Premyer Liqada mübarizənin güzgüsü hesab tablosu və turnir cədvəlidi. Kimin hansı gücdə, kimin hansı yerə layiq olduğu məhz burada əksini tapır.
Bəs, klublarımızın virtual aləmdəki mübarizəsində kim üstündü? Bunu aydınlaşdırmaq üçün onların rəsmi səhifələrinə baş çəkmək, kimin nə iş gördüyünə baxmaq lazımdı.
http://www.qarabagh.com/
http://fczire.az/
http://www.gabalafc.az/
http://www.inter.az/
http://kapazpfc.az/
http://www.neftchipfk.com/
http://www.azalpfc.az/
http://www.sumqayitpfc.az/
Əvvəla qeyd edək ki, klub saytlarının əksərində əsas komandanın keçirdiyi oyunların hesabları və oyun haqqında qısa məlumat yerləşdirilir. Əvəzedicilər, digər yaş qruplarından ibarət komandalar əksər hallarda unudulur.
Klubların əsas informasiya qaynağı olan saytlardan hansısa məlumat əldə etmək demək olar, mümkünsüzdü. Adi bir misal: son 3 mövsümün çempionu "Qarabağ"ın gənc qapıçısı Şahrudin Məhəmmədəliyev haqqında bilgi almaq üçün Ağdam təmsilçisinin rəsmi saytına daxil oluram, lakin məni burada yalnız foto və qapıçının forma nömrəsi “gözləyir”. Hətta doğum tarixi də qeyd olunmayıb. Çəki, boy, oyun sayı, oyunçu haqqında digər vacib məlumatlardan söhbət belə getmir.
“Şahruddinin axtarışı”na davam edirik və Premyer Liqanın təşkilatçısı olan Peşakar Futbol Liqasının saytına daxil oluruq. PFL-in verdiyi məlumata inansaq, Məhəmmədəliyevin artıq 29 yaşı olduğunu görürük. Bu qapıçıdan “Qarabağ”ın limitdə gənc kimi yararlandığını yada salıb, axtarışa davam edirik və məlum olur ki, Şahrudinin 22 yaş var.
Bu, çatışmazlıqlardan yalnız biridi.. Ağdam klubunun əvəzedici komandası haqqında saytda heç bir məlumatın olmaması ən böyük çatışmazlıqdı. Çempionluq uğrunda mübarizə aparan əvəzedici komandanın heyəti , keçirdiyi oyunlar , turnir cədvəli mütləq saytda olmalıdı.
"Qəbələ"nin saytına nəzər salsaq, görərik ki, xəbər lenti daim yenilənir. Klubun ötən mövsümlərdə keçirdiyi oyunların nəticələrinə saytda yer verilsə də, komandanın keçmiş mövsümlərdə çıxış etdiyi heyət, oyunların protokolları, transfer olunan oyunçuların keçmişdə hansı klublarda forma geyinməsi haqqında məlumatlara yer verilməməsi saytın əsas çatışmazlığıdı.
Əvəzedici komanda haqqında məlumatlar tam olaraq var. Lakin bu, yalnız cari mövsümə aiddi.
"İnter" bir çox yeniliklərlə seçilir. Klubun radiosu var, “facebook” səhifəsi çox aktivdi, lakin rəsmi saytda ciddi problemlər var. Klubun əsas informasiya qaynağında Azərbaycan kubokunun yeni mövsümü hələ start götürməyib. Azərbaycan kuboku bölməsində qeyd olunan oyunlar və hesabların hansı mövsümün kubok yarışı olduğu belə göstərilməyib. Sayt yalnız "İnter"in Premyer Liqada keçirdiyi oyunların hesablarını bir cümləlik "xəbər" adı altındagöstərir.
“İnter”də də əvəzedici heyət unudulub. Keçirilən oyunlar , turnir cədvəli və ötən mövsümlər haqqında saytda heç bir məlumat yoxdu. Düzdü, “bankirlər” saytda sosial şəbəkələrə keçid imkanları yaradıb, onları bir yerdə cəmləməklə hamıdan bir addım öndədi. Lakin statistikayla bağlı ciddi problem var. Ümumiyyətlə, bütün klublarımızda arxivlə bağlı çatışmazlıqlar göz deşir. Hətta PFL-də 2 mövsüm əvvəlki hansısa oyunda kimin forma geydiyini və s. məlumatları tapmaq olmur.
