Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Vətən xainləri” – Başlayır!

Yəqin ki, "Qarabağ"a olunan haqsızlıq heç bir zaman yaddaşlardan silinməyəcək. Neçə gündü ancaq bu haqsızlıqdan yazılır, insanlar UEFA-nın qərarını həsrətlə gözləyir, küçədə ancaq bu məsələ müzakirə olunur. Saytlar İP yığma vaxtıdı deyib, "dezo" xəbərlər verir.

Qurban Qurbanov və futbolçuları artıq müqəddəsləşdirilib. Artıq bu insanlar haqqında tənqidi fikir səsləndirilən zaman "vətən xaini", "düşmən dəyirmanına su tökən" adlandırılırsan. Bu indi sizə elə-belə gələ, görünə bilər, amma bunun fəsadlarını irəlidə çəkə bilərik.

Bir düşünsəniz, irəlidə "Qarabağ"ın qapısına penalti təyin edən hakimin vəziyyətini. Hələ hakim səhvən "Qarabağ"ın haqlı penaltisini verməsə… Düzü, inanmıram buna kimsə cəsarət edə. Çex hakimə "gözlük göndərən" azərbaycanlılar, azərbaycanlı hakimin gözünü çıxardar.

Belə şişirdilmə futbolçulara da təsir edir. Reynaldonun artıq son zamanlar ötürmə anında xəsislik etməsi heç kimin gözündən yayınmayıb hər halda. Fransada buraxılan qol da Almeydanın mənasız yerə top itkisindən sonra olmuşdu. Düzdü, bu adamlar klub üçün çox iş görüb. Amma son zamanlar "ulduz xəstəliyi"nə tutulma hiss olunur futbolçularda.

İdmançılarımızın uğur qazanmasından sonra onlara göstərilən diqqət və qayğının başlarını dumanlandırdığının dəfələrlə şahidi olmuşuq. Xaricdə uğur qazanandan, olimpiya çempionu olandan sonra onlara verilən pullar, evlər, maşınlar hər kəsin yadındadı. Elə növbəti olimpiadada fiaskoya uğramaları da. Xüsusilə, qızıl medal qazanan Fərid Mansurov, Elnur Məmmədli daha yaxşı misaldı buna. Elnur Məmmədli şəhərdə "avtoş" qovalamağı ardıcıl olimpiya çempionu olub, bayrağımızı dalğalandırıb, himnimizi səsləndirməkdən üstün tutdu. 2000-ci ildə Sidneydə boks üzrə bürünc mükafatını qazanan Vüqar Ələkbərovun 2004-cü ildə Afinada rəqibin qabağında qaçması hələ də yadımdadı. Sonra isə iş adamlarına "xərac" kəsməyə başlamışdı…

"Qarabağ"a olunan yüksək dərəcəli hörmət jurnalistlərə də təsir edir. Bundan sonra "Qarabağ"ı tənqid etmək – haqlı-haqsız, fərq etməz – birbaşa "ermənipərəst" damğası yeməyə səbəb olacaq. "Köhlən atlar"a gözün üstə qaşın var deyənlər söyüşlərin, təhqirlərin yiyəsi olacaq. Redaksiyalara basqınlar belə, ola bilər.

İnsan bir az qəribə varlıqdı. Anidən artan diqqət, pul, başını hərlədib, gözünü kor edə bilər.

Ona görə də demək istəyirəm ki, "Qarabağ"ın digər klublarımızdan heç bir fərqi yoxdu, uğur qazanıb, çox gözəl, təbrik elədik, indi isə daha irəli getməlidilər. Bu il haqsızlıqla üzləşib, dayandırıldıqları qrup mərhələsini gələn il adlamaqla güclərini sübut etməlidilər. Bəlkə də artıq Çempionlar Liqasının qrup mərhələsində oynamağın vaxtıdı.

Fikirlərini bizimlə bölüş!