Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Tanıyın və bilin: Bəhmən Həsənov Azərbaycanın Əməkdar Məşqçisidi!

Ölmədik, bu günü də gördük. Əldə etdiyimiz məlumat həm güldürəndi, həm ağladan. Azərbaycanın Əməkdar Məşqçisi adına layiq görülənlər sırasında Bəhmən Həsənov da dayanır.

Bəli-bəli, yanılmadınız, “Rəvan”ın baş məşqçisini nəzərdə tuturuq. Həmin “Rəvan”ın ki, Həsənovun əmək kitabçasında baş məşqçi təyin olunması barədə qeydlərdən yer qalmayıb. Həmin Həsənov ki, Nuru Əliyevin komandasından başqa heç bir kluba gərək deyil. Həmin Həsənov ki, cari mövsümün əvvəlində Emin Quliyev baş məşqçi təyin olunarkən, tezliklə sabiq milli üzvünün də məhz əməkdar məşqçiylə əvəzlənəcəyini yazmışdıq. Çünki bu, artıq aksioma çevrilib.

Ölkənin heç bir komandasına lazım olmayan Həsənova, əslində, yaraşan klub elə “Rəvan”dı. Bunu özləri bilər. Ancaq əməkdar məşqçi…

Əhməd Ələsgərovun sümükləri sızıldamasın, neyləsin? O da Azərbaycanın Əməkdar Məşqçisidi, Bəhmən Həsənov da. Həmin Ələsgərov ki, ölkə futboluna misilsiz xidmətlər göstərib. Həmin Ələsgərov ki, “Neftçi”yə SSRİ çempionatının yeganə medalını qazandırıb.

Ruslan Abdullayev, Ağasəlim Mircavadov, Qurban Qurbanov kimi mütəxəssislər də Azərbaycanın Əməkdar Məşqçisidi, Bəhmən Həsənov da. Niyə bu qədər ucuzlaşmalıyıq? Ölkə futbolunda həqiqətən can qoyan mütəxəssislərlə 5 dəfə “Rəvan” da çalışan birini necə eyni sıralamaya daxil etmək olar?

Sualın cavabını tapmaq üçünsə çox dərinə getməyə zərurət olmadı. Məlum oldu ki, Bəhmən Həsənov gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovla qrup yoldaşı olub. Belədə bu adı vermək üçün “dəlil-sübut tapmaq” olduqca asan məsələyə çevrilir. İndi “Rəvan”ın nəinki PRO kateqoriyalı, hətta əməkdar baş məşqçisi var!

Sual oluna bilər ki, bəs, nəyə görə bu məlumat gizlədilir? Axı, belədə, mətbuat ayağa qalxacaq, AFFA-nı top-tüfəngə tutacaq. Söhbət azad mətbuatdan gedir ha! Assosiasiya da nağıl-dastan danışıb məsələni ört-basdır etməyə çalışacaq. Ancaq AZAD MƏTBUAT həqiqəti yazacaq. Necə ki, biz yazdıq.

Gözün aydın, Azərbaycan futbolu! AFFA-nın təqdim və AGİN-in təsdiq etdiyi siyahıda Premyer Liqanın qapazaltısı sayılan – yalnız “Rəvan”da çalışmış birisinin adı Əməkdar Məşqçi kimi yedizdirildi. Nuş olsun, Azərbaycan futbolu!

Fikirlərini bizimlə bölüş!