Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Üç bacı”nın “qara namə”si

“Mən ki gözəl deyildim” filminin yaranma tarixindən 50 ilə yaxın vaxt (1968-ci il) ötsə də, müstəqillik dönəminin Azərbaycan kinomatoqrafiyası elə bir vəziyyətdədi ki, bu müddət kəsiyində hansısa paralel aparılası bir film xatırlamaq çətindi. Xuraman Qasımovanın canlandırdığı Səidə obrazı. Həqiqətən əla ifadı! Səidənin poçtalyon fəaliyyətinin zirvə nöqtəsi atasının müharibədə həlak olması barədə “qara məktub” aldığı epizoddu…

Lənkəranlıların “Novruz qılıncı”
“Xəzər Lənkəran”ı Novruz bayramı ərərfəsində “Keçəl-Kosa” (FİFA-nın tələbi ilə AFFA-nın icraatında) hədiyyəsi gözləyir. Klub 800 minlik borca kəsilən son tarixədək sabiq futbolçularının pulunu ödəmədiyi üçün bu dəfə xal cəzasına məruz qalacaq. Cənubluların hesabından 6 xal silinəcək. Premyer Liqada qalmaq uğrunda mübarizədə “Xəzər Lənkəran”ın əsas rəqibi “Rəvan” bunu toy-bayram etməyə yenicə başlamışdı ki…

“Qara namə”
Allah mərdimazarın evini yıxsın. Cənubluların xallarını, heç olmasa, martda siləcəklər, Nuru Əliyevin klubu isə 3-cü dövrə start götürməmiş “qara namə”ni aldı. Artur Kotenkoya atdıqları pulu ödəməli olmaları öz yerində, hesablarından da 6 xal silindi.
Bu an adamın yadına çox epizodlar düşür. Amma ən “sveji”sini yazacam. Bir neçə gün öncə “Rəvan”ın vitse-prezidenti İlqar Axundova zəng vurmuşduq. Onun hansı mətbu orqanını təmsil etdiyimizi bilincə “məndən nə istəyirsiniz”, deməsi orta məktəb dərsliklərinin “etika normaları” bəndinə mütləq daxil edilməlidi. Yəqin klubun bu cinayətə görə çəkdiyi cəza rəsmiləşdikdən sonra Axundov nə istədiyimizi anlayar! Yox, bu dəfə də başa düşmadisə, qısaca izah edək: qanunlara riayət etmələrini, fırıldağa əl atmamalarını istəyirdik. Çünki bu cür sanksiyalar ölkə futbolunun adını batırır və bu hadisədə “Rəvan” kimi yararsız klub öncüllər sırasında dayanır.

50-nin 50-yə
Dünyada güclülər dəstəsində qalmaq uğrunda mübarizə aparan komandalar hər turda xal qazanmağa, əsas rəqibini arxada qoymağa can atır. Amma dünyanın Azərbaycan futboluna heç bir aidiyyatı yoxdu. Elə bu səbəbdən “Xəzər Lənkəran”la “Rəvan” arasında əsas mübarizə hansı komandanın hesabından daha az xal silinməsi uğrunda gedir. Rəqəmlər də bunu təsdiq edir. Arxada qalan 18 tur ərzində hər iki komanda yıxılıb-tökülüb 12 xal toplamışdı. Bakılılardan mövsümün bəhrəsinin yarısını siliblər, cənublulardan isə hələ siləcəklər. Özü də heç kim təminat verə bilməz ki, bu, sonuncu belə hal olacaq…

“Üç bacı”
Bu cür maliyyə fırıldaqlarının sonu yaxşı olmur. Ancaq əbəs yerə “hər yanlış bir naxışdı”, deməyiblər. Çünki bu gedişlə FİFA həm “Xəzər Lənkəran”, həm də “Rəvan”ı 1-ci diviziona göndərəcək. Aşağılarda isə onlara bu sahədə zəngin təcrübəyə malik “Bakı” qucaq açacaq. Necə ki, bu gün komandanın daha 3 xalı silindi. Həə, bax, onda əsl idman mübarizəsi gedəcək: “Xəzər Lənkəran”, “Rəvan” və “Bakı” arasında. Bəzi yerlərdə qarışıq dolmaya “üç bacı” da deyillər. Bu “üç bacı”lar da daha az xalı silinən komanda adı uğrunda savaşa çıxacaqlar.

Epiloq
“Bizim Cəbiş müəllim” filmi də müharibə dövründən bəhs edir. Günümüzdə Cəbiş müəllim kimi saf klub rəhbərləri qalmayıb. Bu filmdə də “qara kağız” xəbəri bir halal ailənin qapısını döyür. Halal ailə müharibə dövründə bəd xəbər almışdısa, haram ailələr əmin-amanlıq dövründə “qara namələr”ini sıralayır. Qulağınızda sırğa edin: fırıldaqların axırı həmişə qara naməylə bitir… İstənilən sahədə!

Fikirlərini bizimlə bölüş!