Xaqani Məmmədovun lotuları Düzü, bu barədə nəsə yazmağa tərəddüd edirəm. Qorxuram ki, Xaqani Məmmədovun hakimləri məni də “razborka”ya çağıra, döyə. Sonra gəl sübut elə ki, döyülmüşəm, fiziki təzyiqə məruz qalmşam. Vallah, Xaqani bəy yenə hakimi haqlı çıxaracaq. Deyəcək ki, sifət yumruğu tapıb, yumruq sifəti yox. Deyəcək ki, montajdı. Deyəcək ki, zarafat edirdik. Deyəcəklər ki…
Yəni deyirsiz ki, “yook artık”? Niyə də olmasın? Əgər yan xətt hakimi Namiq Hüseynov AZAL-ın baş məşqçisi Tərlan Əhmədovu “razborka”ya çağırırsa, “Çıxandan sonra söhbət edərik” deyirsə, niyə jurnalist də çəkinməsin ki? Adamlarda artıq qorxu hissi yoxdu. İstədikləri an istənilən komandanı ürəyi istədədikləri qərarla yerlə bir edirlər. Bax budur Azərbaycan hakimləri! Daha doğrusu Xaqani Məmmədovun qoçuları! Üzr istəyirəm, qoçuları da yox, lotuları…
Deyəsən, Məmmədovun rəhbərliyi ilə hakimlər Bolqarıstandakı təlim-məşq toplanışı zamanı nəzəri biliklərini, fiziki hazırlıqlarını yaxşılaşdırmaq əvəzinə “Mən necə avtoritet ola bilərəm?” adlı kurslara qatılıblar. Artıq Bolqarıstanda keçirilən “sxodka”da Ramil Diniyev ad da veriblər. Əldə etdiyimiz məlumata görə, ötən mövsümün son turunda “Xəzər Lənkəran”ın qapısına olmayan penaltini təyin etməklə özünü dünyaya güldürən Diniyevin bundan sonrakı ləqəbi “Беспредел” adını alıb. Ötən gün keçirilən AZAL – “Neftçi” matçının 14-cü dəqiqəsində xəbərimiz öz təsdiqini tapdı.
AZAL-ın hücumu zamanı Röyal Nəcəfovun vurduğu zərbə qapı xəttini keçsə də, epizodun 2 metrliyində olan “Беспредел” Diniyev ləqəbinə uyğun hərəkət elədi. Dedi, qaqaş, saymıram. Özünüzü öldürsəniz də saymayacam!!! Hamı qaldı mat-məəttəl! Kimi şikayət edəsən, kimə dərdini deyəsən axı? Adam hələ oyundan sonra utanmaz-utanmaz PFL-in başqanı Ramin Musayevə “Müəlllim, qol olmadığına əminəm” deyib. Vallah, mən də əminəm. Gözünün qarşısında doğru olanın əksini görən Diniyevin hakim olmadığına əminəm. Özü də adım kimi…
Nə yalan deyim? Vallah, çox darıxmışdıq. Başlamağına da sevinmişdik. Komandaların sayının 8 olmasına üzülsək də, “Daha maraqlı çempionat keçəcək” deyib özümüzə təsəlli vermişdik. Amma ilk turdaca aləmin bir-birinə dəyməsi, hakimlərin özbaşınalığı adamı ölkə futboldan da iyrəndirir. “Hakim də insandı, səhv edə bilər” demək isə ürək bulandırmaqdan başqa bir şey deyil. Bəli, hakimin insan olduğunu bilirik. Amma hər insanın da hakim olmadığına əminik!
Amma bu, çox getməyəcək, Xaqani Məmmədov, çox getməyəcək. Yadındadı Zaqatalada Elnur Əşrəfoğlu ilə “Simurq” – “Neftçi” oyunundan sonrakı əlbayaxa davanız? Sonra mənə demə ki, “Niyə Rövnəq Abdullayevə sual verib, mənim vəzifəmdən göndərilməyimi istəyirsən?”…
Emin SƏFƏROV
P.S. Bunların axırı necə olacaq, Bəxtiyar?




Fikirlərini bizimlə bölüş!