşmək istəmirlər.

Ata genlərinin yüzdəyüz dəqiqliklə oğulda təkrarlanması qeyri-adi şey deyil. Gündəlik həyatda, yaşamımızda hər gün belə nümunələrlə üz-üzəyik. Bugünkü, yəni çəkinmədən mövqeyini çatdıran, öz fikri, futbola fərqli baxışları olan Vaqif Cavadov hər mənada Füzuli bəyin davamçısıdı. Təbii, bu məqamda atalar və oğullar müqayisəsinə girişmək, kimin daha istedadlı, bacarıqlı olduğuna dair mülahizə yürütmək artıqdı. Amma Vaqifin üzərinə atasının xatirəsini yaşatmaq, ona layiq olan futbol məktəbi yaratmaq, Cavadovların adını ölkə futbolunun səlnaməsinə həkk etmək kimi vacib və nəcib missiya düşür. Güman edirəm ki, Vaqif belə missiyanın öhdəsindən gəlməyə qadirdi.

Allah sənə rəhmət eləsin, tənha adam…

Fikirlərini bizimlə bölüş!