“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov Klublar Komitəsinin sədri vəzifəsindən uzaqlaşdırıldı. Ardınca media mənsublarının suallarını cavablandıran klub rəsmisi Rahid Əmirquliyevin maaşının 9 aydı verilməməsi ilə bağlı sualdan yayınmağa cəhd edib.
Nadirovun açıqlamasından sonra nədənsə ilk oalraq, uşaqlığım yadıma düşür. Hər həftənin bazar günü radioda “Sandıqça” verilişini dinləyərdik. Uşaq təfəkkürü üçün Savalan babayla Biləyən olduqca maraqlı nağıllar danışardılar. Hər dəfə “Sandıqça”nın içərisindən hansı maraqlı nağılın çıxacağını gözləyərdik.
Nadirovun dedikləri də daha çox rebusa, sandıqda gizlənilən məlumata bənzəyir. “Rahid ağıllı başlı futbolçudu… Heç bir futbolçuya borcumuz yoxdu… Əmirquliyev o kateqoriyada insan da deyil ki, yalandan nəsə desin”. Gəl indi kələfin ucunu tap da. Bu cümlələr toplumunun bircə mənası yaranır: “Mətbuat Əmirquliyevin dilindən yalan yazıb”. Amma “lopatka”nı azacıq dərindən qazanda hər şey yerini tutur.
Klubla futbolçular arasında iki müqavilə imzalanır: biri notariusdan keçirilir, digəri yox. Notariusda təsdiq edilən müqavilədə futbolçuya həqiqətdə ödənilən məbləğin cüzi bir hissəsi göstərilir. Bu müqaviləyə riayət etmək istənilən klubda “müqəddəs borc” sayılır. Çünki həmin vəsait ödənməsə, oyunçu birtərəfli qaydada anlaşmaya xitam verə bilər.
Nadirov da məhz həmin müqavilənin şərtlərinə riayət etdiklərini əlində bayraq tutaraq, borclarının olmadığını dilə gətirib. Soruşula bilər ki, “nəyə görə belədə, Lənkəran klubunun legionerləri FİFA-ya şikayət edib pullarını ala bilirlər”? Məsələ burasındadı ki, əcnəbi vətəndaşılardan fərqli olaraq, yerli futbolçuların belə bir hüququ yoxdu. Onlar yalnız AFFA-ya şikayət edə bilir ki, ölkənin ali futbol qurumu da belədə, neytral mövqe tutaraq, oyunçuların azad agent statusu verilməsi ilə kifayətlənir.
Bunun da səbəbi odu ki, ölkədə klub sayı olduqca azdı. AFFA da hər vəchlə klubları qorumaq istəyir. Doğrudu, futbolçu AFFA-nın qərarı ilə razılaşmayanda, CAS-a müraciət etmək hüququna sahibdi. Lakin bu quruma pul köçürməklə yanaşı, tutduğu vəkilə də müəyyən vəsait ödəməli olan oyunçu yekunda mənfi saldoya sahib olacağından, habelə prosesdə məğlub olmaq ehtimalından çəkinərək, məsələnin “sülh yolu”na razılıq verir. Nəticədə, “Xəzər Lənkəran” rəsmisi Əmirquliyevə borclarının olmadığını dilə gətirir.
Vəssəlam. Tuyqun Nadirov “Sandıqça”sının iç üzü bu qədər sadə və bu qədər çirkaba bulaşmış çıxdı. Hər halda mövzuda “Bermud üçbucağı”nın – klub-futbolçu-AFFA – yarandığı sezilir. Yaxın vaxtlarda mövzuya qayıdıb, futbolçuların düşdükləri çıxılmaz vəziyyətlə bağlı araşdırmalarımızı davam etdirəcəyik.




Fikirlərini bizimlə bölüş!