Sizə bir tapmaca desəm, taparsız? O nədir ki, əvvəl vardı yeyərdik, yeməsəydik ölərdik. Indi də var yemirik, yeməsək də, ölmürük? Ana südü? Əslində, tapmacanın doğru cavabı budur. Bəs, məsələyə futbol tərəfindən yanaşsaq? Əlbəttə ki, cavab futbola ayrılan puldu 🙂
"Əvvəl vardı yeyərdik, yeməsəydik ölərdik" – bu, vaxtı ilə "Simurq"a rəhbərlik edənlərin indiki şüarıdı. Bir oliqarxın öz məqsədlərini Azərbaycan xalqının gələcəyindən üstün tutması, dollara olan sevgisi nəticəsində yüzminlərlə insanı "dollar krediti" bəlası qarşısında aciz qoyması azmış kimi, onun acgözlüyü "Simurq"u da tarixin yaddaşına köçürdü. Futbol Cahangir Hacıyev üçün sonuncu yerdə dayansa da, Zaqatala camaatı bununla nəfəs alırdı, yaşayırdı.
Elə biz də bu məqsədlə ən azı ayda bir dəfə qatara minib sözügedən şəhərə yollanardıq. Düzü, belə bir "çörək"li səfərin bundan sonra olmayacağı düşüncəsi məni çox məyus etmişdi. Amma uzun fasilədən sonra yenidən dağların qoynunda yerləşən şəhərə baş çəkmək imkanımız oldu. Sözsüz ki, bunun savabı da jurnalistlərin bölgələrə səfərini təşkil edən Peşəkar Futbol Liqasına və "Topaz"a yazılmalıdı.
Tapmacanın "İndi də var, yemirik, yeməsək də ölmürük" hissəsini isə "Simurq" dağılandan sonra şəhər futbolsuz qalmasın deyə, yaradılan "Zaqatala"nın başqanı Musa Qurbanova aid etmək olar. Belə çıxır ki, Qurbanovlar hardadısa, uğur da ordadı. Qardaşı Qurban Premyer Liqada son 3 ildə "Qarabağ"la at oynadır, Avopa Liqasında uğur qazanır, özünün rəhbərlik etdiyi komanda isə hazırda divizionda çempionluğa əsas namizədlərdəndi. Yerli azarkeşlərə növbəti ildə Premyer Liqada qardaşların duelini arzulamaqdan gözəl heç nə ola bilməz. Bu, hər halda bizim üçün də maraqlı olar.
Dünən özüm üçün fikirləşirdim, götür-qoy edirdim. Fikirləşirdim ki, Zaqatalaya son səfərimlə dünənkinə qədər futbolumuzda hansı dəyişikər olub? Bir-bir xatırlayıram: "Simurq", "Xəzər Lənkəran" dağılıb. "Bakı" həvəskarlar liqasında oynayacaq səviyyəyə düşüb. Millimiz DÇ-2018-in seçmə mərhələsində 4 oyundan sonra 7 xal qazanıb. Ölkə futbolu tarixində ilk dəfə "Qarabağ" qrupdan çıxmağa çox yaxınlaşıb. Gördüyünüz kimi, iki səfər arasında olan müddətə qədər çox şey dəyişib. Amma Zaqatalada dəyişməyən bir şey var – o da yerli sakinlərin futbola olan sevgisi. "Simurq"un vaxtında olduğu kimi "Zaqatala" – "Ağsu" matçı zamanı da tribunalarda hər yaşda azarkeşə rast gəlmək olardı. Onların əksəriyyətinin yaşlı nəsilin nümayəndələrinin olması isə sevindirici haldı.
PFL oyundan öncə divizionda rəng qatmaq, marağı artırmaq məqsədi ilə keçirdiyi "ayın ən yaxşı qolu" layihəsinmin qalibini mükafatlandırdı. Bu dəfə "Zaqatala"nın futbolçusu Emin Mehtiyev birinciliyə, xüsusi hədiyyəyə və 500 manat pul mükafatına layiq görülmüşdü. Adaşım etiraf etdi ki, PFL-in bu addımı alqışalayiqdi. Çünki ən azından itmiş futbolçular yada düşür. Onun vaxtı ilə "Neftçi"də çıxış etdiyini nəzərə alsaq, Mehtiyevin belə düşünməsi də başadüşüləndi.
Oyuna gəlincə, Orxan Məmmədovun start fitindən cəmi 2 dəqiqə sonra qonaqlar qola sevindi. 2-ci dəqiqədə Elnur Səmədov zaqatalalıları meydanın mərkəzin dəvət etmişdi ki, bunun cavabını 3 dəqiqə sonra divizionun "qol kralı" Oruc Balaşlı verdi – 1:1. O, dublunu 22-ci dəqiqədə rəsmiləşdirərək cari mövsümdə vurduğu qolların sayını 17-ə yüksəltdi. Arzuman Nəsibovun isə ikinci hissənin ilk dəqiqəsində fərqlənməsi meydan sahiblərinin ardıcıl 8-ci qələbəsini rəsmiləşdirdi – 3:1.
İndi Şaban Şirdanovun komandası 30 xalla lider olan "Turan Tovuz"dan cəmi 2 xal geri qalır. Bu isə qarşıdakı turlarda bu iki komanda arasında ciddi rəqabətin olacağına işarədir. Sözsüz ki, biz də bu rəqabətin, əziyyət çəkən hər kəsin öz zəhmətinin bəhrəsini görməsini istəyirik. "Neftçala" tragikomediyasından sonra belə durum bir daha yaşansa, "vəhşi diviziya"nın nüfuzu daha da aşağı səviyyəyə düşəcək.
Belə olan halda isə futbolu bir kənara atıb, bir-birimizə tapmaca danışacağq: Ağzı bağlı bir təndirim var, içi bircə kündə tutar. Açması?




Fikirlərini bizimlə bölüş!