Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Xəzər Lənkəran” azarkeşlərini Rövnəq Abdullayev həbs etdirib?

2013-cü ildə keçirilən “Xəzər Lənkəran” – “Neftçi” oyunundan sonra həbs olunan 4 cənublu azarkeşlərdən biri – Astara rayon sakini, 52 yaşlı Elçin Abdullayev prezidentin imzaladığı əfv sərəncamından sonra azadlığa çıxıb.

Azadlığa çıxan Abdullayev günahsız olduğunu, sifariş əsasında həbs olunduğunu bildirib. Abdullayev “Futbol+” qəzetinə verdiyi müsahibədə şok ittihamlar səsləndirib:

“Mən savadsız, kənd yerində böyümüş bir fağıram. İstintaq müddətində və həbsxanada dedilər ki, sizin burda olmağınızın səbəbi Rövnəq Abdullayevlə Mübariz Mənsimovun münasibətlərinin korlanmasıdı. Bakıda nələr baş verdiyindən biz kasıbların nə xəbəri var? Azarkeş kimi stadiona getmişdim, başıma bu oyun gəldi”.

Elçin Abdullayev heç bir günahı olmadan kimlərinsə sifarişi əsasında üç il həbsxanada yatdığını bildirib:

“İttihamnamədə ən çox narazı qaldığım məqam əsgərə daş atdığımın göstərilməsidi. Bu, tamamilə yalandı. 52 yaşlı insan övladı yerində uşağa daş atar? Özü də vətəni qoruyan əsgərə. Bu, mənim üçün qara ləkədi. Ölənədək bu mənə əzab verəcək. Çalışacam ki, bu ləkəni hansısa yolla üzərimdən götürüm. Aidiyyatı orqanlara şikayət yazacam, televiziyaya çıxacam ki, bircə bu ləkəni adımdan təmizləyim. Həmin əsgərlərin valideyinlərinə səslənirəm: sizə qurban olum, mən sizin uşağınıza daş atmamışam. Mən kimlərinsə zibilinə düşmüşəm”.

Azarkeşin ittihamlarında məntiqi çalar yetərincədi. “Xəzər Lənkəran” – “Neftçi” oyunundan sonra hər iki komandanın azarkeşləri həbs olunmuşdu. Ancaq sonradan Rövnəq Abdullayevin sahibi olduğu “Neftçi”nin azarkeşləri azadlığa buraxıldı. Cənublu azarkeşlərə isə həbs cəzası kəsildi. Özü də olduqca ağır cəza. Dünyanın heç bir ölkəsində stadionda azarkeşlər arasında baş verən insidentə görə belə ağır cəza kəsilmir. Bu da onu göstərir ki, bu məsələdə qaranlıq məqamlar var. “Neftçi”nin azarkeşlərinin azad olunması, cənublu azarkeşlərin isə həbsdə saxlanılması Rövnəq Abdullayev amilini gündəmə gətirir.

Azarkeşlərin həbs olunmasını AFFA prezidenti sifariş verib? Məsələylə bağlı AFFA-da yüksək vəzifə tutan, adının açıqlanmasını istəməyən şəxsin mövqeyini öyrəndik. Vəzifəli şəxs bildirdi ki, azarkeşin ittihamı yetərincə məntiqlidi. O, Rövnəq Abdullayevlə Mübariz Mənsimovun münasibətlərinin həqiqətən də korlandığını təsdiqlədi. Bu münasibətlərin korlanmasına Azərbaycan kubokunun finalında keçirilən “Neftçi” – “Xəzər Lənkəran” oyunu səbəb olub. Həmin oyunda “Neftçi” rəhbərliyinin törətdiyi ağlasığmaz vəhşiliyə “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov olduqca sərt reaksiya vermiş, “mən sizə lotuluq etməyin nə olduğunu göstərərəm” demişdi.

Mənbənin bildirdiyinə görə, Rövnəq Abdullayev Mənsimovun bu sözlərindən narazı qalıb. Azarkeşlərin həbs olunmasını da Abdullayev ona görə sifariş verə bilərdi ki, Mənsimovu cənub bölgəsində gözdən salmağa cəhd etsin. Həqiqətən belədisə, “Neftçi” azarkeşlərinin azadlığa çıxması, “Xəzər Lənkəran” azarkeşlərinin həbs olunması ilə AFFA prezidenti “mən nə istəsəm, edərəm” mesajını vermiş olub.

Bütün hallarda, belə durum Azərbaycan futbolunda yaşanan biabırçılıqların bariz göstəricisidi. AFFA-nın prezidenti günahsız azarkeşlərin həbs olunması üçün sifariş verirsə, daha bundan başqa deyiləcək söz qalmır: Deməli, Azərbaycan futbolunda baş verən bütün saxtakarlıqların, biabırçılıqların baiskarı və sifarişçisi AFFA prezidenti Rövnəq Abdullayevin özüdü.

komanda.az

Fikirlərini bizimlə bölüş!