Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Tuyqun Nadirov – istifadə edilmiş… kart

“Xəzər Lənkəran” daha bir zərbə aldı. Yenə də günahkar özləri oldu. Yenə də idarəçilərin səriştəsizliyi. Yenə də, yenə də, yenə də…

Tuyqun Nadirov bəh-bəhlə namizədliyini irəli sürərək, AFFA-nın İcraiyyə Komitəsində təmsil olunmaq eşqinə düşmüşdü. Klublar Komitəsinə (KK) AFFA-nın baş katibi Elxan Məmmədov tərəfindən təyinat aldıqdan və 1 il ərzində komitədə onun “1-ci skripka”sı olduqdan sonra ümid edirdi ki, daha sanballı kresloya sahib çıxacaq. Amma baş katib KK-da istədiyi kimi istifadə etdikdən sonra Nadirovu yaxına buraxmadı.

Klub saytında yayılan bəyanat isə sadəcə, gülüş doğurur: “Səsvermədə iştirak edən subyektlərin mütləq çoxluğunun faktiki olaraq ölkənin futbol həyatında əsas rol oynamadığını və bunun nəticəsində səsvermənin öz məqsədlərinə tam cavab vermədiyini nəzərə alaraq “Xəzər Lənkəran” Futbol Klubu Tuyqun Nadirovun AFFA İcraiyyə Komitəsinə namizədliyini geri götürür.

Qeyd edək ki, mövcüd qaydalara əsasən ümumi 34 səsdən 24 səs hüququ Regional və Sahə Futbol Federasiyaları, həmçinin İctimai Futbol Təşkilatlarına məxsusdur. Bu isə öz növbəsində seçkilərə müstəqil surətdə namizədlik verən şəxsin komitəyə seçilməsini əngəlləyir və sağlam rəqabət prinsiplərinə uyğunsuzluq yaradır”.

Çox pakizə. Ey dünyanın 4 bir tərəfinə borcu olan “Xəzər Lənkəran”, onun prezidenti Mais Mənsimov və vitse-prezidenti Tuyqun Nadirov, məgər bu namizədliyi irəli sürəndə səsvermə hüququnun kimlərə məxsus olduğunu bilmirdiniz? AFFA-nın Nizamnaməsindən bixəbər idiniz ki, orada “qaranı ağ” göstərmək üçün bir çox yollara əl atılıb?

Aydın məsələdi ki, AFFA-nın Hesabat-Seçki Konfransının əsl adı Hesabatsızlıq-Təyinat Konfransıdı. Əvvəlcədən prezidentin də, İcraiyyə Komitəsi üzvlərinin də adları məlumdu. Bu barədə futbolinfo.az bar-bar bağıranda “Xəzər Lənkəran” tələm-tələsik sənədləri düzəldib, Tuyqun Nadirovun namizədliyini irəli sürməyə hazırlaşırdı. Amma Elxan Məmmədov eyni kartdan iki dəfə istifadə etmir. Klublar Komitəsində istifadə olunan kartın üzünə bir daha günəş doğmadı.

Fakt qarşısında qoyulan Nadirova 11 yerə 12-ci adam olduğu göstərilib. AFFA-nın baş katibinin “ağ siyahı”sına düşməyincə, Lənkəran klubunu növbəti uçuruma aparmağı qərara alıb, Nadirov. Axı, bəyanatın 2-ci abzasında faktiki olaraq, assosiasiyaya müharibə elan olunur. Səsvermə hüququ olan subyektlərin futbola aidiyyatı olmadığını qabartmaqla, sabahkı təyinatların da ədalətsiz, bir az da sərt desək, qeyri-qanuni olduğu bildirilir.

Allah bağışlayandı, Elxan Məmmədov isə Allah deyil. Sabah “ya vəlvələdən, ya zəlzələdən”, “Xəzər Lənkəran” 1-ci diviziona yuvarlansa, cənublu fanatlar bunun səbəbkarı qismində baş katibdən əvvəl “12-ci oğlan”ı görməlidilər. Çünki Elxan Məmmədova “əlcək atan”ın sonu yaxşı qurtarmır. Nadirov isə bunu etdi. Özü də klubun möhürü ilə…

P.S. Yadıma bir əhvalat düşdü. Mərhum Əhməd Ələsgərov Türkiyə toplanışı zamanı millimizin futbolçularına növbəti yoxlama oyunuyla bağlı nəzəri təlimatlar verir. O, futbol meydançasını xatırladan lövhədə fişkaları düzüb, fikirlərini çatdırır. Fişkaları sayan Emin Ağayev baş məşqiyə “Əhməd müəllim, axı, lövhədə 12 fişka var” deyir. Təcrübəli mütəxəssis fişkaların birini götürərək, “artıq oyunçu sən idin” cavabını verir.

Fikirlərini bizimlə bölüş!