Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Tale Heydərov nümunəsi

Həftənin 4-cü günü "Krasnodar" – "Borussiya" matçında meydan sahiblərinin 1:0 hesabı ilə qələbə qazanması həqiqətən də bizim üçün qrup mərhələsinin cümə axşamısı idi. Kubanda qeydə alınan nəticə ilə ümidlərimizi "Tumba" stadionuna ətrafında dəfn etmişdik. Nə etmək olar, sevinclə kədər qardaşdı…

Bundan öncə Yunanıstanın paytaxtı Afinadan Bakıya sevincdən uçmuşduqsa, budəfəki minik vasitəmiz bizim üçün sadəcə və sadəcə, 20 tonluq "hava gəmisi" idi. Əvvəlkindən fərqli, Salonikidən yükümüz olan 1 xalı təyyarənin salonunda yerləşdirmək heç də çətin olmadı. Halbuki 3 ay bundan əvvəl qrup mərhələsinə qazanılan vəsiqə heç "Boinq"in baqajına da sığmırdı.

Əslində, "Qəbələ"nin qrupda qalması heç də sensasiya deyil, gözlənilən idi. "Qırmızı-qaralar" gücünün çatdığı qədər mübarizə apardı. Sona 1 tur qalmış təmsilçimizin aktivində olan 2 xalı isə növbəti illərdəki qazanılacaq uğurların referansı kimi qəbul etmək olar. Gəlin razılaşaq ki, heç kim "Qəbələ"dən qrup mərhələsinə qədər irəliləməyi gözləmirdi. Əksəriyyət Roman Qriqorçukun komandasının elə ilk təsnifat mərhələsində Tiflis "Dinamo"suna boyun əyəcəyini düşünürdü. Gürcüləri bəxt sayəsində keçdiyini düşünənlər isə növbəti dəfə "Çukariçki" ilə duellərdə yanıldı. Üçüncü təsnifat mərhələsində "Apollon"u da keçmək hər oğulun işi deyildi. Ardınca isə pley-offda "Panatinaikos"u yunan azarkeşlərinin önündə, "Apostolos Nikolaidis" stadionunda devirmək isə Azərbaycan futboluna ən yeni tarix kimi yazıldı.

Kim düşünərdi ki, bundan əvvəlki mövsümdə Avroliqanın elə ilk təsnifat mərhələsində "Şiroki Briyeq"ə məğlub olan "Qəbələ", növbəti ilində azərbaycanlıları həyacanlandırmağa, stadionlara axışmağa, televiziya qarşısına toplamağa nail olacaq? Yəqin ki, klub rəhbərliyindən savayı heç kim bu barədə düşünməmişdi, inanmamışdı. Cari mövsümdə qazanılan nəticəyə görə, "qırmızı-qaralılar"ın rəhbərliyini, xüsusən də, klub prezidenti Tale Heydərovu təbrik etməyə dəyər. Hər halda o, yürütdüyü düzgün siyasət nəticəsində qitənin ikinci dərəcəli yarışında "Qəbələ"nin Azərbaycanı təmsil etməsinə nail oldu. Bununla da Heydərov "qırmızı-qaralar"la eyni yaşda olan "Xəzər Lənkəran"ın rəhbərliyinə açıq dərs keçdiyini desək, yanılmarıq. Çünki cənublulardan fərqli olaraq "Qəbələ"nin xərclədiyi pullar sayəsində ciblər yox, azarkeşlərin gözləri dolu, o da sevincdən…

PAOK səfərindən qayıtdıqdan sonra sabahsı gün Premyer Liqanın 14-cü turu çərçivəsində keçirilən AZAL – "Sumqayıt" matçına yollandım. Sanki cənnətdən cəhənnəmə qovulmusan. Avropa Liqasında tribunalarda yaranan atmosferdən, meydanda sərgilənən oyundan daxili çempionatda əsər-əlamətdə yoxdu. Yunan azarkeşlərinin xorla oxuduğu, futbolçular üçün ana laylası hesab edilən bəstlələrin əvəzinə Şüvəlanda "AZAL, sən kimsən, bizə qalib gələsən?" şüarını eşitmək isə səhər saat 5-də adamı yarımçıq yuxudan oyadan xoşagəlməz zəngli saatın səsini xatırladır. Klubların dağıldığı, tribunaların boş qaldığı çempionatı, ölkəni Avropa səhnəsində təmsil etmək də özü bir qəhrəmanlıqdı. Cəhənnəmdən cənnətə qovulmaq arzusu ilə…

Fikirlərini bizimlə bölüş!