Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Vikinqlərin qurbanı – “Sabah” Şimalda həm xalları, həm də ümidləri itirdi

Vikinqlərin qurbanı – “Sabah” Şimalda həm xalları, həm də ümidləri itirdi

“Sabah” Çempionlar Liqasında dördüncü sınağına soyuq Şimal dənizi sahillərində çıxmışdı. Azərbaycan çempionu bu dəfə dişinə görə olan rəqiblə üz-üzə gəlsə də, istəyinə çata bilmədi. Acı və qaçılması mümkün olan bir məğlubiyyətlə üzləşdi…

Əslində, “Vikinq” təmsilçimizə çox bənzəyir. Hardasa eyni səviyyədədi və turnirdə boyundan yuxarı tullanmağa iddialı sürpriz namizədlərdən biri sayılır. Onlar da “Bode Qlimt”in hegemonluğuna son qoyaraq Norveç çempionluğu qazanıb və tarixində ilk dəfə ÇL-ə yüksəliblər. Oyun tərzləri, hətta forma rəngləri də “bayquşlar”a oxşardı. Ən böyük fərq isə azbüdcəli komandalarının əsasını yerli futbolçuların, bizdə isə legionerlərin təşkil etməsidi.

“Vikinq” süni örtüklü meydanında “Bavariya” kimi nəhəngə əcəl tərini axıtmaqla yadda qalmışdı (3:3). Görünür, Münhen superklubuna bu cür meydana uyğunlaşmaq asan deyilmiş. Azərbaycan klublarını isə heç kim qeyri-təbii meydanla təəccübləndirə bilməz. Onsuz da ölkəmizdə az qala hər ikinci oyun belə meydanlarda baş tutur. Skandinaviyanın sərt iqlimi üçün bu zəruridir, bizdə niyə belə kütləvi hal alıb, ayrı və uzun mövzudur. Sözün kəsəsi “bayquşlar”ın büdrəməsinin səbəbi qətiyyən bu deyildi.

Baş məşqçi Valdas Dambrauskasın heyət və taktiki seçimi əsas səbəb sayıla bilər. Start heyətində Kahim Parris və Coy-Lens Mikels kimi hücum xəttinin aparıcı fiqurlarının yer almaması təəccüblü idi. Litvalı mütəxəssis nədənsə yetirmələrini bu dəfə əvvəlki qədər cəsarətli oynatmır, əsas diqqəti müdafiəyə yönəldirdi.

Start fiti verilən kimi “Sabah” geri çəkildi, norveçlilər üstünlüyə yiyələndi. Amma komandamız ilk kəsərli hücumdaca hesabı açmağı bacardı. “Bayquşlar”ın artıq klassikləşən sürətli əks-hücumundan sonra Patrik Orfe Mbina toru silkələdi.

Gəl ki, Dambrauskasın yetirmələrinin müdafiədə diqqətli olmaq cəhdləri səmərəsiz qaldı. Norveçlilər təzyiqi artıraraq tezliklə bərabərliyi təmin etdilər. Hissə bu hesabla başa çatdı və ən azı bir xalla qayıdacağımıza inam vardı. Heç nə sonradan yaşananları vəd etmirdi. Yalnız Simiçin zədələnərək sıradan çıxması yerinə düşmədi.

Hətta ikinci hissəyə çempionumuz daha cəsarətli başladı. Lakin son 20 dəqiqədə yol verilən kobud səhvlər qarşılaşmanın taleyini meydan sahiblərinin xeyrinə həll etdi. Əvvəlcə penalti ilə rəqibin önə keçməsinə şərait yaratdılar. Ardından isə Eyden Makkartni heç nədən meydanın mərkəzində bağışlanmaz kobudluğa yol verərək komandasını azlıqda qoydu.

Dambrauskasın əvəzetmələri də oyunu gücləndirmək əvəzinə, oyun intizamının tam itməsinə və “Sabah”ın məğlubiyyətinin darmadağınla nəticələnməsinə gətirib çıxardı – 1:4.

Xüsusilə, millimizin əsas müdafiəçisi Rəhman Daşdəmirov meydana çıxandan sonra uşaq səhvləri ilə hesabın böyüməsinə əsas səbəbkar idi. O, bu məsuliyyətsiz oyunu ilə ilk 11-likdə yerini elə tam haqlı itirdiyini göstərmiş oldu.

Yəqin ki, son məğlubiyyətin ardından “Sabah”ın “Qarabağ”ın ötənilki uğurunu təkrarlayıb, ÇL-in pley-off mərhələsinə yüksəlmək şanslarını daha itirdiyini söyləyə bilərik. “Vikinq”ə tarixində ÇL-in liqa mərhələsində ilk qələbə sevincini bəxş etməmək olardı. Çox heyif…

Turan ŞAHSEVƏNLİ

Fikirlərini bizimlə bölüş!