Lənət şeytana, axı onların intihar xəbəri yayılmalıydı. Onların yerinə kim olsaydı, çoxdan intihar etmişdi. Prezident yəqin ki, özünü güllə ilə vurardı. Vitse-prezident isə asardı özünü. Lənət şeytana, biz bunların intihar xəbərini gözləyirik, amma hələ istefa xəbərlərini də eşitməmişik axı. Dünyanın hansı yerində, hansı klubunda belə hal olsaydı… Birinci belə haldan sonra rəhbərlik utana-utana üzr istəyərdi. İkinci belə haldan sonra utana-utana bir daha üzr istəyib, istefa verərdilər. Yox, istefa verməsəydilər, üçüncü belə haldan sonra mütləq tapançanı gicgahlarına sıxardılar.
Nə birdi, nə ikidi, nə də üçdü… Onlarladı, yüzlərlədi. Utanmaq, intihar etmək üçün səbəb. “Xəzər Lənkəran”ın minlərlə azarkeşinin alçaldılan qürüruna baxıb, utanmaqdan ölməliydi bunlar. Bunlar evinə çörəkpulu qazanmamışdan əvvəl bilet üçün pul qazanan o arabaçı vardı ha, onun əlinin qabarına baxıb, utanmalıydılar. Utanıb, intihar etməliydilər.
Təxminən yaşıddı “Xəzər Lənkəran”la “Qəbələ”. İkisi də elə 10 yaşındadı. “Xəzər Lənkəran” “Qəbələ”dən də varlı olub. Yeyib-içib, kef çəkib. Nə qazandırıblar bu 10 ildə “Xəzər Lənkəran”a? “Qəbələ”nin gününə, şəraitinə, qazandıqlarına baxıb, utanmalıydılar. Utanıb, intihar etməliydilər.
Cənubun uşaqları futbol təhsili almaq üçün “Qəbələ”nin akademiyasına üz tuturlar. Masallıda akademiya üçün alınmış stadionda qoyunlar otlayır. Dünənə qədər orda məşq edən masallılı cocuqlar indi asfalt örtüyə möhtacdılar. O uşaqların gözündəki nisgilə baxıb, utanmalıydılar. Utanıb, intihar etməliydilər.
Mübariz Mənsimovun yaxşı nüfuzu vardı cənub bölgəsində. İndi Türkiyədə ünlü iş adamı hesab edilən bu şəxsin adı gələndə həmyerlilərinin dodağı qaçır. İroniyalı gülüş yaranır hər kəsin simasında. Mübariz Mənsimovun nüfuzunu qara qəpiklik etdilər o tərəflərdə. Buna görə utanmalıydılar. Utanıb, intihar etməliydilər.
Lənət şeytana, hələ sağdılar? Hələ yaşayırlar? Hələ FİFA-nı da, çörəkpulundan əvvəl bilet üçün pul qazanan arabaçını da, dünən futbol oynadığı stadionda bu gün qoyun görən masallılı uşağı da ittiham edirlər? Ola bilməz? Mütləq utanmalıydılar. Mütləq utanıb, intihar etməliydilər.
Gözdə-qulaqda olun. Bu gün-səhər xəbər çıxar: “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov və vitse-prezidenti Tuyqun Nadirov intihar ediblər. Utandıqlarından. Prezident tapançanıi gicgahına sıxıb, vitse-prezident isə özünü asıb. Gözdə-qulaqda olun, mütləq xəbər çıxacaq.
Natiq MUXTARLI




Fikirlərini bizimlə bölüş!