"Kəpəz"in saytı daimi olaraq xəbər lentini yenilənir, klub haqqında ətraflı məlumatlara yer verilir. Gəncəlilərin Premyer Liqada keçirdiyi oyunlarla yanaşı, əvəzedici komandanın və aşağı yaş qrupları üzrə kollektivlərin matçlarından videoicmalların saytda yer alması hamıda görmək istədiyimiz üstünlüklərdi.
Saytın əsas çatışmazlığı arxiv problemi, məşqçilər və futbolçular haqqında ətraflı məlumatların qeyd olunmamasıdı. Əvəzedici komandada da eyni hal təkrarlanır. Əlavə olaraq, əvəzedicilər çempionatının turnir cədvəli də saytda özünə yer tapmayıb.
"Zirə"nin saytı diqqətçəkəndi, amma yalnız vizual görünüşünə görə. Burada da məlumat qıtığı diqqət çəkir. "Zirə"nin keçirdiyi oyunlar və klub haqqında çox az xəbərə rast gəlinir. Məşqçilər və futbolçular yalnız foto, forma nömrəsi və hansı ölkə vətəndaşı olmaları haqda məlumatla “təmsil olunub”. Futbolçuların doğum tarixləri , keçirdikləri oyunların sayı və digər vacib məlumatlardan söhbət belə getmir.
Digər klub saytlarında olan problemlər burada da eynilədi. “Qartallar” üçün də əvəzedici komandanın sanki əhəmiyyəti yoxdu.
Premyer Liqa klubları arasında xəbər lentinin daimi yenilənməsi və əsas komandanın keçmiş mövsümlərdə liqada iştirakı ilə bağlı ən ətraflı məlumat ala biləcəyimiz klub saytı "Sumqayıt"a məxsusdu. Əsas və əvəzedici komandanın hazırki və ötən mövsümlərdə keçirdiyi oyunlar haqqında videoicmallara saytda yer verilərkən bəzi əsas bölmələrinin ləğv olunması diqqətimi çəkdi. 3-4 gün öncə yazı üçün məlumatlar toplamağa başlarkən "Sumqayıt"ın saytında əsas və əvəzedici komanda ilə yanaşı, klubun iştirak etdiyi bütün yaş qrupları üzrə çempionatların turnir cədvəlləri rastımıza çıxmışdı. İndi isə onların hamısı “qeybə çəkilib”.
Premyer Liqada çətin günlər keçirən "Neftçi" meydançada olduğunun əksinə, virtual mübarizədə heç də digər klublardan geri qalmır. Klubun tarixi, veteran futbolçular , azarkeşlərlər üçün ayrılan xüsusi bölmə, əvəzedici və aşağı yaş qruplarının heyətlərinə saytda yer verilməsi diqqət çəkir.
Futbolçular haqqında ətraflı məlumatların qeyd edilməməsi, bütün klublarda olduğu kimi, flaqmanın saytında da əsas qüsurdu. Digər bir çatışmazlıq isə əvəzedicilərə və aşağı yaş qruplarına az diqqət göstərilməsidi.
Klubun keçmiş illərdə çıxşı ilə bağlı məlumatlar qeyd olunan bölmə hələ tam istifadəyə verilməyib, hazırlandığı haqqında saytda qeyd olunub.
Premyer Liqanın autsayderi olan AZAL virtual mübarizədə də rəqiblərindən çox geridə qalıb. Ən zəif idarə olunan klub saytlarında belə daimi olaraq xəbər lenti yenilərkən "təyyarəçilər"də hətta bunu da etmirlər.
Əsas və əvəzedici komandanın heyəti haqqında saytda çox az məlumat tapmaq olur. Əvəzedici komandanın keçirdiyi oyunlar və turnir cədvəli isə “unudulub”. Azərbaycan kubokunda 1/4 final mübarizəsində iştirak edən klubun saytında bu barədə məlumat və xəbərlərin yer almaması virtual mübarizədə də autsayder olduğunun açıq sübutudu.
Yekun olaraq, demək olar ki, həm klublar, həm də PFL-in saytlarında ciddi problemlər var. Birində olan digərində yoxdu və ya bəziləri ümumiyyətlə, “dünyadan təcrid olunub”. Sosial şəbəkələrdə vəziyyət qismən yaxşıdı. Hətta burada bəzən az qala hər şeyi tapmaq olur. Lakin əsas güzgü məhz rəsmi saytlardı. Buradakı vəziyyəti isə yuxarıda izah etməyə çalışdıq.




Fikirlərini bizimlə bölüş!